Newscenter.az.10.12.2019. "Subsidiyaların ilin əvvəlində verilməsi aqrar sektorun inkişafını stimullaşdıracaq. İndiyədək kağız sənəd dövriyyəsi ilə əlaqədar subsidiyaların verilməsi sentyabr-oktyabr aylarına təsadüf edirdi. Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqindən sonra yeni maliyyə ili başlayan kimi əkin subsidiyasının vəsaitləri payızlıq əkinləri bəyan etmiş fermerlərin "Fermer kartı"na köçürüləcək. Bununla da təsərrüfat ili öncəsi fermerin vəsaiti olacaq ki, aqrotexniki tədbirləri həyata keçirsin".
Newscenter.az xəbər verir ki, bu fikirləri Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Tovuz və Şəmkir rayonlarında Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi və payızlıq əkinlərin bəyan edilməsi prosesinə həsr olunmuş görüşlərdə deyib.
Nazir müavini bildirib ki, aparılan məqsədyönlü tədbirlər nəticəsində payızlıq əkinlərin bəyan edilməsi prosesi sürətlənib: "Fermerlərin EKTİS sisteminə sürətli adaptasiya olunması bizləri sevindirir. Mən fermerlərimizi daha aktiv olmağa, payızda hansı məhsulu əkdiklərini bəyan etməyə çağırıram".
Kənd Təsərrüfatı Nazirliyinin Elektron hökumətin tətbiq edilməsi şöbəsinin müdiri Asif İsmayılov bildirib ki, fermırlırin EKTİS-də qeydiyyatı və payızlıq əkinlərin bəyan edilməsi ilə bağlı Dövlət Aqrar İnkişaf Mərkəzlərində (DAİM) və "ASAN xidmət" mərkəzlərində xidmət pəncərələri yaradılıb: "Eyni zamanda, DAİM-lərin nəzdində fermerlərə səyyar xidmət göstərmək üçün mobil qruplar yaratmışıq. Səyyar qruplarımız bütün rayonlarda kəndlərə gedərək fermerlərə informasiya-məsləhət xidməti göstərirlər. Əgər qeydiyyat və bəyanla bağlı hər hansı sual yaranarsa, fermerlərimiz Kənd Təsərrüfatı Nazirliyinin 1652 nömrəli Çağrı Mərkəzinə müraciət edə bilərlər. Operatorlarımız onların suallarını dolğun şəkildə cavablandıracaqlar".
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi Aparatının üzvləri EKTİS-in tətbiqi ilə əlaqədar bölgələrdə yerli icra nümayəndələri, bələdiyyə sədrləri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşları ilə görüşlər keçirir, fermerlər üçün maarifləndirmə sessiyaları təşkil edirlər. Noyabrın 29-dan başlayaraq 25 rayonda belə görüşlər keçirilib. Bu gün isə Samux, Göygöl, Daşkəsən, Goranboy, Naftalan, Tərtər və Ağdam rayonlarında analoji görüşlərin keçirilməsi nəzərdə tutulur.
Orxan