Dünya müsəlmanlarının müqəddəs bayramlarından biri olan Qurban bayramı ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün Sosial xidmət müəssisəsini ziyarət etdim.
Newscenter.az xəbər verir ki, bu barədə məlumat verən millət vəkili görüşün təəsüratları barədə sosial şəbəkə hesabında bunları yazıb:
"Ağsaqqal və ağbirçəklərimizlə söhbət zamanı onlar Pansionatın rəhbəri Samirə Mehdiyeva haqqında ağızdolusu danışdılar və Samirə xanımın onların hər birinə ayrı-ayrılıqda göstərdiyi diqqət və qayğını xüsusi minnətdarlıqla vurğuladılar. Təbii ki, Pansionatda hökm sürən səliqə-sahman, ahıllarımızın tər-təmiz olan əyin-başları da mənim gözümdən yayınmadı. El arasında Qocalar evi kimi deyilən bu Pansionatda dövlətimiz tərəfindən ahıllar üçün hər bir şərait yaradılıb, özü də yüksək səviyyədə. Diqqət və qayğı da öz yerində. Mütəmadi olaraq tədbir, konsert proqramlarının təşkili, ahılları ziyarət edən şəxslərin gəlişi, bir neçə saatlıq onlara sevinc, gülüş, xoş əhval-ruhiyyə bəxş etməsi, bu da öz yerində".
Jalə Əhmədova daha sonra bunları yazıb: "Lakin mən bir məqamı qeyd etmək istəyirəm, onların gözlərindəki həsrəti. Ev, isti ocaq, ailə, nəvə-nəticə həsrəti, doğmaları ilə birlikdə bir süfrə arxasında nahar, şam yeməyi həsrəti, nəvələri ilə gəzinti həsrəti... Bunlar heç nə ilə əvəz edilə bilməz!
Əminəm ki, bu ata-analarımız öz övladlarının kim olduğunu söyləməzlər, onların utanmaması üçün... Tənha qalıb bura məskunlaşma faktını da istisna etmirəm. Lakin bu Pansionata övladları, doğmaları tərəfindən gətirilib dövlətin öhdəsinə buraxılan şəxslər də var axı... Vicdanı sızlamadan, arxaya baxmadan ata-anasını, qayınata-qayınanasını “yaşlıdır, sözümüz çəp gəlir”, “gəlinlə yola getmir”, “mane olur” və s. bəhanələrlə canını qurtarmış hesab edən övladlarını (əgər onlara övlad demək olarsa?!) bəlkə də bu ahıllar çoxdan bağışlayıb. Onlar bağışlaya bilər, Allah isə bağışlamaz! Unutmaq lazım deyil ki, həyat bumeranqdır!
Yaxşı ki, bu ahıllarımıza sahib çıxan dövlətimiz var. Bu insanları qayğı ilə əhatə edən Prezidentimiz, bu ağsaqqal və ağbirçəkləri daim diqqətdə saxlayan Mehriban xanımımız var! Yaxşı ki, VARSIZ... Allah Sizlərdən razı olsun".
Ruhiyyə