
Azərbaycanın müasir tarixi xalqımızın qəhrəmanlıq, iradə və milli həmrəyliyinin parlaq səhifələri ilə zəngindir. Bu tarixdə elə anlar var ki, bütöv bir dövrün simvoluna çevrilir, millətin taleyində dönüş nöqtəsi olur. Belə möhtəşəm anlardan biri də Zəngilanın azadlığıdır. 2020-ci ilin oktyabrında xalqın illərlə həsrətini çəkdiyi torpaqlardan biri yenidən Vətənə qovuşdu. O gün yalnız bir şəhərin azadlığı deyil, həm də Azərbaycanın qürurunun, ədalətə olan inamının və müstəqillik əzminin qələbəsi idi.
Bu tarix Azərbaycan xalqının müasir qəhrəmanlıq salnaməsində qürur, şərəf və Zəfər günü kimi əbədi həkk olunub. 27 il düşmən tapdağı altında qalan Zəngilanın azadlığı ilə Vətən müharibəsində dönüş nöqtəsi yarandı, Araz çayına qədər uzanan sərhəd xətti bərpa olundu və Azərbaycanın ərazi bütövlüyü istiqamətində mühüm mərhələ başa çatdı.
1993-cü ildə işğala məruz qalan Zəngilan uzun illər boyu xarabalığa çevrilmişdi. Yaşayış məntəqələri yerlə-yeksan edilmiş, tarixi abidələr dağıdılmış, təbiətə qarşı vandallıq törədilmişdi. Lakin xalqımız ümidini heç vaxt itirmədi. Zəngilanın azadlığı hər bir azərbaycanlının qəlbində illərlə yanan bir istək, qayıdış arzusu idi.
Bu arzu 2020-ci ilin 20 oktyabrında reallığa çevrildi. Azərbaycan Ordusu, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında parlaq hərbi əməliyyatlarla Zəngilan şəhərini və onun ətraf kəndlərini işğaldan azad etdi.
Müharibədən dərhal sonra Zəngilanda genişmiqyaslı bərpa və yenidənqurma işləri başlandı. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva dəfələrlə Zəngilana səfər edərək aparılan quruculuq işlərinə şəxsən rəhbərlik etdilər.
Bu gün Zəngilan “ağıllı şəhər” və “yaşıl enerji” konsepsiyası əsasında yenidən qurulur. Burada həyata keçirilən Ağıllı Kənd layihəsi Ağalı kəndinin bərpası Azərbaycanın innovativ və ekoloji yönümlü inkişaf modelinin ilk nümunəsidir. Günəş və bioenerji mənbələri ilə təmin olunan evlər, ağıllı idarəetmə sistemi, müasir kommunikasiya infrastrukturu bütün bunlar postmüharibə dövrünün yeni Zəngilanını formalaşdırır.
Zəngilan həm də təbii sərvətləri və ekosistemi ilə seçilən bir diyardır. Oxçuçay vadisi, Bəsitçay dövlət qoruğu, qoz və fıstıq meşələri bölgəni “yaşıl Azərbaycan” konsepsiyasının simvollarından birinə çevirir. Bu gün burada ekoturizm, kənd təsərrüfatı və yaşıl sənaye layihələri ardıcıl şəkildə həyata keçirilir.
Bu torpaqlara qayıdan hər bir sakin azadlığın nəfəsini hiss edir. Zəngilan bu gün müasir texnologiyalarla təchiz olunmuş şəhər, ekoloji təmiz və innovativ məkan, həm də şəhidlərin qanı ilə müqəddəsləşmiş vətən torpağıdır.
Zəngilan artıq təkcə coğrafi bir məkan deyil azadlıq, dirçəliş və müasir dövlətçilik fəlsəfəsinin rəmzidir. Bu şəhərin azad edildiyi gün isə Azərbaycan xalqının yaddaşında Zəfər salnaməsinin qızıl səhifəsi kimi daim yaşayacaq.
Azər ALLAHVERƏNOV,
Milli Məclisin deputatı