Newscenter.az.18.12.2019. Daha bir qrup paytaxt məktəblisi beynəlxalq yarışlardan parlaq nailiyyətlərlə qayıdıb.
Newscenter.az-a bildirilib ki, paytaxtdakı 81 nömrəli tam orta məktəbin şagirdi Günel Nəsirova karatenin şotakan növü üzrə dünya kubokunda 14-15 yaşlı yeniyetmələr arasında birinci yerə layiq görülərək, diplom və medalla təltif edilib.
Yaponiyada keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Yaş Qrupları Yarışlarında 11-12 yaşlı gimnastlar arasında ölkəmizi təmsil edən 46 nömrəli tam orta məktəbin V sinif şagirdi Aleksey Karataşov tamblinq üzrə qızıl medal qazanıb. Təsnifat mərhələsinin ilk pilləsindən finala vəsiqə qazanan A.Karataşov bu mərhələdə də birinciliyi əldən buraxmayıb və qalibin şərəfinə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Daha bir qələbə xəbəri 8 nömrəli tam orta məktəbdən gəlib. Məktəbin IV sinif şagirdi Emiliya Məmmədli Bakıda keçirilən beynəlxalq yarışda sinxron üzgüçülük üzrə gümüş medala layiq görülüb.
Paytaxtdakı 180 nömrəli tam orta məktəbin dörd şagirdi Sadiq Mahmudov, Alı Yaqubalızadə, Nihad Şəmiyev və Alişan Əliyev idmanın karate növü üzrə 28 ölkənin iştirak etdiyi yarışda 35-40 kiloqram çəki dərəcələrində II və III yerləri tutaraq Avropa oyunlarına vəsiqə qazanıblar.