Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Palmali" Şirkətlər Qrupu Vətən müharibəsi şəhidlərinin adını daşıyan daha iki gəmini səfərə yola saldı

"Palmali" Şirkətlər Qrupu Vətən müharibəsi şəhidlərinin adını daşıyan daha iki gəmini səfərə yola saldı


"Palmali" Şirkətlər Qrupu Vətən müharibəsi şəhidləri Xudayar Yusifzadə və Əli Nəcəfovun adlarını daşıyan iki nəhəng gəmini səfərə yola saldı.
Newscenter.az xəbər verir ki, təntənəli mərasim Yalovada "Doğruyol" tərsanəsində baş tutub. Hər iki ölkənin himnlərinin səsləndirilməsi və sayğı duruşu ilə başlayan mərasimdə "Palmali”nin prezidenti Mübariz Mənsimovun dəvəti ilə İstanbula gələn şəhid Xudayar Yusifzadənin və şəhid Əli Nəcəfovun valideynləri, qazilər, media nümayəndələri və ictimai xadimlər, iş adamları iştirak edib.

Şəhid Xudayar Yusifzadənin anası Radə xanım “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimova onlara və, ümumilikdə, şəhid və qazi ailələrinə göstərdiyi diqqətə görə təşəkkür etdi. O dedi ki, şəhid oğlunun adının bir gəmiyə verilməsi xəbərini eşidəndə həyəcandan özünə yer tapa bilmədi. “Xudayarın türkü söylədiyi diyarlardan bütün şəhidlərimizin qarşısında baş əyirəm. Şəhadətləri mübarək olsun. Xudayar Polad Həşimovun arxasınca getdi. O mahnıdan Xudayarın deyil, 3 min nəfərin səsi gəlir. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Xudayarın adına olan gəmi dünyanı dolaşacaq, bu isə həm də düşmənlərə meydan oxumaqdır. Dərdimiz böyük olsa da, övladlarımız uca bir məkandadırlar. Allah onların şərafətlərini qoruyub saxlamağı nəsib etsin. Polad Həşimovun adına gəmi yola salınanda dedim ki, şəhidimizin adının dünyada belə tanıdılması 3 min şəhidimizin tanıdılması deməkdir. Qürür duyuruq, həm şəhidlərlə, həm də Mübariz kimi oğullarla. Qarabağ Azərbaycandır!”

Şəhid Əli Nəcəfovun anası Raifə Nəcəfova “Palmali” ailəsinə təşəkkür edərək oğlunun adını daşıyan tankerin dünya sularında gəzəcəyindən və bununla da adının əbədi yaşadılacağından sevincini gizlətmədi. “Mənim oğlum kimi bizim bütün şəhidlər Allah tərəfindən seçilmişlərdi. Bu məqama layiq görülüblər və bununla da mükafatlandırılıblar. Bir övladını itirən ana olaraq çətin olsa da, bildirməliyəm ki, bizim ailəmiz bununla fəxr edir. Mübariz Mənsimova bizim kimi şəhid ailələrə göstərdiyi diqqətə görə təşəkkür edirik. Uğurları və gəmiləri bol olsun. Şəhidlərimizin adını daim yaşatsın”.

İki şəhidin adına gəmilərin açılışının olacağı xəbərini eşidən Türkiyədə müalicə olan qazilərimiz də tədbirə qatılmışdılar. Qazilər bütün şəhidlərimizə rəhmət və ailələrinə səbr dilədi. Peşəkar idmançı olan, Vətən müharibəsi başlayanda isə könüllü olaraq ordu sıralarına yazılıb düşmənlə savaşa qatılan Dünya Cempionu Tofiq Musayev bildirdi ki, bu gün qürurverici bir gündür. “Şəhidlərimiz üçün burada yığışmışıq. Mübariz Mənsimov ilk nümunələrdən biridir ki, şəhidlərimizin ailələrini və qaziləri yad edir. Mən Azərbaycan bayrağını dünya arenalarında qaldırmışam və, eyni zamanda, Zəngilan rayonuna qədər döyüşlərdə iştirak etmişəm. Ali Baş Komandanımız tərəfindən “Cəsur döyüşçü” medalı ilə təltif olunmuşam. Şəhid ailələrimizin qarşısında baş əyirəm. Mübariz bəyə bu günü bizlərə yaşatdığı üçün təşəkkür edirəm”.

Tədbirdə çıxış edən “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov bildirdi ki, şəhidlərimizin adları daim yaşamalıdır və hər birimiz bu adları əbədiləşdirmək naminə əlimizdən gələni əsirgəməməliyik. ““Palmali” və “Sping Marine” ailəsi olaraq şəhidlərimizin adlarını tanımaq və tanıtmaqdan qürür duyuram”. Azərbaycan-Türkiyə qardaşlığının tarixin müxtəlif dövrlərində həlledici rol oynadığını vurğulayan Mübariz Mənsimov vurğuladı ki, 1918-ci ildə hökm sürən çox ağır siyasi şəraitdə də Azərbaycanın müstəqillik qazanması məhz Türkiyənin köməyi hesabına mümkün oldu. Onun sözlərinə görə, Azərbaycanın ümummilli lideri Heydər Əliyev hər zaman vurğulayıb ki, Nuru Paşanın başçılıq etdiyi Türkiyənin Osmanlı ordusu gəlib Azərbaycanın erməni qırğınlarından xilas olunmasına yardım edib. O zaman türk əsgərlərinin Azərbaycanın müstəqilliyi naminə canlarından keçdiyini və Heydər Əliyevin təşəbbüsü ilə Bakıdakı Şəhidlər Xiyabanında onların xatirəsini əbədiləşdirmək məqsədilə böyük abidənin yaradıldığını xatırladan Mübariz Mənsimov dedi ki, şəhidlərimizin adlarını yaşatmaq, əbədiləşdirmək və onların yazdıqları qəhrəmanlıq salnaməsini gələcək nəsillərə ötürmək müqəddəs irsdir. “Palmali” prezidenti bildirdi ki, şəhidlərimizin adlarını yaşatmaq, əbədiləşdirmək və onların yazdıqları qəhrəmanlıq salnaməsini gələcək nəsillərə ötürmək, gəmilərə şəhidlərimizin adlarını verilmək məhz bu irsi davam etdirmək deməkdir.

Bundan sonra hər iki şəhidin ailə üzvlərinə qızıldan hazırlanmış medalyon verildi. Gəmiləri gəzən valideynlər duyğu dolu dəqiqələr yaşadılar. Şəhid övladlarının şəkillərini görən analar göz yaşlarını saxlaya bilmədilər. Hər iki gəmi valideynlərin xeyir duasından sonra qəmgin, eyni zamanda, qürurlu baxışlarla yola saldılar.

Qeyd edək ki, General Polad Həşimov, Vətən müharibəsi şəhidləri Adil İbrahimli, İman və Bəhram qardaşları, Cəbrayıl Dövlətzadədən sonra bu, dəniz sularına yola salınan və Vətən müharibəsi şəhidlərinin adlarını daşıyan daha iki tankerdir.

Sevinc
Xəbəri paylaş