Newscenter.az.12.11.2020. Səhiyyə Nazirliyinin baş infeksionist Təyyar Eyvazov əhaliyə müraciət edib.
Müraciətdə deyilir:
"Hazırda kəskin respirator virus infeksiyaların mövsümü artımı dövründəyik. Yeni koronavirus və digər respirator virus infeksiyalarının klinik əlamətləri o qədər oxşardır ki, bunları ayırd etmək çox çətindir və bəzən isə xüsusi laborator müayinələrsiz mümkün deyil. Buna görə bir daha vətəndaşlarımıza tövsiyə olunur ki, özlərində hərarət, ümumi zəiflik, kataral əlamətlər hiss etdikdə evdə qalmalı, özünü təcrid edərək telefonla sahə həkiminə müraciət etsinlər. Yalnız müvafiq həkim-mütəxəssis sizi müayinə edərək düzgün qərar verə bilər. Yeni koronavirus infeksiyası təsdiqlənmiş və ya güman edilən hallarda özünümüalicə ilə məşğul olmaq çox təhlükəlidir.
Təcrübə göstərir ki, xəstəxanalara ağır vəziyyətdə daxil olan xəstələrin böyük əksəriyyəti evdə qeyri həkim-mütəxəssislər, tibb bacıları, hətta bəzi hallarda ümumiyyətlə tibb təhsili olmayan şəxslər tərəfindən müalicə olunurlar. Həmin xəstələrin ağırlığının düzgün qiymətləndirilməməsi, müalicənin qüsurlu olması, vaxtında xəstəxanaya yerləşdirilməməsi ağır, bəzi hallarda ölümcül fəsadların inkişafına yol açır.
Onu da xüsusilə vurğulamaq lazımdır ki, evdə müalicəsinə icazə verilən yüngül xəstələrə müxtəlif antibiotik və hormonal dərmanların istifadəsi yolverilməzdir. Antibiotik preparatların virusa heç bir təsiri yoxdur, əksinə bədəndə olan faydalı mikroorqanizmləri məhv etməklə və immun sistemi zəiflətməklə zərər vurur, eyni zamanda hormonal preparatlar bu halda xəstəliyin əlamətlərini təhrif edərək xəstədə aldadıcı yaxşılaşma təəsüratı yaradır və ağırlaşmalar baş verərsə çox geç aşkarlanır və gecikmiş hospitalizasiyanın nəticəsi bir çox hallarda faciəvi olur. Bir daha təkidlə tövsiyə edirik ki, həyatınızı riskə atmayın, özünüzü narahat hiss etdikdə gecikmədən yaşayış yeri üzrə poliklinikaya müraciət edin, sağlamlığınızı yalnız müvafiq ixtisaslı peşəkar həkimlərə etibar edin".