Newscenter.az.12.11.2020. Bitki mühafizəsinin əsas problemlərindən biri də müxtəlif vasitələrlə fərqli zoocoğrafi ərazilərdən təsadüfən yeni əraziyə keçmiş invaziv zərərli orqanizmləri tədqiq etmək və ehtiyac olduğu təqdirdə lazımi mübarizə tədbirləri tətbiq etməkdən ibarətdir. Bu məqsədlə respublikamızın müxtəlif rayonlarına daxil olan fərqli ekosistemlərdə vaxtaşırı monitorinqlər aparılır və bitki sağlamlığı istiqamətində lazımi tədbirlər həyata keçirilir. Təəssüf ki, uzun illər erməni işğalına məruz qalan ərazilərimizdə bu cür tədbirlər planı həyata keçirmək mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikasında karantin zərərvericiləri, xəstəlik və alaq otlarının yayılması haqqında 02.01.1997-ci ilə aid hesabatda göstərilən məlumatlar işğaldan əvvəlki son illərə aiddir.
Newscenter.az xəbər verir ki, işğaldan öncə işğal altında olan ərazilərimizdə Kolorado kartof böcəyi, filloksera, komstok yastıcası, sitrus ağqanadlısı, sürünən kəkrə, qızılsarmaşıq kimi karantin tətbiq edilən zərərli orqanizmlər qeydə alınmışdır.
Ağdərə rayonunda 292 ha, Xocavənd rayonunda 114 ha, Xocalı rayonunda 293 ha, Şuşa rayonunda isə 39 ha sahədə Kolorado kartof böcəyinin yayıldığı müəyyən edilmişdir (ümumi 738 ha). Bundan başqa, Qubadlıda 8 ha, Zəngilanda 0,1 ha, Ağdamda 2 ha, Füzulidə 15,1 ha ərazidə Kolorado böcəyinə rast gəlinmişdir.
Filloksera zərərvericisi Ağdərə rayonunda 3000 ha, Xocalı rayonunda 600 ha, Xocavənd rayonunda 3750 ha ərazidə qeydə alınmışdır (ümumi 7350 ha). İşğal altında olan Ağdam rayonunda isə 2834 ha ərazini əhatə edən üzüm sahəsində zərərvericinin yayıldığı məlumdur.
Komstok yastıcasına Ağdərə rayonunda 45 ha, Xocavənd rayonunda 6 ha, Xocalıda 14 ha ərazidə rast gəlinmişdir (ümumi 65 ha). İşğala məruz qalmış digər rayonlarımızdan Ağdamda 32 ha, Zəngilanda 8 ha, Tərtərdə 5 ha, Füzulidə 6,9 ha sahədə komstok yastıcası aşkar edilmişdir.
Ərazidə həşəratlarla yanaşı, kənd təsərrüfatı sahələrinə ciddi ziyan vuran və karantin tətbiq edilən qızılsarmaşıq, sürünən kəkrə kimi alaq otları da qeydə alınmışdır.
Qızılsarmaşığa Ağdam rayonunda 601,5 ha, Zəngilan rayonunda 72 ha, Laçın rayonunda 121 ha, Füzuli rayonunda 1003 ha, Ağdərə rayonunda 1500 ha, Xocavənd rayonunda 2400 ha, Xocalıda 1400 ha, Şuşada isə 200 ha ərazidə rast gəlinmişdir.
Bundan başqa, Ağdam rayonunda 300 ha ərazidə sürünən kəkrə də yayılmışdır.
Lakin işğala məruz qalan ərazilərimizdəki fitosanitar vəziyyət haqqında sonralar heç bir məlumat toplamaq mümkün olmamışdır.
Qeyd olunan zərərli orqanizmlərin vaxtaşırı monitorinqinin və onlara qarşı fitosanitar tədbirlərin aparılmaması onların kütləvi artımına və areallarının işğal olunmayan digər Azərbaycan ərazilərinə doğru genişlənməsinə səbəb olmuşdur.
Digər tərəfdən həmin ərazilərdə həyata keçirilən hərbi əməliyyatlar zamanı tətbiq edilən dağıdıcı vasitələr, yaşıllıqların, meşə və kənd təsərrüfatı sahələrinin yandırılaraq və ya digər üsullarla məhv edilməsi, kənd təsərrüfatına yararlı ərazilərə çirkab sularının axıdılması, aqrosenozların yerində narkotik xassəli bitkilərin əkilməsi, müəyyən məqsədlər üçün meşələrin qırılaraq daşınması və s. həmin ərazilərin flora və fauna tərkibinin dəyişməsi fonunda zərərli orqanizmlərin də növ tərkibinin və populyasiya sıxlığının dəyişməsinə səbəb olmuşdur.
Ekoloji terror - konkret ölkə tərəfindən və ya şəxs tərəfindən digər ölkənin flora və faunasına zərər yetirməklə, təbii sərvətlərini məhv etməklə, bilərəkdən vurulan ziyandır.
Ermənistan tərəfindən həyata keçirilən ekoloji terrorlardan biri də işğala məruz qalmış Azərbaycan torpaqlarında məqsədyönlü şəkildə törədilmiş yanğınlar və deqradasiyadır.
E. Suleymanov və O.N. Arasın verdiyi məlumata görə, işğal edilən Yuxarı Qarabağ ərazisində 1,3 milyon ha əkin sahəsi, 7000 kənd təsərrüfatı müəssisəsi tərk edilmək məcburiyyətində qalmışdır. Bundan əlavə, regionda 649,000 ha əkinə yararlı yüksək məhsuldarlığa sahib ərazi, 199 min ha əkin sahəsi və 62 min ha uzunmüddətli əkin sahəsi istifadə edilirdi.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına əsasən, respublikamızın meşə fоndu sahəsi 1213,7 min hektar olmaqla ümumi ərazinin 14 %-ni təşkil edir. Təəssüflə qeyd olunmalıdır ki, Ermənistanın təcavüzü nəticəsində meşələrimizə külli miqdarda ziyan dəymişdir. Belə ki, Kəlbəcər, Laçın, Zəngilan, Xankəndi (Şuşa rayonu da daxil olmaqla), Xocavənd, Ağdərə meşə təsərrüfatlarının 261 min ha-dan artıq sahəsi qırılaraq məhv edilmişdir. Orada yetişən çox qiymətli palıd, fıstıq, vələs, ağcaqayın, ayı findığı, qoz, Şərq çinarı kəsilərək Ermənistan ərazisinə daşınmışdır. 25-26 %-i meşə olan işğal altındakı torpaqların məhv edilməsi, həm də regiondakı heyvan və bitki növlərinin zərər görməsi deməkdir. Aparılan hesablamalara görə, meşə sahələrinin təqribən 8-10 %-i məhv edilmişdir.
Məlumdur ki, 261 min ha meşə, o cümlədən 13197,5 ha qiymətli meşə sahələri, hündürlüyü 45 m, diametri 6-8 m-dək, yaşı 120 ildən 2000 ilədək olan pasportlaşdırılmış 145 Şərq çinarı və digər təbiət abidələri işğal olunmuş ərazilərdə qalmışdır. Böyük əhəmiyyətə malik olan bu təbiət abidələrinin əksəriyyəti həmin ərazilərdə məskunlaşmış ermənilər tərəfindən məhv edilmişdir.
Ermənistan ordusunun əsgərləri və orada məskunlaşan gəlmə əhali tərəfindən mütəmadi olaraq qəsdən törədilmiş yanğınlar nəticəsində 100 min hektar otlaq, biçənək və yaşıllıqlar, həmçinin meşə sahələri yanaraq məhv olmuş, torpağın üst münbit qatı yararsız hala düşmüşdür. Müxtəlif vaxtlarda ermənilər işğal etdikləri ərazilərin geniş hissəsində (Xocavənd, Ağdam, Qubadlı, Zəngilan) yanğınlar törətmişdir. Qeyd edək ki, yanğınlar zamanı ətraf mühitə təxminən 300 milyon manat məbləğində ziyan dəyib. Yanğın nəticəsində torpağın üst qatı və bitki örtüyü, ərazidə olan qiymətli ağac və kollar məhv olmuşdur. Orada olan fauna və floradan əsər-əlamət qalmamış, təbiətə xeyli ziyan vurulmuşdur. Belə yanğınlar ekoloji tarazlığın pozulmasına, heyvanat aləminin və bitki örtüyünün tələf edilməsinə, atmosferin çirklənməsinə səbəb olmuşdur.
Lakin törədilən yanğınların fəsadları bununla bitmir. Belə ki, təbii ekosistemlərin və aqrosenozların məhv edilməsi orada məskunlaşan zərərli orqanizmlərin qida bitkilərinin müxtəlifliyinin artmasına təkan verən amillərdəndir. Biçənəklərin və əkin sahələrinin yandırılması bir çox təhlükəli zərərvericilərin, xüsusən də ev siçanı, çöl siçanı, adi çöl siçanı, qırmızıquyruq qum siçanı, kiçik Asiya qum siçanı, boz siçan, boz siçovul və s. kimi siçanabənzər gəmiricilərin, Mərakeş çəyirtkəsi, Asiya çəyirtkəsi, İtaliya çəyirtkəsi kimi sürü halında köç edən zərərvericilərin kütləvi şəkildə sərhədboyu yaşayış ərazilərinə doğru yayılmasına və xüsusilə taxıl sahələrinin kütləvi məhvinə səbəb olmuşdur. Gəmiricilər kənd təsərrüfatına ziyan vurmaqla yanaşı, insanlara və kənd təsərrüfatı heyvanlarına da bir çox xəstəlikləri yoluxdurmuşdur.
Qeyd edək ki, son illər işğal altında olan ərazilərdən ölkə ərazisinə Mərakeş çəyirtkəsinin və siçanabənzər gəmiricilərin miqrasiyası fitosanitar vəziyyəti mürəkkəbləşdirən başlıca amillərdən olmuşdur. Rəşadətli ordumuz tərəfindən işğal altında olan ərazilərimizin azad edilməsi həmin sahələrdə fitosanitar sabitliyin təmin edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə şərait yaradıb.
Məqalə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Bitki sağlamlığı şöbəsinin mütəxəssisləri Camal Quliyev və Gülnar Qəhrəmanova tərəfindən hazırlanıb.