Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zəngilanda yenidənqurma və infrastruktur layihələri davam etdirilir

Zəngilanda  yenidənqurma və infrastruktur layihələri davam etdirilir


Sirr deyil ki, Zəngilan rayonu da erməni vandallarının dağıdıcılıq və ekoloji terror əməllərinə məruz qalıb, bütün kəndlər yerlə-yeksan olub, tarixi-dini abidələr məhv edilib. Lakin bu gün işğaldan azad olunmuş digər ərazilər kimi Zəngilanda da abadlıq-quruculuq işləri həyata keçirilir. Eyni zamanda, Zəngilan rayonunda tarixi-dini abidələrin bərpası işləri başlanıb, Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zəngilan şəhər məscidi də əsaslı təmir olunur.

Şübhəsiz ki, keçmiş məcburi köçkünlər Ağalı kəndinə qayıdan zaman artıq orada işlə məşğul olmaq üçün imkanlar olacaq. Hətta Ağalı kənd sakinləri doğma kəndlərinə qayıtdıqdan sonra “Ağıllı kənd” layihəsi çərçivəsində onlardan bir qrupu üçün kiçik təsərrüfatlar yaradılacaq. Növbəti mərhələdə isə Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində avtoservis, inşaat, məişət avadanlıqları ustası, dərzi, bərbər, gözəllik salonu, un məmulatları istehsalı, ticarət və sair iqtisadi sahələr üzrə avadanlıqlarla təmin olunacaq, yeni iş yerləri yaradılacaq. Bir sözlə, həyata keçirilən işlər və perspektiv planlar işğaldan azad olunmuş ərazilərə qayıdacaq insanların təhlükəsizliyinə və firavan yaşayışına xidmət edir. İlk nümunə də elə Zəngilan rayonu, Ağalı kəndi olacaq.

Dövlətimizin başçısı cənab İlham Əliyev deyib: “Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı və ümumiyyətlə, hər bir insan bizim planlarımızı görə bilər. Hər kəs görəcək ki, işlərimiz planlı və sistemli şəkildə aparılacaq, bütün amillər nəzərə alınacaq – təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf”. “Ağıllı kənd” layihəsinin təməli 2021-ci ilin aprelində dövlətimizin başçısı tərəfindən qoyulub. Layihənin icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti işləri aparılır. İnnovativ tikinti materiallarından istifadə olunmaqla tam izolyasiya olunmuş 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi sürətlə davam etdirilir. Kənddə yaradılacaq “Ağıllı məktəb”də distant təhsilin aparılması üçün bütün imkanlar olacaq. Yeraltı kommunikasiya işlərindən içməli su, çirkab və sel suları xətlərinin qazma işlərinə başlanılıb. Park meydanında nəzərdə tutulmuş fəvvarənin ərazisində abadlıq işləri yekunlaşıb. Fəvvarədə quraşdırılacaq memarlıq abidəsi hazırlıq mərhələsindədir.

Burada müasir şəhərsalma standartları tətbiq olunacaq. Piyada və velosiped yolları çəkiləcək. Bir sözlə, öz doğma yurdlarına qayıdacaq sakinlər üçün hərtərəfli şərait olacaq. Onu da qeyd edim ki, burada kənd təsərrüfatının təşkili və inkişafı ilə bağlı bir sıra işlər görüləcək. Artıq kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə istifadə olunacaq torpaq sahələri müəyyənləşdirilib və lazımi innovativ texnikaların siyahısı hazırlanıb. “Ağıllı kənd təsərrüfatı”nda müasir suvarma sistemlərindən istifadə olunacaq. Bundan əlavə, “Ağıllı kənd” layihəsi üçün əkin planı hazırlanıb. Planda nəzərdə tutulmuş torpaq sahələrinin əkinə yararlılığı qiymətləndirilib və əkin üçün hazırlığa başlanılıb. Əkin planına əsasən müəyyənləşdirilən 600 hektar ərazidən 412 hektarının minalardan təmizlənməsi üçün müvafiq işlər aparılıb. “Ağıllı kənd”də kənd təsərrüfatı fəaliyyətinin bərpası və inkişafı üçün müvafiq şəraitin yaradılması məqsədilə layihə çərçivəsində ictimai fermanın qurulması nəzərdə tutulur. Fermada 250 baş iribuynuzlu və 600 baş xırdabuynuzlu mal-qaranın saxlanması mümkün olacaq. Burada “Ağıllı idarəetmə sistemi” data və təhlil mərkəzindən həyata keçiriləcək.

Yeni Azərbaycan Partiyasının fəalı Əliyeva Günel
Xəbəri paylaş