
"Ölkədə çox az məmur, deputat, media nümayəndəsi, siyasi partiya sədri, siyasətçi, QHT rəhbəri Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevlə bu və ya digər şəkildə əlaqədə olmayıb, onun rəğbətini qazanmağa çalışmayıb. Boz Kardinal adı da ona elə-belə verilməyib".
Newscenter.az xəbər verir ki, bunları deyən siyasi şərhçi Əli Orucov qeyd edib ki, Ramiz Mehdiyev uzun illər dövlətin de-fakto ikinci şəxsi olub:
"Hər bir qərarın qəbul edilməsində onun mövqeyi və fikri həlledici olub, nəzərə alınıb. R.Mehdiyevin ötkəm vaxtlarında ona qarşı çıxan, sözünü deyənlər bu gün yenə abrlarına qısılıb, təvazökarlıq edir, özlərini gözə soxmurlar. Ancaq PA-nın sabiq rəhbərinin zamanında pencəyini tutmağı özünə şərəf bilən, onun əmr və göstərişlərinə müntəzir dayananlar özlərinə yaman əl qatıb, dəridən-qabıqdan çıxırlar. Daha çox çığır-bağır salmaqla düşünürlər ki, prezidentə sadiqliklərini nümayiş etdirə biləcəklər. Prezidentin də bu simasız, mövqesiz, yaltaq və qorxaqlara, onların cənfəşanlığına ehtiyacı olduğunu düşünürlər".
Əli Orucov deyib ki, dövlət başçısı həmin şəxsləri onların özlərindən yaxşı tanıdığı düşüncəsindədir:
"Ancaq ən yaxşı tanıtmaq özünü ifşa taktikasıdır. Daha yaxşı tanıdın ki, cəmiyyətin də sizə nifrəti və ikrahı daha da artsın".
Süleyman