Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ucalıq rəmzi olan azad Şuşa

Ucalıq rəmzi olan azad Şuşa


Biz Şuşanın qara günü olan 8 mayı təqvimlərdən silən, qeyrət qalamızın yeni “doğum günü”nü noyabrın 8-də bayram edən xalqıq.
“Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir”.

Bu ifadəni ümumilli lider Heydər Əliyev Azərbaycanın dilbər guşələrindən biri sayılan Şuşa haqda danışarkən işlədib.

Hər il 8 may tarixini hüznlə qarşılayırdıq. Çünki həm coğrafi baxımdan, həm də mənəvi cəhətdən yüksəklikdə olan Şuşa şəhərini məhz 1992-ci ilin mayın 8-də itirmişdik.Birinci Qarabağ müharibəsi zamanı Şuşanı işğal edən Ermənistan ordusu bu strateji şəhəri ələ keçirdikdən sonra demək olar ki, savaşın taleyini həll etmiş oldu. Beləliklə, Qarabağın döyünən ürəyi olan Şuşa 28 il işğalçıların tapdağı altında qaldı. 1992-ci il mayın 7-dən 8-nə keçən gecə erməni qoşun birləşmələri şəhərə hücum edərək əvvəlcə Şuşanı, ardınca yaxınlıqdakı Kosalar və Şırlan kəndlərini ələ keçirmişdilər. İşğal nəticəsində Şuşa şəhəri və 30 kənd dağıdıldı. 195 nəfər dinc sakin həlak oldu, 165 nəfər yaralandı, 58 azərbaycanlı itkin düşdü, 24 mindən çox əhali etnik təmizləməyə məruz qaldı. Şuşaya dörd bir tərəfdən endirilmiş top, tank və digər ağır artilleriya zərbələri nəticəsində şəhərin tarixi, dini məkanları, mədəniyyət ocaqları, muzey və digər mühüm sosial obyektlər ciddi zərər gördü. Sonrakı illərdə tariximizi əks etdirən məkanların əksəriyyəti erməni vandalizminin qurbanına çevrilərək ya bilərəkdən, ya da baxımsızlıq nəticəsində yararsız vəziyyətə düşdü. Azərbaycanın mədəniyyət beşiyinin işğalı düz 28 il davam etdi. 28 ildən sonra 44 günlük müharibənin hər günü Azərbaycan Ordusunun irəliləməsi, torpaqlarımızı işğaldan azad etməsi ilə əlamətdar oldu. Hər gün kəndlərimiz işğaldan azad edildi, hər gün düşmən döyüş meydanında haqlı cəzasına çatdı. Ordumuz irəlilədikcə isə bütün Azərbaycan ictimaiyyətinin, dünyanın hər yerində yaşayan soydaşlarımızın, dostlarımızın diqqəti Şuşaya yönəlmişdi. Hər bir kəs Şuşanın azad ediləcəyini nəinki gözləyirdi, həm də bu xəbəri mütləq eşidəcəyinə inanırdı. Prezident İlham Əliyev oktyabr ayında Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində “Şuşasız bizim işimiz yarımçıq olar” demişdi.

Həmin günlərdə Azərbaycan əsgəri Şuşaya doğru irəliləyirdi. Sıx meşələrlə, dağlarla irəliləyən ordumuz bu yolda qəhrəmanlıq nümunələri göstərdi. Düşmənin heç vaxt ağlına belə gəlməzdi ki, Azərbaycan əsgəri dağlardan, dərələrdən, sıldırım qayalardan dırmaşıb keçərək Şuşaya çata bilər. Lakin ordumuz mümkünsüz görünən bu işləri reallığa çevirdi.Və bu yolun sonu Şuşanın azad edilməsi oldu, nəhayət, ötən ilin noyabrın 8-də Şuşa əsl sahiblərinə qovuşdu. 2020-ci ildə tarix yazan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan ordusu işğalçıları Şuşadan qovaraq bütünlükdə Qarabağı düşmən əsarətindən qurtardı.Prezidentin noyabrın 8-də Şuşanın azad olunduğu gün səsləndirdiyi fikirlər bu tarixi şəhərin onun üçün necə əhəmiyyəti olmasını göstərirdi. Ali Baş Komandan Şəhidlər xiyabanından xalqa müraciətində Şuşanın azad olunması müjdəsini verərək ulu öndərin vəsiyyətinin yerinə yetirməsini qürurla qeyd etdi: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!"

Azərbaycan Şuşanı əzəli, əbədi sahibinə qaytarmaqla tarixi ədaləti bərpa etdi. Ordumuzun Şuşa zəfəri 44 günlük Vətən Müharibəsinin dönüş nöqtəsi oldu. Şuşa azad ediləndən dərhal sonra Ermənistan ağ bayraq qaldıraraq təslim oldu, işğalçı ölkə kapitulyasiyaya imza atmaqla biabırçı məğlubiyyətini etiraf etdi. O tarixi andan artıq bir il yarımdan artıq zaman keçir. Bu gün fəxr və qürur hissə ilə deyirik ki, artıq Şuşanın işğalı günü yoxdur. Tarixi şəhərimiz 8 mayı azad şəkildə qarşılayır. Azərbaycan ordusu nəinki düşməni diz çökdürərək onların 29 il qeyd etdikləri işğal “bayram”larını - 8 may gününü tarixdən sildi, Müzəffər Ali Baş Komandan əsl sərkərdəlik, siyasi iradə nümayiş etdirərək bizi həsrətində olduğumuz yurd yerlərimizə, tarixi ərazilərimizə qovuşdurdu.

“Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan Şuşa təkcə qarabağlılar üçün yox, bütün azərbaycanlılar üçün qürur yeri, müqəddəs şəhər, hər mənada ucalıq rəmzi olub. Azərbaycanın hər qarışı bizim üçün əzizdir, amma Şuşanın qəlbimizdə yeri tamamilə başqadır. Şuşa Qarabağın əzəmətli zirvəsi, Azərbaycanın şah damarıdır desək yanılmarıq. 29 ildən sonra ikinci dəfədir ki, 8 may tarixini Şuşanın işğal edildiyi gün kimi yox, işğaldan azad olunan, tikilən, qurulan və Azərbaycanın mədəniyyət paytaxtı kimi qarşılayırıq. Bu il ermənilərin təqvimdə Şuşanın zəbt edildiyi gün kimi qeyd etdikləri 8 mayı hüznlə deyil, sevinclə yaşayırıq. İşğal gününün ötən il 21-ci əsrin müharibəsini aparan ordumuz tərəfindən tarixin zibilliklərinə atılması gələcək nəsilləri də qürurlandıracaq! Azərbaycan illərlə səbirli, əzmli şəkildə güclənərək iqtisadi-hərbi potensialını artırmaqla Şuşanın, ümumilikdə Qarabağın azad edilməsinə doğru irəlilədi. Nəhayət, bu tarix yaşandı, indi dünyanın aparıcı ölkələri Azərbaycan Ordusunun məhz Şuşada reallaşdırdığı hərbi əməliyyatları öz hərbi dərsliklərinə salırlar. İrəvanda hələ də kabus kimi xatırlanan, erməni əsgərlərin qorxulu yuxusuna çevrilmiş xüsusi təyinatlılarımızın başlatdığı Şuşa əməliyyatının səs-sorağı dünyanın dörd bir yanına yayılıb. Azərbaycan hərbçiləri bir gecədə Şuşa qalasını, sıldırımlı qayaları, aşılmaz dağları fəth etməklə ordumuzun hansı potensialda olduğunu, Vətən, torpaq anlayışının qəhrəman əsgərlərimiz, xalqımızı üçün nə qədər böyük məna kəsb etdiyini bir daha sübut etmiş oldu. Təsadüfi deyil ki, Şuşaya qədər işğaldan azad edilən ərazilərdən qaçan, itkilər verərək geri çəkilən erməni hərbçiləri haqqında yaradılan mif Şuşada birdəfəlik darmadağın edildi. Çünki 44 günlük müharibənin gedişində Azərbaycan ordusunun guya müasir texnikalar, PUA və digər üstünlüklər sayəsində uğurla irəlilədiyi fikirləri ortaya atılsa da, Şuşaya heç bir ağır texnikadan istifadə etmədən daxil olan hərbçilərimiz burada əlbəyaxa döyüşlərdə düşmənə yerini göstərməyi bacardı, işğalçılar qısa müddətdə darmadağın edildi. Şuşa Ali Baş Komandan Prezident İlham Əliyev üçün təkcə strateji əhəmiyyətli, döyüşlərin gedişində kulminasiya nöqtəsi sayılacaq vacib şəhər deyildi, həm də sevimli, hər qarışında, daşında tariximizi yaşadan, əsl sahibini səsləyən əzəmətli bir qala idi. Ali Baş Komandan bu qalanı fəth etməklə adını şanlı tarixə yazdırmağı bacardı.Təsadüfi deyil ki, Şuşanın işğaldan azad olunduğu tarix Prezidentin Sərəncamı ilə “Zəfər günü” elan edildi. Bu gün əziz Şuşamız azaddır. Orada şanlı bayrağımız qürurla dalğalanır.

" İndi biz onlara elə toy tutduq ki, bu dərsi əbədi yadda saxlayacaqlar.

İlham Əliyev Şuşaya şəhərin fatehi, İkinci Qarabağ müharibəsinin Müzəffər Ali Baş Komandanı kimi gəldi, Qarabağın qəlbində Azərbaycan bayrağını ucaltdı.

İşğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya gələn hər bir insan bunu görür. Hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözləyirdi, biz gəlməli idik və biz gəldik. Müzəffər xalq kimi gəldik".

İlham ƏLİYEV-Azərbaycan Respublikasının Prezidenti

Xalq olaraq fəxrlə əzəmətli şəhərimizi necə dəyişib cənnətə çevriləcəyini müzakirə edirik. İndi qarşımızda duran ən ali missiya Pənahəli xanın bizə əmanəti olan Şuşanı dirçəltmək, bu möhtəşəm şəhərin tarixi görkəmini özünə qaytarmaqdır. Müharibədən sonra Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş torpaqlarda bərpa və quruculuq işləri aparılır. Şuşanın yenidənqurma, bərpa işlərində öndə olması ürəkaçan mənzərə yaradır. İşğal dövründə şəhərin tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin aradan qaldırılması üçün aktiv işlər görülür.

Bu il Azərbaycan başdan-başa Şuşa havası ilə nəfəs alır. Türk dünyası Şuşanın xilasını qeyrət təntənəsi sayır. Prezident İlham Əliyev xalqa Yeni il təbrikində “Şuşa ili”nin könül şadlandıran müjdəsini verəndən beş gün sonra bu barədə sərəncam imzalayıb. Bu, o deməkdir ki, həyatımız ilboyu xarıbülbül ətrinə bələnəcək. İyirmi səkkiz il yarımlıq əsarətdən qurtardığımız 270 yaşlı Şuşanı daha da inkişaf etdirib gülüstana çevirəcəyik.

Ötən, 2021- 2022 ci il Şuşanın mənəvi və fiziki yaralarını sağaltdığımız il olub. Mayın 7-də Prezident İlham Əliyev “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” sərəncam imzalayıb. Mayın 12-13-də bu gözəl şəhər “Xa­rıbülbül” musiqi festivalına evsahib­liyi edib. İyunun 15-də prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsini imzalayıblar. Avqust ayında orada ənənəvi Vaqif Poeziya Günləri keçirilib. Sentyabr­da Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı bərpa olunub.

İşğaldan azad edilən torpaqlara il ərzində 32 dəfə səfər edən İlham Əliyev düz 7 dəfə yolunu Şuşadan saldı. Qala-şəhərimizdə böyük qu­ruculuq işlərinə xeyir-dua verdi. Hər səfərlə Şuşanın necə dirçəldiyinin, onun ruhunun, tarixi əzəmətinin özünə qayıtdığının şahidi olduq. “Zəfər” yolu salındı. Ali Baş Komandan İlham Əliyev Şuşaya qəhrəman əsgərlərimizin açdığı yolla getdi və onu Qələbə yolu adlandırdı: “Noyabrın 8-də qədim Şuşa şəhərimizi düşməndən azad edərək Azərbaycan parlaq qələbə qazandı. Şuşanın işğaldan azad edilməsi böyük qəhrəmanlıq, peşəkarlıq, milli ruh tələb edirdi. Azərbaycan hərbçiləri bütün bu ülvi xüsusiyyətləri nümayiş etdirmişdir. Mən Şuşaya Qələbə yolu ilə gəlmişəm. O yol indi açılıbdır, yol yox idi. Dağlardan, meşələrdən, dərələrdən keçərək, onlarla kilometr məsafəni qət edərək qəhrəman Azərbaycan hərbçiləri yol boyunca kəndləri, qəsəbələri düşməndən azad edib, Şuşa şəhərinə yaxınlaşıb, Daşaltı kəndini azad edib və ondan sonra Şuşanı işğalçılardan azad edib”.

Yaralı büstlər yerinə qaytarıldı, təzə heykəllər, məqbərələr ucaldıldı, ev-muzeyləri, məscidlər, malikanələr bərpa edildi. Qurumuş bulaqların gözü açıldı, yaşayış massivinin təməli qoyuldu.

8 Noyabr – Zəfər Günündə xalqı­mızı möhtəşəm Qələbəyə aparan 44 günün şərəfinə ölkə üzrə 44 min ağac əkilməsi aksiyası çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cıdır düzündə ağac əkdilər. Dekabrın 24-də dövlət başçısı, Müzəffər Ali Baş Komandan özünün 60 illik yubileyini məhz Zəfərimizin qürur zirvəsi olan Şuşada keçirtdi: “Şuşa hər birimizi özünə çəkir” – dedi.
Ordumuzun qəhrəmanlıq salnaməsi yazılan Şuşa milyonlarla azərbaycanlını birləşdirən dəyərdir. Qarabağın əzəmətli qalası bizim həm də müqəddəs ziyarət ocağımızdır. Onu göz bəbəyimiz kimi qorumaq, dirçəltmək hər birimizin vətəndaşlıq borcudur. Şuşa hər zaman qürur mənbəyimiz olub, bundan sonra da belə qalacaq! Bu gün fəxarətlə deyirik ki: Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq, biz səni dirçəldəcəyik!

Aygül Bağırova
AJB üzvü
Xəbəri paylaş