Litva Prezidenti Gitanas Nausedanın bugünlərdə Bakıya səfəri o qədər uğurlu keçdi ki, bu səfərin nəticələri postsovet ölkələrində də böyük maraqla qarşılandı. Ancaq ermənilər isə öz ənənəvi xain xislətlərinə sadiq qalaraq Baltikyanı ölkələrin liderlərindən birinin paytaxtımıza səfərinə və bu səfər zamanı Litva və Azərbaycan liderlərinin iki ölkə münasibətlərinin uzun illərdir ki, strateji tərəfdaşlıq münasibətləri olduğunu bir daha vurğulamalarına olduqca ağrılı reaksiya verdilər. Daha doğrusu, öz səviyyələrinə (səviyyəsizliklərinə) uyğun münasibət sərgilədilər.
Belə ki, revanşist erməni müxaliflətçiləri Azərbaycandan sonra Ermənistana gedən və Litvanın Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşdırılması prosesinə öz töhfəsini vermək istədiyini bildirən Gitanas Nausedanın qaldığı oteli mühasirəyə alaraq, bununla həm Litva prezidentinin Azərbaycanla sıx münasibətlər qurmasına və rəsmi Bakının mövqeyinə isti yanaşmasına etirazlarını bildirməyə çalışdılar, həm də artıq iki aya yaxındır ki, davam etdirdikləri etiraz aksiyalarına bu səfər vasitəsilə diqqəti cəlb etməyə cəhd göstərdilər. Bu isə ermənilərin iç üzünü bir daha açıb ortaya qoydu.
Rusiyayönlü erməni müxalifətinin İrəvana qonaq gələn xarici ölkə prezidentinə qonaqpərvərlik nümayiş etdirmək əvəzinə, onun qaldığı oteli əhatəyə alması göstərişin həm də Moskvadan gəldiyini təsdiqləyir. Kremlin diktəsi ilə oturub-duran hazırkı Ermənistan müxalifəti Azərbaycanın Qərb ölkələri ilə, o cümlədən Baltikyanı ölkələrlə münasibətlərini sıxlaşdırmasını və eyni zamanda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasını hansısa yolla sabotaj etməyə, əngəlləməyə çalışır. Bu baxımdan, Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşdırılması prosesinə öz töhfəsini vermək istədiyini bildirən və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçilik səylərini dəstəkləmək üçün addım atan Gitanas Nausedanın qaldığı otelin qarşısında toplaşıb, ona qarşı etiraz sloqanları səsləndirmək tamamilə Kremlin dəst-xətinə uyğun bir “ssenari”dir.
Ermənistanın radikal, revanşist müxalifəti bu cür sərsəm əməlləri ilə əslində Ermənistanın gələcəyini zərbə altında qoyur. Azərbaycan isə böyük bir təmkinlə öz sülhsevər və rasional siyasətini davam etdirir, bütün müttəfiqləri ilə, o cümlədən Litva ilə də güclü siyasi əlaqələrlə yanaşı, həm də çoxşaxəli iqtisadi, ticari, hərbi və digər sahələrdə qarşılıqlı əlaqələri fəal surətdə dərinləşdirir. Ermənistan isə qeyri-müəyyən siyasət yürütməklə və 10 noyabr, 11 yanvar bəyanatları ilə üzərinə götürdüyü öhdəliklərin icrasını yubatmaqla faktiki olaraq dövlət səviyyəsində təxribatla məşğul olur.
Bu ölkənin gah Brüssel, gah da Moskvanın tərəfdaşı kimi çıxış etməsi və son nəticədə isə bütün razılaşmaların icrasını süni surətdə yubatması nə Ermənistan hakimiyyətinə, nədəki revanşist müxalifətə heç nə qazandırmır. Onlar bu cür qeyri-ciddi mövqe sərgiləməklə bütövlükdə Ermənistanı oyuncaq dövlətə, vassala çevirirlər. Artıq Brüsseldə də Ermənistan müxalifəti ilə bərabər Paşinyan iqtidarının da keyfiyyətsizliyini və səbatsızlığını sözün tam mənasıyla anlayıblar.
Bu mənada, 22 mayda Şarl Mişelin təşəbbüsü ilə yenidən Brüsseldə baş tutması gözlənilən Əliyev-Paşinyan görüşünün Ermənistanın baş naziri üçün olduqca gərgin keçəcəyi şəksizdir. Paşinyan öhdəliklərə nəyə görə əməl etməməsinə konkret aydınlıq gətirməli, tutarlı səbəb göstərməlidir. Əks təqdirdə, Ermənistanın özünü Qərbə “demokrat” cildində göstərmək istəyən baş naziri olub-qalan sonuncu etibarını da tamamilə itirəcək.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri