Amerika Birləşmiş Ştatları Ukraynaya hərbi yardımı artırıb. ABŞ Fransa və Almaniyadan fərqli olaraq Rusiya-Ukrayna müharibəsinin nə yolla olursa-olsun bitməsini istəmir. Vaşinqton növbəti mərhələdə Rusiyanın məğlubiyyətini təmin etməyə çalışacaq. Bunun üçün isə Ukrayna ordusuna yeni hərbi texnika verilməli və işğalçıya qarşı həmlələrin sayı artırılmalıdır. Ancaq Kreml də boş dayanmayıb və Ukraynada məğlub olmamaq üçün bütün resurslarını səfərbər edib.
Amerikanın “The National Interest” dərgisində ABŞ-ın Rusiya prezidenti Vladimir Putinin yeni “sürprizlərinə” hazır olmasıyla bağlı analitik yazı dərc olunub. Məqalədə ABŞ-ın 2017-ci ildən başlayaraq Rusiya və Çinə qarşı mübarizədə milli təhlükəsizlik strategiyası hazırladığı və həyata keçirdiyi yazılıb. Amerikalı analitiklər məhz bu strategiya çərçivəsində hadisələrin sonrakı inkişafını proqnozlaşdırmağa çalışırlar.
“The National Interest” dərgisindəki məqalədə Vaşinqtonun Rusiya və Çinə qarşı strategiyasında iki ciddi problemin olduğu vurğulanıb. Birinci problem strategiyada Rusiya ilə Çin arasında fərqin göstərilməməsidir. Rusiya və Çin bir-biri ilə strateji tərəfdaş olsalar da, iki fərqli dövlətdir. Vaşinqton bu fərqdən hələ ki, istifadə edə bilmir. İkinci problem ABŞ-ın milli təhlükəsizlik strategiyası Rusiya və Çinlə mübarizə üzərində formalaşıb, digər təhlükələr barədə ciddi araşdırmalar aparılmayıb. Misal üçün koronovirus pandemiyası iki il ərzində Amerikanın əsas probleminə çevrildi, ən çox insan xəstəlikdən məhz bu ölkədə vəfat etdi. Bundan çıxış edən bəzi amerikalı analitik milli təhlükəsizlik strategiyasını korrektə edilməsini, yeni alyansların qurulmasına diqqətin ayrılmasına önəm verirlər. Bu analitiklər hesab edirlər ki, ABŞ Rusiya və Çinlə eyni zamanda mübarizə aparmaq əvəzinə bu iki dövləti bir-birindən ayıran – uzaqlaşdıran siyasətə üstünlük verməlidir. Vaşinqton “soyuq müharibə” illərində məhz bu siyasətə üstünlük verir, keçmiş SSRİ ilə mübarizə apararkən, Çinlə normal münasibətlər qurmuş, bu yolla Pekinin Moskva ilə yaxınlaşmasının qarşısını almışdı. Hazırda Vaşinqton bu siyasətdən uzaqlaşıb və bu durum Pekinlə Moskvanın yaxınlaşmasına səbəb olub.
Çin Qərbin sərt sanksiyaları üzləşən Kremlin əsas ümididir. Ona görə də Kreml Çinlə ittifaqın pozulmaması üçün Vaşinqtonun planlarına qarşı mübarizəsini daha da gücləndirəcək və “The National Interest” dərgisinin “Vaşinqton Rusiyanın sürprizlərinə hazır olmalıdır” yazdıqda məhz bunu nəzərdə tutub.
Elxan Şahinoğlu-“Atlas” Araşdırmalar Mərkəzinin sədri