
"Hicablı, ya hicabsız azərbaycanlı bu dövlətin vətəndaşıdır. Bunlar arasında ayrıseçkilik etmək, hansınınsa üstün olduğu qənaətini hasil etmək kimsənin həddinə deyil. Onların hər biri Azərbaycan dövlətinin qoruması altındadır və eyni hüquqdadır. Onların cəmiyyətdə qarşılıqlı münasibətləri də müzakirə predmeti deyil. Bu, birmənalı şəkildə belədir.
Son illər Azərbaycanda din anlayışının əksərən radikal şəkildə hallandığı, dini adət-ənənələri məzhəbinə fərq qoymadan özünün gündəlik həyat şəkli hesab edənlərin öz həyatını dinlə bağlamayanlara qarşı fərqli mövqeyi fonunda formalaşan münasibətlər məktəblərdə bu günkü hicab qadağası tətbiqini şərtləndirib".
Newscenter-az xəbər verir ki, bunları ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyib. Onun sözlərinə görə, dəfələrlə yazılıb ki, İslam anlayışı ümumi müsəlman dünyasının vahid birliyi mənasına gəlir:
"slam nə ərəb, nə fars, nə də digər ölkələrin yaşadığı din forması deyil. Azərbaycan da bundan kənar deyil. Amma, dövlət görəndə ki, din dövlət daxilində öz yerində yox, alət şəklində hallanmağa başlayır və bunun da artıq real tərəfdarları var, onda öz ağırlığını hiss etdirir. Bu, nə dinə, nə dindara, İslama qarşı heç atılmayan addımdır. Dövlət sadəcə öz qanununu hər kəsin yadına salır və tətbiq edir. Azərbaycan vətəndaşı da buna əməl etməyə borcludur. Məsələ bu qədər sadədir".
Azər Qasımov qeyd edib ki, dövlət nə dini, nə hicabı qadağan edir:
"Hər kəs öz dinini başa düşdüyü şəkildə yaşamaqda sərbəstdir. Amma qanunlar çərçivəsində".
Süleyman










































