
"Rusiya-Ukrayna müharibəsi artıq dördüncü ilinin sonuna yaxınlaşır. Hər iki tərəfin kütləvi şəkildə itkilər verməsinə baxmayaraq geri çəkilmək fikirləri yoxdur. Məsələ dalana dirənib. Tərəflər nə irəli gedə bilirlər, nə də geri çəkilə bilirlər. Qarşılıqlı raket və dron zərbələri bir-birinin zəiflədilməsi məqsədi güdür".
Newscenter.az xəbər verir ki, bunları ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov səsləndirib. O deyib ki, Ukrayna Rusiyanın neft emalı zavodlarını, hərbi sənaye və infrastruktur obyektlərini vurursa, Moskva əksərən dinc yaşayış məhəllələrini, infrastruktur obyektlərini hədəf alır:
"Dinc insanlar zərər çəkir, həlak olur. Cəbhədə də hər ayda minlərlə əsgər qarşılıqlı olaraq həlak olur. Göründüyü kimi müharibə içindən çıxılmaz hal alıb. Trampın sülh addımları nəticə vermir".
Azər Qasımov bildirib ki, Tramp Ukraynaya Avropanın əli ilə yeni silahlar veməklə müharibəni qızışdıracaq addımlar atmaqdan çəkinir:
"Avropa isə Ukraynanın sona kimi mübarizə aparmasını istəyir. Təbii ki, Ukraynanı Avropanın ABŞ-dan alıb ona verdiyi silahlar ayaq üstə saxlayır. Tramp Ukraynaya birbaşa silah satmamaqla özünü Rusiya-Ukrayna müharibəsində neytral tərəf kimi göstərməyə çalışır. Putinlə yenidən danışıq masasına oturmaq üçün ikinci estafeti başladır. Göründüyü kimi Tramp dairəni ikinci dəfə getməyə başlayır. Hər şey yenidən başa qayıdır.
Ukraynaya təzyiqlər edilir ki, Donbasdan Zaporoje və Xersonun işğal edilmiş ərazilərini qaytarılması müqabilində əl çəksin. Hesab edirəm ki, Ukrayna üçün yenidən təhlükəli günlər başlayır. Zekenskiyə yenidən təzyiqlər ediləcəyi görünür. Avropanın isə Zekenskiyə dəstək vermək üçün ciddi şəkildə gücü yoxdur".
ƏHD rəsmisi onu da deyib ki, Trampın Ukraynaya "Tomoqaf" raketlərini verməyəcəyi əvvəlcədən bəlli idi:
"Hesab edirəm ki, Trampın Putinlə görüşməsi prosesləri uzatmaq üçün bir vasitədir. Tramp heç vaxt Putinə ciddi təzyiq etməyəcək. Ukraynaya yalnız müəyyən güzəştlərə getməklə müharibəni dayandırmaq sərf edə bilər ki, bu da indiki geosiyasi durumda məğlubiyyət hesab olunacaq. Avropa buna imkan verməyəcək. Trampın Ukraynaya ciddi təzyiqlər qarşılığında Rusiyanın şərtlərinə razı salması vəziyyəti daha da ağırlaşdıra bilər. Ukrayna küncə sıxışdırıldıqca Avropanın ona dəstəyi daha da arta bilər ki, bu da Avropanı ciddi şəkildə səfərbər edər. Bu isə Avropa-Rusiya müharibəsi anlamına gələr. Onda Tramp da məcburi şəkildə NATO tərkibində Avropaya dəstək verməyə məcbur olacaq. Ona görə də vəziyyət içindən çıxılmazdır".
Süleyman