Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan hələ də azərbaycanlıların öz tarixi yurdlarına reinteqrasiyası ilə bağlı adekvat cavab verməyib

Ermənistan hələ də azərbaycanlıların öz tarixi yurdlarına reinteqrasiyası ilə bağlı adekvat cavab verməyib


Qaçqınların öz evlərinə qayıtmaq hüququ Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və 1951-ci il Qaçqınların Statusu haqqında Konvensiya da daxil olmaqla, müxtəlif beynəlxalq konvensiyalarda təsbit olunub. Hüquqi tanınmasına baxmayaraq, dünyada milyonlarla qaçqın öz doğma yurdlarına qayıtmaq üçün hələ də ciddi maneələrlə və çətinliklərlə üzləşir. Beynəlxalq ictimaiyyət bu fundamental hüququn qorunmasının vacibliyini vurğulamalı və onun həyata keçirilməsini təmin etmək üçün praktiki həll yolları tapmalıdır.

2023-cü ilin sonuna BMT Qaçqınlar üzrə Ali Komissarlığının (BMTQAK) məlumatına görə, dünyada 117,3 milyon insan yaşadığı yerdən zorla çıxarılıb. Onlar təqiblər, münaqişələr, zorakılıq halları, insan hüquqlarının və ictimai asayişin ciddi şəkildə pozulması nəticəsində evlərindən məhrum olublar.

XX əsrdə minlərlə azərbaycanlı da Ermənistan ərazisindən dörd dəfə deportasiyaya məruz qalmışdır. İnsanların öz yurdlarından deportasiya edilməsi o demək deyil ki, onların geri qayıtmaq hüququ yoxdur. Beynəlxalq hüquq qaçqınların öz vətənlərinə qayıtmaq hüququnu təmin edir. Bu hüquq Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda və Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyasında təsbit olunmuşdur.

1948-ci ildə BMT Baş Assambleyası 194 saylı qətnamə qəbul edərək doğma yurdlarına qayıtmaq və qonşuları ilə sülh şəraitində yaşamaq istəyən qaçqınlara mümkün olan ən qısa müddətdə geri qayıtmaq icazəsinin verilməli olduğunu bəyan etmişdir. BMT-yə üzv dövlətlər tərəfindən qəbul edilən bu qətnamə qaçqınların geri qayıtmaq hüququnu vurğulayır.

Qaçqınların Statusuna dair BMT Konvensiyası qaçqınların hüquqlarını və qorunmasını müəyyən edən beynəlxalq müqavilədir. Bu Konvensiya qaçqınların hüquqi müdafiə, hərəkət azadlığı, təhsilə və iş imkanlarına çıxış kimi hüquqlara malik olduğunu müəyyən edir.

"2030 Dayanıqlı İnkişaf Məqsədləri"nin (DİM) gündəliyi iki əsas prinsipi özündə ehtiva edir: insan hüquqlarının təmin edilməsini və heç kimin diqqətdən kənarda qalmamasını. DİM məqsədlərinə effektiv nail olmaq üçün qaçqınların, məcburi köçkünlərin və vətəndaşlığı olmayan şəxslərin vəziyyətini yaxşılaşdırmaq və dayanıqlı həll yolları tətbiq etmək vacibdir.

Lakin Ermənistan rəhbərliyi indiyədək azərbaycanlıların öz tarixi yurdlarına reinteqrasiyası ilə bağlı adekvat cavab verməyib. Bu məsələdə dialoqun qurulması və kommunikasiyanın bərpası son dərəcə vacibdir. Qərbi Azərbaycan İcması olaraq biz bu tələbimizlə Ermənistanın ərazi bütövlüyünü və suverenliyini sual altına almırıq. Bizim məsələmiz insan hüquqları ilə bağlıdır. Ermənistan hökumətini icma ilə dialoqa başlamağa, qayıdış məsələsini müzakirə etməyə və bizim doğulduğumuz və yaşadığımız torpaqlara sülh, təhlükəsizlik və ləyaqətlə geri dönməyimizi təmin etməyə çağırırıq.

Pərvanə VƏLİYEVA, Milli Məclisin deputatı
Xəbəri paylaş