Bu gün Azərbaycanda gənclər günüdür. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. Bu tarixi gün gənclərə hər zaman diqqət və qayğı ilə yanaşan ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Milli Liderin 1997-ci il fevralın 2-də imzaladığı fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olunub.
Gənclər siyasəti Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin ana xəttlərindədir. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılıb. Dövlət başçısın rəhbərliyi ilə çoxsaylı proqramlar, o cümlədən, Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” icra edilib və ya icrası davam etdirilir.
Hazırda ölkəmizdə 10.180 milyon vətəndaşımızın 3.033 milyonu 15-35 yaşında, 2.12 milyonu isə 15-29 yaşında olan gənclərdir. Bu ölkəmizdə hər 3 nəfərdən birinin gənc olması deməkdir. Bütövlükdə, 15-19 yaşlarında olan gənclərin sayı 762.2 min, 20-24 yaşlarında 637.4 min, 25-29 yaşlarında 721.1 min və nəhayət, 30-34 yaşlarında isə 912.8 min nəfərdir.
Gənclər Azərbaycanın inkişafında indi daha fəal iştirak edirlər. Gənclər Gününüzü təbrik edirik, əziz gənclər!
Vüqar Bayramov, Milli Məclisin deputatı