Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vətənpərvər Azərbaycan əsgəri

Vətənpərvər Azərbaycan əsgəri


Azərbaycanımızın keçdiyi tarixi yola nəzər salsaq görərik ki, ölkəmiz ayrı-ayrı zamanlarda müxtəlif hərbi təcavüzlərə məruz qalsa da, öz mövcudluğunu qoruyub saxlaya bilib .Bəli, Azərbaycan xalqının Vətənin müdafiəsi uğrunda göstərdiyi qəhrəmanlığın qədim və zəngin tarixi vardır : Cavanşir , Babək , Şah İsmayıl Xətai kimi hərbi sərkərdələr demək olar ki, Azərbaycanın qəhrəmanlıq tarixinin bütöv bir salnaməsini yaratdılar. Hansı ki, bu qəhrəmanlıq salnaməsi qorunmuş, örnək olaraq bugünki dövrümüzə qədər gəlib çıxmışdır . Beləliklə , 1918 -ci il iyun ayının 26- da Azərbaycan Silahlı Qüvvələri yaranmışdır.

Hazırda Azərbaycan Ordusu dünyanın ən qüdrətli ordularındandır. Azərbaycan igidləri , Azərbaycan əsgərləri vətənpərvərliyi ilə dünyada seçilir.
Səngər - əsgərin qorxu bilmədən, soyuqda da, istidə də, gecə də, gündüz də əsgərlərin sipər bildiyi ərazidi. Əsgərlər üçün Vətən səngərdən başlanır.
Vətəni qoruyan əsgərlərimiz təxribat törədən düşmənin həmlələrinin, hücumlarının qarşısını mərdliklə alır - döyüşür. Döyüş - kiminin müəyyən yaşını qeyd etdiyi, kiminin zamanının əbədi donduğu, ölümsüzləşdiyi yer. Bəzən iki dostun vidalaşması, "Vətən sağ olsun!" - deyərək son nəfəs alması.
Azərbaycan əsgəri qaranlıq gecəni deyil, aydın səhəri düşünür.

Əsgər - ailəsindən uzaq olsa da, Vətənə daha yaxın olan, istəklərini, arzularını bir kənara atıb daha irəlini düşünən igid oğuldur. Əsgər - xilaskardır. Hər bir uşağın gözündə böyüyən, cavanların, yaşlıların ümid bəslədiyi, duruşuyla qəlbləri sakitləşdirən oğul. Hər bir əsgər səngərlərin öz yatağı qədər rahat olmadığını bilir, ancaq Vətən sevgisi hər bir çətinlikləri yüngülləşdirir. Əsgər - bir ailənin deyil, bütün xalqın oğlu, igidi, qəhrəmanıdır.
Ordumuzun əsgərləri uğur yolunun yolçularıdı. Onlar Vətəni qoruyur, torpaqlarımızı işğaldan onlar azad edir.

Azərbaycan əsgəri daim qələbə naminə atışır. Qətiyyətlə döyüşür, Ali Baş Komandanına, Vətən sevgisinə güvənir, şəhidliyə də hazırdı - təki Vətənə, Vətən torpağına zərər dəyməsin...

Müstəqilliyi qoruyub saxlamaq üçün güclü ordu ən vacib şərtlərdəndir. Güclü ordusu olmayan dövlətin müstəqilliyi daim düşmənlərin, yadellilərin təhlükəsi altındadır. Müasir dövrdə Azərbaycan Ordusu zəngin maddi-texniki bazaya, ən yeni silahlara malikdir. Lakin ordunu yenilməz edən təkcə silah və texnikanın gücü deyil. Ən yeni raketlərin, güclü silahların, topların, döyüş maşınların ola bilər. Lakin sənin qorxmaz, mərd, cəsur əsgərlərin yoxdursa, məğlub olarsan. "Öncə Vətəndir!" deyən oğullardır bizi yenilməz edən. Azərbaycan əsgərinin ən güclü silahı vətənpərvərliyi, Vətən sevgisidi! Bəli , 44 günlük Vətən müharibəsi Azərbaycanın güclü orduya malik olduğunu bir daha bütün dünyaya sübut etdi ...Şah İsmayıl Xətainin bir deyimini xatırlayıram: "Qılınc həmin qılıncdır, qol o qol deyil". Onların əsgərləri silahını döyüş meydanında qoyub qaçır, bizim əsgərlər isə son damla qanına qədər döyüşü davam etdirir...

Ordumuzun hər bölməsində vətənpərvər, cəsur və mərd oğulların xidmət etdiyinin daim şahidi oluruq. Torpaqlarımıza keşik çəkən bu oğulların qətiyyəti, məğrurluğu sübut edir ki, torpaqlarımız inamla qorunur. Onların hər kəlməsində Vətən var, Qələbə var.

Mövqelərimizi inamla qorunur. Atəşkəsi tez-tez pozan düşməni layiqincə susdururlar. Əsgərlərin hər biri uğurla xidmət edir, verilən tapşırıqları vaxtında yerinə yetirir, düşmən qarşısında dağ kimi dayanırlar. Xalqımız firavan yaşasın, evlərimizdən toy-bayram səsləri eşidilsin deyə, düşmənə sinələrini sipər edirlər.

Budur, Azərbaycan əsgəri !

Ali Baş Komandan İlham Əliyev: "Bunu da hər kəs bilsin, bu 44 gün ərzində əldə edilmiş Qələbə bizim hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı hesabına qazanılıb".

Müstəqilliyimizi daha da möhkəmləndirən, dövlətimizin ərazi bütövlüyünü təmin edən, işğaldakı torpaqların azadlığına nail olan Prezident İlham Əliyev həm iqtisadi, həm siyasi, həm də hərbi sahədə böyük uğurlara imza atıb, Azərbaycanı regionun lider dövlətinə çevirməyə nail olub. Bu baxımdan dövlətimizin başçısı İlham Əliyevin ordu quruculuğu siyasəti hərb tariximiz baxımından müstəsna əhəmiyyətə malikdir.

Azərbaycanda nizami ordu quruculuğu prosesinin ilk addımları Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dövlətimizin başçısı İlham Əliyevin müasir ordu quruculuğu istiqamətində uzaqgörənliklə qəbul etdiyi qərarlar, atdığı qətiyyətli addımlar, həyata keçirdiyi kompleks tədbirlər Azərbaycan Ordusunu cəmi bir neçə il ərzində dünyanın ən qüdrətli orduları sırasında yer almasını təmin etdi.

Ordusunu dünya hərb sənayesinin ən müasir nailiyyətləri ilə silahlandıran sərkərdə

Prezident İlham Əliyevin ordu quruculuğu siyasətində diqqət çəkən məqamlardan biri də Azərbaycan Ordusunun dünya hərb sənayesinin ən son nailiyyətləri ilə təchiz olunmasına, müasir hərbi texnikanın idxalına xüsusi diqqət yetirməsi ilə bağlıdır. Azərbaycanın iqtisadi gücündən maksimum faydalanaraq ordumuzu Türkiyə, İsrail, Rusiya, Belarus və digər dövlətlərin müasir hərbi texnikaları ilə təchiz edən, onun davamlı modernləşdirilməsi prosesini həyata keçirən dövlətimizin başçısı bununla Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusu qarşısındakı üstünlüyünü daha da artırdı və peşəkar, ən müasir tələblərə cavab verən orduya çevirdi. Təkcə bir faktı qeyd etmək kifayət edər ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın Türkiyə və İsraildən aldığı kəşfiyyat və zərbə dronları düşmən hədəflərinin müəyyənləşdirilməsində və məhv edilməsində mühüm rol oynadı. Nəticədə işğalçı orduya məxsus milyonlarla dollar dəyərində hərbi texnika, hava hücumundan müdafiə sistemləri, artilleriya qurğuları məhv edildi.

Xarici dövlətlərdən Azərbaycan Ordusunun ehtiyacına uyğun olaraq alınan müasir hərbi texnika və raket sistemləri Vətən müharibəsi zamanı Ermənistanın hərbçilərimizə və mülki insanlarımıza qarşı tətbiq etdiyi ballistik raketlərin havadaca zərərsizləşdirilməsində uğurla istifadə edildi. Məhz bunun sayəsində yaşayış məntəqələrimizi və hərbçilərimizi hədəfə alan bir sıra raketlər, o cümlədən düşmənin Şuşaya atdığı “İsgəndər-M” raketlərinin bir çoxu havadaca vuruldu. Nəticədə təkcə artilleriya və raket sistemlərimizin deyil, mülki insanlarımızın, əsgər və zabitlərimizin təhlükəsizliyi təmin edildi.

Dövlətimizin başçısı çıxışlarında qabaqcıl dövlətlərdən müasir hərbi texnikaların alınması siyasətinin bundan sonra da diqqət mərkəzində saxlanılacağını bəyan edib. Bu da Azərbaycan Ordusunun postmüharibə dövründə də hərbi-texniki təchizat baxımından liderliyini qoruyub saxlayacağını göstərir.
Yeni hərbi akademiyalar, xarici dövlətlərdə təkmilləşdirmə kursları və peşəkarlar məktəbi Prezident İlham Əliyevin ordu quruculuğu siyasətində mühüm yer tutan məsələlərdən biri də yüksək peşəkarlığa malik hərbi kadrların hazırlanması ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev böyük uzaqgörənlik göstərərək hələ sovet dönəmində - 1971-ci ildə Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasına nail olub. Bununla da yerli hərbi kadrların hazırlanması üçün mühüm zəmin formalaşdırıb. Müstəqillik illərində Heydər Əliyev tərəfindən hərbi məktəb və akademiyaların yaradılması prosesi uğurla davam edib. Ulu Öndərin bu siyasətini müvəffəqiyyətlə davam etdirən Prezident İlham Əliyev yeni hərbi akademiyaların yaradılması barədə mühüm qərarlar qəbul edib. Buna nümunə olaraq, Prezident İlham Əliyevin 2007-ci il 12 iyun tarixli Sərəncamı ilə Dövlət Sərhəd Xidməti Akademiyasının yaradılmasını göstərmək olar. Qırx dörd günlük Vətən müharibəsində bütün qoşun növləri kimi, Sərhəd Qoşunlarının şəxsi heyəti də torpaqlarımızın erməni işğalından azad edilməsində yaxından iştirak edib və böyük qəhrəmanlıqlar göstərib. Bundan başqa, Prezident İlham Əliyevin göstərişi ilə yüzlərlə, minlərlə azərbaycanlı hərbi kadr başda qardaş Türkiyə olmaqla, dünyanın bir çox dövlətlərində əlavə hərbi təhsil və təkmilləşdirmə kurslarına cəlb edilib. Bununla da peşəkarlıqlarını daha da artıran hərbçilərimiz dünya ordularının təcrübəsi ilə praktiki şəkildə tanış olublar. Nəticədə Azərbaycan Silahlı Qüvvələri hərb işini dərindən bilən nəhəng peşəkarlar məktəbinə çevrilib.

Silahlı Qüvvələrin Ali Baş Komandanı hər zaman haqlı olaraq belə hesab edib ki, Vətəni qoruyan, onun təhlükəsizliyini təmin edən, düşmən hücumlarına və təxribatlarına özünü sipər edən şəxslərin sosial rifahı, yaşam səviyyəsi yüksək olmalı, onlar maddi çətinlik, mənzil problemi kimi problemlərə üzləşməməlidir. Bu məqsədlə dövlətimizin başçısı mütəmadi surətdə hərbçilərin sosial təminatının gücləndirilməsi ilə bağlı fərmanlar imzalayıb və göstərişlər verib.

Şəhid ailələrinə, o cümlədən sağlamlığını itirən hərbçilərə dövlət qayğısının artırılması, onların mənzil probleminin köklü şəkildə həll edilməsi istiqamətində də ciddi addımlar atılıb. 2017-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərdən və şəhid ailələrindən 315 nəfər mənzil və fərdi evlə təmin edilib. Prezident İlham Əliyevin 2018-ci il 2 avqust tarixli Sərəncamı ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 2018-ci ildə əlavə olaraq minimum 300 mənzilin alınması üçün 20 milyon manat vəsait ayrılıb. Vətən müharibəsində həlak olan bütün şəhidlərin ailələrinin evlə təmin edilməsi ilə bağlı dövlətimizin başçısının məlum göstərişi də, “YAŞAT” Fondunun yaradılması da Müzəffər Ali Baş Komandanın öz zabitinə, öz əsgərinə, onların ailə üzvlərinə olan doğma münasibətinin göstəricisidir.
Ordusunu Vətən məhəbbəti, torpaq sevgisi,

bayraq eşqi ilə silahlandıran Ali Baş Komandan

Müasir ordu quruculuğu prosesində Prezident İlham Əliyevin həyata keçirdiyi hər bir islahat, tətbiq etdiyi yenilik son dərəcə səmərəli olub. Bu yeniliklər kompleks yanaşma siyasətinin tərkib elementi kimi çıxış edib.

Prezident İlham Əliyevin Ali Baş Komandan kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində formalaşdırdığı yüksək döyüş əzmi, Vətən sevgisi, fədakarlıq keyfiyyəti özünü 44 günlük Vətən müharibəsində büruzə verib. Təkcə Şuşa şəhərinin işğaldan azad edilməsi zamanı hərbçilərimizin sərgilədiyi qəhrəmanlıq – düşməni yalın əllə məhv edərək şəhəri azad etməsi gerçəyi deyilənlərə nümunədir.

Məhz bu ruh yüksəkliyinin və peşəkarlığın nəticəsidir ki, Azərbaycan Ordusu otuz ilə yaxın müddətdə möhkəmləndirilmiş istehkamlarda güclü mövqelər quran düşmənə qarşı çətin relyef şəraitində ən müasir standartlar səviyyəsində döyüş apararaq, 44 gün ərzində şanlı Qələbə qazandı. Rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək ümumilikdə 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Bu, dünyanın müasir hərb tarixində misli görünməmiş uğurlu hərbi əməliyyat idi. Ermənistan ordusu demək olar ki, məhv edildi, düşmənin 3,8 milyard dollarlıq silah-sursatı sıradan çıxarıldı.

Müzəffər Ali Baş Komandan bu şanlı Qələbənin qazanılmasının əsasında ən müasir silahların deyil, Azərbaycan Ordusunun qəhrəman hərbçilərinin dayandığını dəfələrlə vurğulayıb. Dövlətimizin başçısının çıxışlarının birində dediyi bu sözlər Azərbaycan Ordusunun qəhrəmanlığına və peşəkarlığına verilən yüksək qiymətin əyani təsdiqidir: “Bu, yeni nəsil müharibə üsuludur, hansı ki, planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir. Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir”.

Vətən müharibəsində şanlı Qələbə xalqımızın igid övladlarının qanı-canı bahasına qazanılıb. Müharibədə Silahlı Qüvvələrimizin 3000- dən çox hərbi qulluqçusu şəhid oldu. Şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir. Sentyabrın 27-si Prezidentin Sərəncamı ilə şəhidlərimizin xatirəsinə "Anım Günü" elan olunub. Xalqımız və bütün dünya azərbaycanlıları şəhidlərin əziz xatirəsini ehtiramla yad edir.

Döyüşlərdə iştirak etmiş on minlərlə hərbçi Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla orden, medal və fəxri adlarla təltif olunub. Habelə 83 nəfər “Vətən Müharibəsi Qəhrəmanı” adına, 33 nəfər isə “Zəfər” ordeninə layiq görülüb.

Vətən müharibəsinin başa çatmasından bir il ötsə də, bu gün Azərbaycan Ordusunun Şuşa uğrundakı döyüşlərdə sıldırım qayaları dırmaşaraq düşməni yalın əl, bıçaq və yüngül atıcı silahlarla məğlub etməsi dünyanın ən məşhur hərbi institutları, ABŞ, Rusiya, Çin və sair dövlətləri tərəfindən araşdırılmaqda, ətraflı şəkildə öyrənilməkdədir.

Xalq da sizinlə fəxr edir. Körpədən tutmuş, ahıl yaşına çatmış hər kəs sizə xüsusi rəğbət bəsləyir. Siz həm də hərbi anda, dövlətə, dövlətçiliyə sədaqətinlə güclüsünüz. Siz Vətəni daha dərin sevgiylə sevirsiniz. Əlbəttə ki, bu Vətən sizindir, Azərbaycan əsgəri! Vətən sənindir. Vətəni sevirsən də, qoruyursan da.

Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü ordusu var !
Yaşasın müzəffər Azərbaycan Ordusu !

Yevlax rayon Mehman Kərimov adına Tanrıqulular kənd tam orta məktəbin müəllimi - Məmmədova Lalə
Xəbəri paylaş