Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və uzaqgörən, eyni zamanda, qətiyyətli siyasət nəticəsində Azərbaycan dövləti bu uğurlara nail olmağı bacarıb.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak etmişdir. Cənab Prezident toplantıda çıxışı zamanı bir şox vacib məsələlərə toxunub. İlk növbədə qeyd olunmuşdur ki, Azərbaycan Xəzəryanı dövlətlərin qarşılıqlı fəaliyyətinə böyük əhəmiyət verir. Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Biz Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstəririk. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq.
Cənab Prezident Azərbaycanın Xəzər hövzəsində nəqliyyat və loqistika sahəsində özünəməxsus yer tutduğunu bildirərək demişdir: ”Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Azərbaycan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstərir. Nəqliyyat sektoruna çoxmilyardlıq investisiyanın qoyulması Azərbaycanı Avrasiyanın mühüm nəqliyyat və logistik mərkəzlərindən birinə çevirmişdir. Azərbaycan Xəzəryanı ölkələr üçün mühüm tranzit rolu oynayır və bu rol ildən-ilə artmaqdadır. 2017-ci ilin oktyabr ayında Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı olmuşdur. Bu layihə Asiya ilə Avropanın dəmir yollarını birləşdirir. Ötən il bu marşrutla 191, cari ilin 6 ayı ərzində isə 1400-ə yaxın konteyner daşınıb. İlin sonunadək 4 minə yaxın konteynerin daşınması planlaşdırılır. Biz qarşıdakı illərdə bu marşrutla yükdaşımaların dəfələrlə artmasını gözləyirik. 2013-cü ildə Azərbaycanda ən müasir texnoloji standartlara cavab verən gəmiqayırma zavodu istifadəyə verilmişdir. Bu zavodda bütün növ gəmilər, o cümlədən yük gəmiləri, tankerlər, hərbi gəmilər, neft-qaz əməliyyatlarında istifadə edilən gəmilər istehsal oluna bilər. İndiyədək onlarca gəmi tikilərək istifadəyə verilib, 100-ə yaxın gəmi isə təmir edilib. 2017-ci ildə istifadəyə verilən, 400 milyon ABŞ dollarına yaxın dəyərində “Xankəndi” gəmisi dünyada ən yüksək beynəlxalq standartlara uyğun şəkildə inşa edilmiş bu cür mövcud 10 gəmidən biridir. Hesab edirəm ki, Xəzəryanı ölkələr bu zavodun imkanlarından istifadə edə bilərlər.
Azərbaycanda son illər ərzində ölkənin müxtəlif bölgələrində yeni beynəlxalq aeroportların istifadəyə verilməsi, yeni yolların salınması, regional layihələrin icrasında aparıcı rol oynaması Azərbaycanın məqsədyönlü siyasətinin tərkib hissəsi kimi həm daxili nəqliyyat infrastrukturunun inkişafına töhfə verir, həm də Azərbaycanı Avrasiyanın nəqliyyat qovşağına çevirir. İkinci Qarabağ müharibəsinin Azərbaycanın qələbəsi ilə nəticələnməsi və münaqişənin başa çatması regionda yeni münasibətlərin yaranmasına zəmin yaradıb. 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli Bəyanatda Naxçıvanı Azərbaycanın əsas ərazisi ilə birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası ilə bağlı müddəa da yer aldı. Hazırda Zəngəzur dəhlizinin fəaliyyəti istiqamətində fəal işlər aparılır və bu dəhlizin reallaşması Azərbaycanın növbəti tarixi uğuru olacaqdır.
Dünyanın inkişaf etmiş güclü dövlətləri və beynəlxalq təşkilatlar, siyasi mərkəzlər bu reallığı qəbul edərək ölkəmizlə əməkdaşlıq üçün təşəbbüslər irəli sürürlər. Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz haqqını bərpa edərək, bütün dünyaya güclü dövlət olduğunu göstərdi. Artıq Cənubi Qafqaz regionu dedikdə ağıla ilk gələn Azərbaycandır. Azərbaycan, sözün əsl mənasında, regionun güclü dövləti, başqa sözlə desək, yeni güc mərkəzidir. Azərbaycan Xəzər regionunda da söz sahibi kimi çıxış edir, regional logistika qovşağına çevrilir. Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistanda səfərdə olması, orada aparılan danışıqlar, səsləndirilən fikirlər buna əyani misaldır.
Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı