Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hadrutun azad edilməsi Azərbaycan Ordusunun sonrakı əməliyyatları üçün əlverişli şərait yaratdı

Hadrutun azad edilməsi Azərbaycan Ordusunun sonrakı əməliyyatları üçün əlverişli şərait yaratdı


“Hadrutun azad edilməsi 2020-ci ildə Azərbaycanın apardığı 44 günlük Vətən müharibəsinin hərbi-siyasi gedişinə mühüm təsir göstərən hadisələrdən biri kimi tarixə düşüb. 2020-ci il oktyabrın 9-da Azərbaycan Silahlı Qüvvələrinin Hadrut qəsəbəsinə nəzarəti bərpa etməsi ölkənin ərazi bütövlüyünün təmin edilməsi istiqamətində mühüm mərhələ idi. Bu hadisə həm döyüş əməliyyatlarının gedişinə, həm də müharibənin ümumi mənzərəsinə təsir göstərdi”.

Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı deyib. O bildirib ki, Hadrut əməliyyatı Azərbaycan Ordusunun mürəkkəb relyef şəraitində əməliyyat aparmaq, müdafiə xətlərini yarmaq və irəliləyişini davam etdirmək imkanlarını nümayiş etdirən mühüm hərbi hadisə idi:

“Hadrut ətrafında gedən döyüşlər sonrakı əməliyyatlar üçün də əhəmiyyətli zəmin yaratdı. Birincisi, strateji yüksəkliklərə və əraziyə nəzarətin əldə edilməsi. Hadrut dağlıq və mürəkkəb relyefə malik ərazidə yerləşirdi. Qəsəbənin ətrafındakı yüksəkliklərə nəzarət döyüş əməliyyatlarının aparılması baxımından mühüm üstünlük yaradırdı. Prezident İlham Əliyev 2021-ci ildə Hadrut əməliyyatını şərh edərkən də ətraf yüksəkliklərin ələ keçirilməsinin qəsəbənin azad edilməsində həlledici rol oynadığını vurğulamışdı.

İkincisi, Şuşaya doğru irəliləyiş üçün yeni imkanların yaranması. Hadrutun azad edilməsi Azərbaycan Ordusunun sonrakı əməliyyatları üçün əlverişli şərait yaratdı. Müdafiə Nazirliyinin materiallarında bu əməliyyat Şuşaya aparan yolun mühüm dayaqlarından biri kimi qiymətləndirilir. Bununla belə, Şuşanın azad edilməsi ayrıca hərbi əməliyyatların və mürəkkəb döyüşlərin nəticəsi idi.

Üçüncüsü, müharibənin gedişində təşəbbüsün gücləndirilməsi. Hadrut ətrafındakı döyüşlər Azərbaycan Ordusunun çətin relyefdə hücum əməliyyatlarını davam etdirmək imkanlarını göstərdi. Bu uğur sonrakı günlərdə cənub və cənub-qərb istiqamətlərində irəliləyişlərlə müşayiət olundu. Beləliklə, Hadrutun azad edilməsi ümumi hərbi əməliyyatların dinamikasına təsir edən mühüm hadisəyə çevrildi”.

Arzuman Muradlı qeyd edib ki, Hadrutun işğaldan azad edilməsi müharibənin sonrakı mərhələləri ilə sıx bağlı idi:

“Oktyabr ayında Azərbaycan Ordusunun irəliləyişi davam etdi, noyabrın 8-də isə Şuşa şəhərinin azad edilməsi elan olundu. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırıldı. Hadrutun azad edilməsi Şuşaya gedən yolun açılmasına kömək edən mühüm hərbi nailiyyətlərdən biri idi. Lakin bu nəticəyə aparan prosesdə Azərbaycan hərbçilərinin peşəkarlığı, digər istiqamətlərdə aparılan əməliyyatlar, mürəkkəb relyef şəraitində döyüş təcrübəsi və vahid əməliyyat planının həyata keçirilməsi də mühüm rol oynadı”.

Arzuman Muradlı qeyd edib ki, bu gün işğaldan azad edilmiş hər bir şəhər və rayonda oduğu kimi Hadrutda da yeni həyat hökm sürür, Böyük Qayıdış Porqramı çərçivəsində öz dogma torpaqlarına qayıdan vətənaşlarımız Hadruta yeni nəfəs verirlər.

Süleyman
Xəbəri paylaş