Newscenter.az.2.09.2019. Daxili İşlər Nazirliyi (DİN) Gədəbəy rayonunda baş verən insedentlə bağlı məlumat yayıb.
DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, avqustun 31-də Gədəbəy rayonunun Arısu kəndi ərazisində Şəmkir rayon sakini Ə.Həsənov münaqişə zəminində tüfəngdən açdığı atəşlə kənd sakini olan qohumu R.Vəliyevaya qolundan, onun oğlu A.Əliyevə isə ayaq nahiyəsindən xəsarət yetirib.
Ə.Həsənov sonradan R.Vəliyevaya məxsus 2 mərtəbəli evə neft tökərək yandırıb. Nəticədə oradakı əşyalar, habelə 20 kvm. sahədə dam örtüyü yanıb.
Yanğın söndürülüb, R.Vəliyeva və A.Əliyev xəstəxanaya yerləşdirilib.
Gədəbəy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində adam öldürməyə cəhddə şübhəli bilinən Ə.Həsənov saxlanılıb.
Cinayət əməlini törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi ondan götürülüb.
Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.