Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Beynəlxalq münasibətlər sisteminə yeni nəfəs, dinamika gətirə biləcək siyasi-diplomatik hadisə

Beynəlxalq münasibətlər sisteminə yeni nəfəs, dinamika gətirə biləcək siyasi-diplomatik hadisə


Ötən gün paytaxtımızda Qoşulmama Hərəkatının həm Parlament Şəbəkəsinin təsis edilməsi, həm də konfransının keçirilməsi günə öz damğasını vurdu. İstər şəbəkənin yaradılması, istərsə də Bakı konfransının keçirilməsi təşəbbüsü şübhəsiz ki, Azərbaycan Prezidenti və Qoşulmama Hərəkatının sədri İlham Əliyevə məxsusdur. Bu hadisə beynəlxalq münasibətlər sisteminə yeni nəfəs, dinamika gətirə biləcək potensiala malik siyasi-diplomatik hadisədir.

Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin məhz Bakıda yaradılmasına sıradan bir hadisə kimi baxmaq olmaz. Bu qlobal əhəmiyyəti olan bir addımdır. Belə bir şəbəkənin yaradılması beynəlxalq proseslərdə həmrəylik və qarşılıqlı dəstəyin gücləndirilməsi istiqamətində əlavə bir addım ola, güclü təsir vasitəsinə və ədalətin müdafiəsi mexanizminə çevrilə bilər. Bu baxımdan, iyunun 30-na – Beynəlxalq Parlamentarizm Gününə təsadüf edən Bakı konfransı və sözügedən şəbəkənin yaradılması təkcə Hərəkata üzv olan ölkələrin parlamentlərarası əlaqələrinin möhkəmlənməsinə xidmət etməyəcək, həm də Hərəkatın qlobal miqyasda proseslərə təsir gücünü daha da artıracaq.

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevin toxunduğu iki məqam hazırda ölkəmiz və dünya birliyi üçün xüsusilə önəmlidir.

Birinci məqam ATƏT-in Minsk Qrupunun bundan sonrakı mövcudluğuna zərurətin olub-olmaması ilə bağlıdır. Prezident İlham Əliyev çıxışında 44 günlük İkinci Qarabağ müharibəsi dönəmində ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumlarına mane olan, BMT Təhlükəsizlik Şurasında anti-Azərbaycan mahiyyətli bəyanatı bloklayan Qoşulmama Hərəkatında təmsil olunan dost ölkələrə bu həmrəyliyə görə minnətdarlğını bildirərək qeyd etdi ki, biz uzun illər boyu, təqribən 30 il ərzində gözləyirdik ki, beynəlxalq ictimaiyyət ədalətsizliyə və işğala son qoyulmasına yardım edəcək, ATƏT-in 1992-ci ildə təsis etdiyi Minsk qrupu münaqişənin həll yolunu tapacaq və beləliklə, torpaqlarımızın işğalına son qoyulacaq. Lakin biz bunun tam əksinə olan bir münasibətlə üzləşdik. Təəssüf ki, haqq və ədalətin bərpası üçün məsuliyyət daşıyan Minsk qrupu bu münaqişənin əbədi davam etməsini istəyənlərin əlində alətə çevrildi. Həmsədrlər ədalət prinsipinə xəyanət etdilər. Ona görə də Azərbaycan tarixi ədaləti təkbaşına bərpa etməli oldu.

İlham Əliyev birmənalı surətdə qeyd etdi ki, Azərbaycanın münaqişəni həll etməsindən, işğala son qoymasından, özünün ərazi bütövlüyünü hərbi-siyasi yollarla bərpa etməsindən sonra Minsk qrupuna ehtiyac yoxdur. Biz Minsk qrupuna artıq “əlvida” demişik. Ermənistan və ona havadarlıq edən bəzi ölkələrin indi bədnam Minsk qrupunu həyata qaytarmağa çalışması həm mümkünsüzdür, həm də bu cəhdlər tamamilə absurddur. Çünki Azərbaycan Prezidentinin də vurğuladığı kimi Minsk Qrupu artıq “ölüb”. Onu reanimasiya etmək, yenidən “diriltmək” cəhdləri Don Kixotun yel dəyirmanı ilə səmərəsiz mübarizəsinə bənzəyir. Paşinyan və onun havadarları Don Kixotluqdan əl çəkməlidirlər.

Dövlət başçımız haqlı olaraq qeyd etdi ki, ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda, regionda mümkün sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir. Kim bunun əksinə cəhd göstərirsə və hansı qüvvələr Minsk Qrupunun aktivləşdirilməsinə çalışırsa, demək ki, həmin qüvvələr hazırda Cənubi Qafqazda qalıcı sülhün bərqərar olunmasında maraqlı deyil. Bu baxımdam, İlham Əliyevin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışında bəyan etdiyi qəti mövqe Minsk Qrupu ilə bağlı spekulyativ söz-söhbətlərə birdəfəlik nöqtə qoydu.

Prezidentin çıxışında vurğulanan ikinci mühüm məqam isə BMT-nin və onun Təhlükəsizlik Şurası çərçivəsində islahatların aparılması məsələsinin gündəmə gətirilməsidir. Qoşulmama Hərəkatının dönəm sədri kimi belə bir təşəbbüsün məhz Azərbaycan tərəfindən gündəmə gətirilməsi çox ciddi hadisədir. Çünki Azərbaycan uzun illər boyu BMT və digər beynəlxalq təşkilatlar tərəfindən yürüdülən “ikili standart”lar siyasətindən əziyyət çəkib. İlham Əliyev vurğuladı ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir ki, orada erməni qoşunlarının bizim ərazimizdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Sual olunur ki, niyə bu qətnamələr icra edilmədi? Buna cavab verə bilən yoxdur və ya cavab vermək istəmir. Növbəti sual ondan ibarətdir ki, niyə BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün içərisində icra olunur, bizə gəldikdə onlar 28 il ərzində kağız üzərində qalır?

Bax, bu suallara nə BMT səviyyəsində, nədəki digər müstəvilərdə heç kim cavab verə bilmir, yadaki vermək istəmir. Çünki onlar özləri də bu həqiqəti yaxşı bilirlər ki, Azərbaycana münasibətdə həqiqətən də ədalətsizliyə yol verilib. Əgər ordumuz 44 günlük mühribə nəticəsində torpaqlarımızı işğaldan azad etməsə idi, BMT-nin məlum qətnamələri yəqin ki, bundan sonra da uzun illər ərzində kağız üzərində qalacaqdı. Ona görə də, Azərbaycanın BMT-nin və onun Təhlükəsizlik Şurası çərçivəsində islahatların aparılması məsələsini gündəmə gətirməyə tam haqqı çatır.

Doğrudan da, əgər qətnamələr icra edilmirsə, onları qəbul etməyin nə mənası var? Və yaxud, öz qətnamələrinin icrasına səy göstərməyən və bununla da öz etibarını, nüfuzunu zərbə altında qoyan bir təşkilat nəyə görə əvvəlki qaydada fəaliyyət göstərməlidir? BMT həqiqətən də dünya miqyasında ədalətin, beynəlxalq hüququn təmin olunmasında maraqlıdırsa, mütləq islahatlara getməlidir. Azərbaycan bu islahatların tərəfdarıdır və rəsmi Bakı hesab edir ki, bu, Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində müzakirə olunmalı və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin siyasi üstünlük əsasında icra edilməsinə son qoyulmalıdır.

Azərbaycan həmçinin Qoşulmama Hərəkatının dünyada BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi daha da güclənməsinin və beynəlxalq proseslərdə rolunun artırılmasının tərəfdarı kimi çıxış edir. Qoşulmama Hərəkatını sözün yaxşı mənasında, BMT-nin potensial rəqibinə çevirmək lazımdır. Hansı münaqişəni BMT həll edə bilmirsə (yaxud da, həll etmək istəmirsə), orda məhz Qoşulmama Hərəkatı öz sözünü mütləq deməlidir. Dövlət başçımızın da qeyd etdiyi kimi Qoşulmama Hərəkatı problemlərin həlli yolunu tapmaq üçün platforma ola bilər, həmçinin ölkələrimizin maraqlarının müdafiəsi üçün platforma rolunu oynaya bilər. Çünki Qoşulmama Hərəkatının bir çox üzvü oxşar tarix və problemlərə malikdir. Bir çox hallarda ədalətsizliklə üzləşib və öz milli maraqlarını müdafiə etməyə çalışır. Biz bunu birlikdə edə bilərik və bunu daha səmərəli edə bilərik.

Bu gün biz dünyada qlobal qütbləşmənin, müharibənin, münaqişənin, proqnozlaşdırıla bilinməyən vəziyyətin, ərzaq, enerji və humanitar böhranların, yeni beynəlxalq münasibətlər sisteminə xaotik transformasiyanın şahidi oluruq. Belə bir mürəkkəb və həssas məqamda Qoşulmama Hərəkatı üzv ölkələri bir çox neqativ tendensiyalardan, qlobal təhdidlərdən, ədalətsiz münasibətdən qoruyan etibarlı “sipər”ə çevrilə bilər. Bu mənada, Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatının institusional inkişafına və onun növbəti mərhələdə hərəkatdan təşkilata çevrilməsinə yönəlik hədəfləri həqiqətən də təqdirəlayiqdir.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Xəbəri paylaş