Newscenter.az.30.01.2019. Gənclik - bir millətin yaşaması və inkişafı üçün dövlətin əsas bazasıdır. Sağlam gəncliyin olması hər bir dövlət üçün vacib şərtdir. Çünki istənilən ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Məhz bu səbəbdəndir ki, ölkəmizdə gənclər istiqamətdə görülən işlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır.
Ümummilli lider Heydər Əliyev gənclərlə bağlı siyasətini müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. Hələ ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin diqqət və qayğısı sayəsində minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilmişdir. Gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilmiş, Azərbaycan gənclərinin təşkilatlanması əsas məqsədlərdən biri kimi qarşıya qoyulmuşdur.
Ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə 1994-cü ildə yaradılmış Gənclər və İdman Nazirliyi qısa bir vaxt ərzində dövlət gənclər siyasətinin istiqamətlərini müəyyənləşdirərək uğurla həyata keçirməyə başlamışdır.O vaxtdan bugünə kimi dövlət gənclər siyasətinin işlənib hazırlanması və həyata keçirilməsi sayəsində əməli işlər görülmüşdür.
Ümummilli liderin 1995-ci ildə irəli sürdüyü Gənclər Forumu ilə bağlı təşəbbüsündən sonra, 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilmişdir.Forumlar müstəqil Azərbaycan Respublikasının gəncləri qarşısında duran mühüm vəzifələrin həyata kecirilməsində ölkə gənclərinin hər bir sahədə fəal iştirak etməyə hazır olduğunu nümayiş etdirdi və gənclərlə işin nəzərəçarpacaq dərəcədə canlanmasına səbəb oldu. Forumlarda ulu öndər Heydər Əliyevin proqram xarakterli nitqlərində gənclərin qarşısında duran vəzifələr müəyyənləşdirilmiş, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində tədbirlərin görülməsi ilə əlaqədar təşkilatların qarşısında mühüm vəzifə kimi qoyulmuşdur.
1996-cı ilin fevral ayının 2-də keçirilən Gənclərin I Forumu Azərbaycanda gənclər hərəkatının geniş vüsət almasına təkan verdi.Belə ki, Ulu öndər gənclərlə aparılan işin nəzərəçarpacaq dərəcədə canlandığını görərək, 1997-ci ildə imzaladığı müvafiq sərəncama əsasən, MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Gənclər gününün Azərbaycanda qeyd olunması tarixə yazıldı. Bu günün təsis edilməsi Azərbaycan gənclərinin hərtərəfli inkişafı üçün geniş imkanlar açdı.
Ulu öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər isə respublikanın ictimai-siyasi həyatında gənclərin daha da fəal iştirakı üçünşərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir. Bütün bunlar Heydər Əliyevin gənclərə böyük qayğısının sübutu idi.
Ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə formalaşdırdığı gənclərsiyasəti bu gün yeni mərhələyə qədəm qoymuşdur. Prezident İlham Əliyev cənabları biz gənclər üçün daha çox imkanlar yaradaraq, özümüzü inkişaf etdirmək istiqamətində xeyli işlər görmüş, gənclərin öz beyinlərinin nəticəsi olan müxtəlif istiqamətli layihələrin məhz dövlət tərəfindən maliyyələşdirilməsi prosesini təmin etmiş, eyni zamanda, nəinki ölkə daxilində, həmçinin beynəlxalq sferadaolan tədbirlərdə də Azərbaycan gənclərinin iştirak etmələri üçün geniş yollar açmışdır.Ölkə rəhbəri tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin düzgünlüyünü bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir.
Prezident İlham Əliyevin 2007-ci ilin “Gənclər ili” elan edilməsi ilə bağlı sərəncamı biz gənclərin ölkə həyatındakı fəallığını daha da artırmışdır. Azərbaycanda müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülmüş, uşaq və gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması, fəaliyyətlərinin təşkili üçün sağlam mühit yaradılmış və hüquqi baza təkmilləşdirilmişdir.
Möhtərəm Cənab Prezidentimiz gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə 2017-ci ildə“Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi haqqında sərəncam imzaladı.Bu sərəncamda dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılması, gənclərin mənəvi inkişafı, onların vətənpərvərlik ruhunda tərbiyəsi, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil alması, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlliyolları öz əksini tapmışdır.
Bu gün biz gənclər öz ideyalarımızı, layihələrimizi reallaşdırmaqda heç bir çətinlik çəkmirik. Belə ki, müxtəlif istiqamətlərdən ibarət olan qeyri hökümət təşkilatlarına, Gənclər Fonduna verilən layihələrimiz qısa zaman ərzində dəyər qazanaraq, maliyyələşdirilir və həmin layihə nəinki paytaxt Bakıda, həmçinin ucqar dağ rayonlarında da reallaşır. Bir zamanlar xəyal etdiyimiz ideyalarımız məhz dövlətimizin gənclər siyasətinin nəticəsi olaraq,reallığa çevrilir və bu maarifləndirici layihələrdən də digər gənclərimiz yararlanırlar. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün də dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. Bütün bunlar deməyə əsas verir ki, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti gələcək nəslin intellektual səviyyəsinin artmasına da olduqca müsbət təsir göstərir.
Biz gənclər də dövlət qayğısını daim öz üzərimizdə hiss edərək, nailiyyətlərimiz ilə bizə göstərilən qayğını doğrultmağa çalışırıq. Çünki Prezident İlham Əliyev bizlərə olan münasibətini belə ifadə etmişdir: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”.Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan biz gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün gücümüzü toplamalı, Vətənin inkişafı üçün səylə çalışmalı, öz siyasətimizdə bizlərə arxalanan ölkə Prezidentimizin etimadını həmişə doğrultmalıyıq.
Var olsun, Azərbaycan gəncliyi!
Yaşasın, müstəqil Azərbaycan!
Murad Cənnətov