Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müəllimlərin işə qəbulu və sertifikasiya prosesinə necə hazırlaşmalı?



Newscenter.az.21.07.2020. Müasir dövrdə həyatımızın hər bir sahəsi davamlı dəyişikliklərlə müşahidə olunur. Bu dəyişikliklərə uyğunlaşmaq üçün insanın öz düşüncəsini, təfəkkürünü düzgün istiqamətdə dəyişməsi, metakoqnitiv düşüncəyə sahib olması əsas şərtdir. Tarixən bütün cəmiyyətlərin mədəni, sosial, elmi inkişafının əsası, hətta ölkələrin iqtisadi göstəricilərinin səviyyəsi məhz təhsilin inkişafı ilə sıx əlaqədə olmuşdur. Təhsilin inkişafı isə bilavasitə müəllimlərin peşəkarlığından asılıdır. Başqa sözlə ifadə etsək, ölkənin həm mədəni, həm iqtisadi, həm də elmi inkişafında müəllimlərin rolu danılmazdır. Bu səbəbdən müəllimlərin davamlı şəkildə inkişafı, peşəkarlıqlarının artırılması bir zərurətə çevrilmişdir. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının ikinci istiqaməti məhz yüksək nüfuzlu təhsilverənlərin formalaşdırılması ilə bağlıdır. Təhsil Nazirliyi də öz növbəsində müəllimlərin inkişafı üçün davamlı şəkildə tədbirlər görməkdədir. Bu istiqamətdə ən vacib məqamlardan biri müəllimlərin işə qəbulu və sertifikasiyasıdır. Məktəbdə müəllim işləmək istəyən şəxslər arasından daha səriştəli, daha hazırlıqlı müəllimləri seçmək üçün hər il müəllimlərin işə qəbulu imtahanı keçirilir. Təxminən 50 min insanı əhatə edən bu proses yüksək həssaslıqla təşkil edilməklə yanaşı hər il bu prosesin daha da mütəşəkkil keçməsi üçün Nazirlik müvafiq tədbirlər görür.

28.02.2020 tarixində Təhsil Nazirliyi rəsmi şəkildə müəllimlərin işə qəbulu müsabiqəsi və sertifikasiya üçün bütün fənlər, eləcə də Metodika üzrə Qiymətləndirmə çərçivəsi adlı sənədi ictimaiyyətə təqdim etmişdir (link aşağıda). Sənəddə müəllimlərin qiymətləndirməsi zamanı istinad ediləcək kompetensiyaların məzmunu, onun tərkibi, sualların çətinlik dərəcəsi və sual sayı kimi vacib məqamlar öz əksini tapmışdır. Bu sənədin əhəmiyyəti ondadır ki, minlərlə insanın imtahan prosesinə necə hazırlaşmalı olduğuna aydınlıq gətirir. Burdan bu qənaətə gəlmək olur ki, müəllimlərin işə qəbulu və sertifikasiya prosesinə hazırlaşan müəllimlər heç bir müəllimi, kursu, hazırlıq mərkəzini, hansısa kitabı deyil, aşağıda linki verilmiş sənədi əsas götürməlidir.

Eyni zamanda Virtual məktəb layihəsi çərçivəsində müəllimlər üçün həm metodika, həm də digər fənlər üzrə ödənişsiz olaraq dərslər keçirilir. Bu dərslər müəllimlərin sertifikasiya imtahanına daha da hazırlıqlı olması üçün təşkil olunmuşdur. TAİM Əlavə təhsil müəssisəsi olaraq hər zaman təhsilimizin inkişafına dəstək vermək üçün ictimai əsaslarla bu işdə öz töhfəmizi veririk. Hər həftənin çərşənbə axşamı və cümə günləri saat 15:00-da Azərbaycan bölməsi üçün, 17:00-da rus bölməsi üçün Kurikulumdan ödənişsiz dərslər keçirilir və hər kəs bu dərslərdən yararlana bilər. Eyni zamanda həftənin müxtəlif günlərində digər fənlər üzrə də dərslər keçirilir. Müəllimlərin işə qəbulu və sertifikasiya prosesində iştirak edəcək hər bir şəxsə uğurlar arzu edirəm!

İlkin Həsənov.

Hər bir fənn üzrə Qiymətləndirmə çərçivəsi sənədi ilə aşağıdakı linkə daxil olmaqla tanış ola bilərsiniz:
https://edu.gov.az/az/page/9/18042
Xəbəri paylaş