Newscenter.az.25.01.2019. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib.
Newscenter.az Dövlət Komitəsinə istinadən xəbər verir ki, Prezident İlham Əliyevin məcburi köçkünlərlə bağlı siyasətinin uğurlu nəticəsi kimi indiyədək 102 yeni qəsəbənin salındığını, bu kateqoriyadan olan üç yüz minədək vətəndaşın mənzil şəraitinin əsaslı şəkildə yaxşılaşdırıldığını qeyd edən Dövlət Komitəsinin sədri Rövşən Rzayev 2019-cu ildə də həmin məsələlərin həlli üçün büdcədən böyük vəsait ayrıldığını diqqətə çatdırıb, ayrılan vəsaitdən səmərəli istifadə edilməsinin zəruriliyini qeyd edib. Bildirilib ki, dövlətimizin başçısı məcburi köçkünlərlə iş sahəsində vəziyyəti daim nəzarətdə saxlayır və bu işdə hər hansı yanlış və neqativ yanaşmanın təkrarlanmasına yol verilməyəcək.
İclasda Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artrılması üzrə Dövlət Proqramında və Dövlət Proqramına Əlavələrdə nəzərdə tutulan tədbirlərin icrası sahəsində 2018-ci ildə görülmüş işlər, yeni salınmış qəsəbələrdə məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi, büdcə vəsaiti və investisiya xərcləri hesabına aparılan təmir-tikinti işləri, insan resurslarının idarə edilməsi və digər məsələlər müzakirə olunub, Dövlət Komitəsi kollegiyasının 2019-cu il üçün iş planı təsdiqlənib.