Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şuşa Bəyannaməsi-Qardaşlığımızın rəmzi

Şuşa Bəyannaməsi-Qardaşlığımızın rəmzi


Milli Məclis fevralın 1-də “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsi ilə bağlı qanun layihəsi təsdiq etdi. Bununla da 2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı tarixi sənəd ali qanunvericlik orqanı tərəfindən hüquqi status almış oldu. Yaxın günlərdə Türkiyə Böyük Millət Məclisi də Şuşa Bəyannaməsinə dair qanun layihəsini təsdiqləyəcək. Beləliklə, iki qardaş ölkə olan Türkiyə və Azərbaycan münasibətlərinin rəsmi şəkildə müttəfiqlik səviyyəsinə qaldırılması qanunla tənzimlənəcəkdir. Beləliklə, parlament tərəfindən təsdiq edilmiş Şuşa Bəyannaməsi iki qardaş ölkənin müttəfiqliyik nümunəsinin məntiqi zirvəsinə yüksəlişi deməkdir. Bu sənədin təsdiqi ilə birgə həm də regionda yeni inkişaf mərhələsinin əsası qoyulur.

Şuşa Bəyannaməsi siyasi-diplomatik, milli-mənəvi, həm də hərbi-strateji əhəmiyyət kəsb edir. Bəyannamə iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırdı və bütün dünya bu reallığın şahidi oldu. Şuşa Bəyannaməsi keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır və böyük bir tarixə əsaslanır. Təsadüfi deyil ki, Şuşada Türkiyə lideri ilə Bəyannamə imzalayarkən Azərbaycanın dövlət başçısı Qars müqaviləsini xatırlatdı və bildirdi ki, yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir.

Şuşa Bəyannaməsinin digər bir siyasi rəmzi mənası 1921-ci ildə imzalanan Qars müqaviləsinin yeni hüquqi təsdiqidir. Qars müqaviləsinə əsasən, Naxçıvanın təhlükəsizliyinin qarantı Türkiyədir. Şuşa Bəyannaməsi isə daha geniş siaysi-hüquqi məzmun daşıyır. Bəyannaməyə əsasən, Türkiyə Qarabağ və Azərbaycanın digər bölgələrinin də təhlükəsizliyinin qarantına çevrilir. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bu baxımdan Azərbaycanın ərazi bütövlüyü və suvernliyinin təminatında Türkiyənin əsas zəmanətli ölkə olmasını təsdiqləyir. Çünki 100 il bundan əvvəl baş tutan proseslərə oxşar hallar, indi də təkrarlanmaqdadır. Sadəcə bir fərq ilə. Əgər o zaman hadisələrin nəticəsi Ermənistanın və onun havadarlarının xeyirinə başa çatmışdısa, bu gün Cənubi Qafqazda yaranmış yeni reallıq Azərbaycan dövlətinin və xalqının birbaşa qalibiyyəti deməkdir.
Beləliklə, Azərbaycan və Türkiyə Ordusunun bir kontingentdə birləşməsi və bir addımlaması üçün yeni hərbi Yol Xəritəsi müəyyən edilib. Hər iki ölkənin Silahlı Qüvvələrinin hərəkəti koordinasiya ediləcək. Hər iki ölkənin ordusunda baş verəcək dəyişiklik mütləq şəkildə digərinə də təsir edəcək. Bu Bəyannamə Azərbaycan üçün böyük bir şansdır.

Şuşa Bəyannaməsinin digər vacib bəndlərindən biri iqtisadi-nəqliyyat məsələləri ilə bağlıdır. Azərbaycan və Türkiyə arasında imzalanan Bəyannamədə xüsusilə tarixi türk torpağı Zəngəzur dəhlizinin adının hallanması tarixi gerçəkliyi və hədəfləri göstərən mühüm amildir. Bəyannamədə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılması, malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsi, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf etdirilməsinə yönəldilmiş səylərin əlaqələndirilmiş şəkildə davam etdirilməsi, intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişafı, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələləri yer alır. Sənəddə xüsusilə vurğulanır ki, Türkiyə ilə Azərbaycanı və Azərbaycanın qərbdəki bölgələriylə Naxçıvan Muxtar Respublikasını birləşdirən Zəngəzur dəhlizinin açılması və onun davamı olaraq Naxçıvan-Qars dəmir yolunun inşası iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə əhəmiyyətli dərəcədə kömək edəcək.

Onu da qeyd edək ki, Milli Məclis son 2 ildə qanunvericlik təşəbüskarlığını daha da artıraraq iki qardaş ölkə arasında siyasi, diplomatik, iqtisadi, hüquqi, elmi, mədəni, humanitara sahələrdə bir sıra qanun layihələrinin hazıralanaraq qəbul edilməsində xüsusi fəallıq nümaiyiş etdirməkdədir. 2020-ci il fevralın 25-də Azərbaycanın Milli Məclis tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi” də bu baxımdan çox mühüm əhəmiyyət kəsb edir. Sənədə əsasən, Azərbaycan və Türkiyə arasında Birgə Komitə təsis edilib və hər iki ölkə arasında iqtisadi əlaqələrin ən üst yüksək səviyyəyə çatdırılması, həmçinin əməkdaşlığın gücləndirilməsi üçün milli qanunvericiliyində tələb olunan bütün prosedurların həll edilməsi nəzərdə tutulur.

2021-ci ilin iyunun 16-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Milli Məclisdə çıxış etməsi də Azərbaycan Parlamentinə olan dərin etimadın nümunəsi hesab edilə bilər. Ümumiyyətlə, son illərdə Milli Məclisin qanunverici orqan kimi müxtəlif ölkələrlə Azərbaycan arasında ictimai-siyasi, iqtisadi və sosial əlaqələrin inkişafında fəal rolu yüksək qiymətləndirilməldiir.

Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor

2 fevral, 2022-ci il
Xəbəri paylaş