Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Astarada insan alveri ilə bağlı təlim keçirilib



Newscenter.az.15.11.2019. “Hüquqi Yardım” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Uşaqları insan alverinin acı nəticələrindən qoruyaq!” layihəsi çərçivəsində Astara şəhərinin mərkəzində yerləşən “Şindan” hotelində bir günlük təlim təşkil edib. Newscenter.az xəbər verir ki, təlimdə Astara rayonunda yerləşən orta, orta-texniki məktəblərinin şagirdləri, gənclər təşkilatlarının nümayəndələri iştirak etmişlər.

Təlimdə iştirak edən 25 nəfər gənc üçün insan alveri və onun uşaq və yeniyetmələrin həyatında buraxdığı acı nəticələr, insan alverinin fəsadları, onun həyata keçirilməsinin forma və metodları ilə bağlı bir günlük təlim keçirmişdir. Təlimdə ictimai birliyin təlimçisi Qafar Cəfərov və ”Hüquqi Yardım” ictimai birliyinin hüquqşünası İlqar Qasımov insan alveri, bu bəlanı doğuran səbəblər, insan alverinin nəticələri, insan alveri ilə aparılan mübarizə, bu mübarizənin qanuni əsasları, məcburi əmək və onunla əlaqədar aparılan hüquqi tədbirlər və s. barədə təlim keçmişlər. Tədbirdə insan alveri anlayışı, insan alveri qurbanları və potensial qurbanlarla işləmə prinsipləri, qurbanların sosial və hüquqi müdafiəsi, Azərbaycan regionları üçün spesfik olan insan alveri formaları, insan alverinə qarşı mübarizə tədbirləri, onun profilaktikası, insan alveri qurbanlarının müdafiə edilməsi və onlara köməklik göstərilməsinin hüquqi və təşkilati əsasları barədə məlumat verilib. İnsan alveri qurbanlarının reabilitasiyası və reinteqrasiyası, onların müdafiəsi ilə bağlı nəzərdə tutulan çoxşaxəli tədbirlər, insan alveri qurbanları üçün sosial reabilitasiya mərkəzləri, vətəndaşların insan alveri qurbanına çevrilməməsi üçün nələri bilmələri haqda danışılıb.
Təlimdə “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunu, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı” ətraflı təhlil edilmiş, Astara rayonu ərazisində fəaliyyət göstərən ictimaiyyət üzvləri üçün insan alveri ilə mübarizə barədə dolğun bilgilər verilib.

Təlim interaktiv şəraitdə davam etmiş və təlimin sonunda iştirakçıların çoxsaylı sualları təlimçilər tərəfindən ətraflı cavablandırılıb.
Təlimdən sonra Astara sərhəd kömrük-keçid məntəqəsində insanlara “Uşaqları insan alverinin acı nəticələrindən qoruyaq!” adlı bukletlər paylanılıb.
Xəbəri paylaş