Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət başçısının müsahibəsi özündə mühüm mesajları ehtiva edirdi

Dövlət başçısının müsahibəsi özündə mühüm mesajları ehtiva edirdi



"Cənab Prezidentin hər çıxışının, müsahibəsinin həm ölkəmiz, həm region, həm də dünyada baş verən hadisələrlə bağlı ölkə və beynəlxalq ictimaiyyətin daha dolğun şəkildə məlumatlandırılmasında əhəmiyyətli rol oynadığı şübhəsizdir. Ölkə başçısının Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində səsləndirdiyi fikirlər də bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Belə ki, Prezident müsahibəsində yenə də olduqca maraqlı fikirlər səsləndirdi və vacib nüanslara toxundu. Müsahibə kifayət qədər geniş, əhatəli və Azərbaycanın dövlət mövqeyini ifadə edən bir çıxış olmaqla yanaşı özündə mühüm mesajları da ehtiva edirdi".

Newscenter.az xəbər verir ki, bunları politoloq Yusif Bağırzadə səsləndirib. O deyib ki, müsahibədə Vaşinqtonda imzalanan tarixi razılaşmanın və üçtərəfli bəyanatın təəssüratlarından bəhs edən ölkə başçısı bunun qarşıdurmanın və gərginliyin sonu demək olduğunu bildirdi:

"Ermənistan konstitusiyasında hələ də Azərbaycanın ərazi bütövlüyünə qarşı iddaların mövcud olduğunu deyən ölkə başçısı bunun hazırki məqamda iki ölkə arasında sülh sazişinin imzalanmamasının əsas səbəbi olduğunu bildirdi. Açıq şəkildə bir daha bəyan olundu ki, bu müddəa aradan qaldırılmadan rəsmi sülh sənədinin imzalanması mümkün deyil, çünki bu, Ermənistan tərəfindən hələ də ərazi iddialarının konstitusion səviyyədə qorunması deməkdir. Həqiqətən də Ermənistan tərəfindən konstitusiyaya müvafiq dəyişiklik edilmədən və bu müddəa aradan qaldırılmadan Cənubi Qafqazda uzunmüddətli sabitliyin təminatı mümkün deyil".

Politoloq qeyd edib ki, müsahibədə digər vacib məqam Azərbaycan-Rusiya münasibətləri ilə bağlı oldu:

"Azərbaycanın mülki təyyarəsinin Rusiya tərəfindən vurulmasına toxunan ölkə başçısı bu hadisəni açıq şəkildə tənqid edərək bunun sadəcə texniki nasazlıq və ya təsadüfi insident deyil, mövcud təhlükəsizlik protokollarının kobud şəkildə pozulması nəticəsində baş verdiyini bildirdi. Bu hadisənin Rusiya tərəfinin məsuliyyətsiz davranışı və mülki hava nəqliyyatına laqeyd münasibətinin göstəricisi olduğunu deyən ölkə başçısı eyni şəkildə Yekaterinburqda baş verənləri, soydaşlarımıza qarşı olan hücumları da sərt şəkildə tənqid etdi. Prezidentin bu istiqamətdə bəyanatları bir daha göstərdi ki, Azərbaycan belə davranışları qəbul etmir və gələcəkdə bu kimi hadisələrin təkrarlanmaması üçün məsuliyyət və şəffaflıq tələb edir.

Prezident müsahibədə Ukraynanın ərazi bütövlüyünə olan dəstəyini də növbəti dəfə nümayiş etdirərək uzun illər ərzində separatizmdən və işğaldan əziyyət çəkən ölkə olaraq Ukraynanın düşdüyü vəziyyəti yaxşı təsəvvür etdiyimizi və bu baxımdan da beynəlxalq hüquqa və dövlətlərin ərazi bütövlüyünə prinsipial mövqeyimizin dəyişilməz olduğunu bildirdi".

Yusif Bağırzadə onu da deyib ki, eyni şəkildə Azərbaycan-İran münasibətlərinə də toxunan ölkə başçısı bizim üçün İran xalq tərəfindən seçilmiş hakimiyyətin mövqeyinin əsas olduğu və digərlərinin mövqeyinin heç bir əhəmiyyət kəsb etmədiyini bildirdi:

"Sözsüz ki, Prezidentin bu mesajı Prezident Pezeşkianın və XİN-nin mövqeyindən fərqli olaraq Zəngəzur dəhlizinin əleyhinə bəyanatlarından əl çəkməyən dini hakimiyyət təmsilçilərinə ünvanlanmışdı.

Müsahibədə həmçinin Türk Dövlətləri Təşkilatı və Azərbaycanın bu təşkilatda fəaliyyətinə də geniş yer verildi. Prezident İlham Əliyev türk dünyasının birliyinin Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayaraq TDT-nin beynəlxalq nüfuzunun artırılması istiqamətində Azərbaycan və Türkiyənin göstərdikləri səyləri xüsusi olaraq qeyd etdi.

Ümumi olaraq qeyd edim ki, cənab Prezidentin müsahibəsi və müsahibədə səsləndirdiyi fikirlər Azərbaycan həqiqətlərinin və dünyada baş verən prosseslərə ölkəmizin mövqeyinin beynəlxaq ictimaiyyətə çatdırılması baxımından olduqca əhəmiyyətli oldu".

Süleyman
Xəbəri paylaş