Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hərbi jurnalist Rəşad Süleymanov adına media mükafatı təsis ediləcək

Hərbi jurnalist Rəşad Süleymanov adına media mükafatı təsis ediləcək


“Poliqon” (“Azeri Defence”) jurnalının təsisçisi və baş redaktoru olmuş hərbi jurnalist Rəşad Süleymanovun adı əbədiləşdiriləcək.
Newscenter.az xəbər verir ki, «POLİQON» jurnalının Azərbaycan Mətbuat Şurasında keçirilən 10 illik yubley tədbirində hərbi jurnalist, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov Rəşad Süleymanovun adının əbədiləşdirilməsini təklif edib, əlaqədar qurumları bu istiqamətdə tədbir görməyə çağırıb.

Ehtiyatda olan polkovnik bildirib ki, “Poliqon” jurnalının Azərbaycan üçün əvəzsiz xidmətləri var: "Mətbuat Şurası və digər media təşkilatları Rəşad Süleymanovu heç vaxt unutmasın. Təklif edirəm ki, Mətbuat Günü və ya hansısa əlamətdar gün ilə əlaqədar “Poliqon” jurnalının təsisçisi Rəşad Süleymanovun adı əbədiləşdirilsin. Əminəm ki, dövlət başçısı da bu məsələyə müsbət yanaşacaq. Rəşadın fəaliyyəti Azərbaycanla məhdudlaşmırdı. Rəşad Türkiyə, Pakistan və digər ölkələrdə beynəlxalq müdafiə sənayesi sərgilərində iştirak edərək “Poliqon” jurnalı vasitəsilə Azərbaycanı yüksək səviyyədə təmsil edirdi”.

“Poliqon” jurnalının Azərbaycan üçün əvəzsiz xidmətlərinin olduğunu deyən ehtiyatda olan polkovnik güc strukturlarının əməkdaşlarına üzünü tutaraq bildirib ki, Rəşad Süleymanovun adının və jurnalın yaşadılması üçün imkan daxilində bu jurnala abunə olsunlar və ya abunə saylarını artırsınlar: “Bizim yüz minlərlə abunə yazılmaq imkanımız var. “Poliqon” dəyərli və vacib jurnaldır”.

Hərbi ekspert Üzeyir Cəfərovun təklifi tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib. Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev “Poliqon” jurnalının təsisçisi və baş redaktoru olmuş hərbi jurnalist Rəşad Süleymanovun adının əbədiləşdirilməsi üçün gələn il Mətbuat Gününə qədər media mükafatının təsis edilməsinin qərara alındığını elan edib. Qərar tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, “Poliqon” (“Azeri Defence”) jurnalının yaradıcısı və baş redaktoru olmuş mərhum Rəşad Süleymanov hərbi jurnalistikamızda silinməz izlər qoymuş, hərb və müdafiə sahəsində ixtisaslaşan az saylı jurnalistlərdən biri idi. Onun yüksək peşəkarlığı və istedadı jurnalistika cameəsində daim yüksək qiymətləndirilirdi.

Uzun illər mətbuat sahəsində çalışan və onun inkişafında xüsusi xidməti olan Rəşad Süleymanov fəaliyyəti dövründə Azərbaycanın region-dost ölkələri ilə, xüsusilə də Türkiyə-Azərbaycan müdafiə sənayesi əlaqələrinə böyük töhfə verib.

Rəşad Süleymanov hərbi jurnalist kimi həmişə dövlətimizin, ordumuzun yanında olub. 2014-cü ilin avqust hadisələrində, 2016-cı ilin Aprel döyüşləri zaman Müdafiə Nazirliyi ilə, 2019-cu ildə Qazax rayonu istiqamətində dövlət sərhədində baş verən lokal döyüşlər zamanı Dövlət Sərhəd Xidməti ilə koordinasiyalı şəkildə işləyərək ictimaiyyətin dəqiq, qərəzsiz informasiyalarla təmin edilməsində iştirak etmişdi.
Döyüşlər, döyüş zonasında davranış, informasiyaların əldə edilməsi, yayılması və idarə olunması istiqamətində qazandığı təcrübəni Vətən müharibəsində də bölüşmüşdür. Bir vətəndaş, jurnalist olaraq həlledici məqamda dövlətimizə, xalqımıza fayda vermiş, bu müqəddəs missiyada yaxından iştirak etmişdir.
Xəbəri paylaş