İyulun 4-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev İsrail Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik ilə görüşüb.
Newscenter.az DGK-ya istinadən xəbər verir ki, Səfər Mehdiyev Azərbaycanla İsrail arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluğunu ifadə edib, əlaqələrin gələcəkdə daha da intensivləşəcəyinə ümidvar olduğunu bildirib.
İki ölkənin əməkdaşlıq münasibətlərinin genişlənməsində gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü söyləyən Komitə sədri Azərbaycan və İsrail gömrük xidmətləri arasında qarşılıqlı səfərlərin, məlumat və təcrübə mübadiləsinin əlaqələrin gücləndirilməsində xüsusi rol oynadığını deyib.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən islahatlar çərçivəsində gömrük sistemində aparılan modernləşdirmə layihələri barədə məlumat verən DGK sədri vurğulayıb ki, gömrük xidmətində daha çevik və dinamik strukturun formalaşması ölkənin tranzit və ixrac potensialının artırılmasına, beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsinə şərait yaranıb.
Səmimi qəbula görə təşəkkürünü bildirən İsrail Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə görüşündən məmnunluğunu ifadə edib.
Ölkələrimiz arasında iqtisadi, siyasi, mədəni əlaqələrin hazırkı durumunu yüksək qiymətləndirən qonaq İsrailin Azərbaycanla bütün sahələrdə əməkdaşlığa xüsusi önəm verdiyini bildirib. Səfir İsrail və Azərbaycan gömrük orqanlarının qarşılıqlı əməkdaşlığından razılıqla söhbət açıb, birgə əməkdaşlığın perspektivlərindən danışıb və bu münasibətlərin daha da intensivləşdirilməsinin vacibliyini vurğulayıb.
Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Sevinc