Cəmiyyət insanlar arasında yaranan davranış qaydaları ilə idarə olunur. Davranış qaydalarının bir qismi dövlət tərəfindən müəyyən olunur və qanunlarda öz əksini tapır. Onların pozulmasına isə məsuliyyət nəzərdə tutulur. Davranış qaydalarının bir qismi isə əxlaq normalarına əsaslanır.
Vəzifə insanın zəruri olan haqlı davranışıdır. İnsanın davranış normaları cəmiyyətin və başqa insanların maraqlarına uyğun olmalıdır. İnsan hüquqları haqqında “Ümumi Bəyannamənin” 29-cu maddəsində deyilir: “Hər bir insan yalnız öz şəxsiyyətinin tam inkişafı mümkün olan cəmiyyətin qarşısında məsuliyyət daşıyır...”
Hüquqsuz vəzifə, vəzifəsiz hüquq yoxdur. Hüquq və vəzifələr bir-birindən ayrılmazdır.
Azərbaycan Respublikasının Konstitusiyasının “Vətəndaşların əsas vəzifələri” adlanan IV fəslində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Konstitusiyanın 72-ci maddəsində bildirilir ki, hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir.
Vətəndaşların dövlət qarşısındakı borclarından biri vergi borcudur. Hansı ki, bu, Konstitusiyanın 73-cü maddəsində təsbit olunur. Bildirilir ki, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz.
Vətəni sevmək, vətənə sədaqət hər birimizin borcudur. Elə Konstitusiyamızın 74-cü maddəsi də Vətənə sədaqət adlanır. Bildirilir ki, Vətənə sədaqət müqəddəsdir. Vəzifəyə seçilmə və ya təyinat yolu ilə qanunvericilik, icra və ya məhkəmə hakimiyyəti orqanlarında işləyən şəxslər öz vəzifələrini dürüst və layiqincə yerinə yetirməməyə görə məsuliyyət daşıyırlar və qanunla müəyyən edilmiş hallarda and içirlər.
Vəzifəyə seçilmə və ya təyinat yolu ilə qanunvericilik, icra və ya məhkəmə hakimiyyəti orqanlarında işləyən, Azərbaycan Respublikası Konstitusiyasına sadiq qalacağına and içmiş şəxs dövlətə qarşı cinayətdə, o cümlədən dövlətə qarşı qiyamda və ya dövlət çevrilişində ittiham edilibsə və bu ittiham əsasında məhkum olunubsa, həmin vəzifədən getmiş sayılır və bir daha bu vəzifəni tuta bilməz.
Maddə 75. Dövlət rəmzlərinə hörmət. Bu maddədə göstərilir ki, hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir.
Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
76-cı maddədə - Vətəni müdafiə - bildirilir ki, Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər.
Vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir.
Tarixi və mədəniyyət abidələrimizi qorumaq da vətəndaş kimi üzərimizə düşən vəzifələrdən biridir. Tarix və mədəniyyət abidələrini qorumaq hər bir şəxsin borcudur. Bundan başqa, ətraf mühitin qorunması hər bir şəxsin borcudur.
Heç kəs Azərbaycan Respublikasının Konstitusiyasına və ya qanunlarına zidd vəzifələrin icrasına məcbur edilə bilməz. Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.
Əxlaq normalarına aid olan davranış qaydaları isə illər boyu cəmiyyət inkişaf etdikcə yaşayış mühitindən və həmçinin dindən asılı olaraq formalaşıb.
İnsan daim öz fikirlərinə nəzarət etməli, cəmiyyətə, ətraf mühit üçün faydalı olmalıdır. Bu faydalılığın nəticəsində normal cəmiyyət yaranır ki, bu da insanın ətrafındakılara qarşı olan vəzifələrinin əhəmiyyətini artırır. Həmçinin insan öz sağlamlığına daim fikir verməli, digər insanlara kömək etməlidir.
Hüquqi dövlətin sosial əsasını özünütənzimləyən vətəndaş cəmiyyəti təşkil edir. Hüquqi dövlətin vətəndaş cəmiyyətinin forması kimi çıxış edir, bu tip dövlətin mərkəzində də insan və onun maraqları durur. Sosial təsisatlar vasitəsilə vətəndaşların yaradıcılıq imkanları üçün şərait yaranır, plüralizmi, şəxsi hüquq və azadlıqları təmin edilir. Stabillik hüquqi dövlətin sosial əsasını daha da möhkəmləndirir.
Bərabərlik, azadlıq, ədalət və humanizm kimi ümumbəşəri dəyərlər hüquqi dövlətin mənəvi əsasını təşkil edir. Bu dəyərlər dövlət idarəçiliyinin demokratik metodlarında, ədalət və ədalət məhkəməsində, dövlət və şəxsiyyətin qarşılıqlı münasibətlərində prioritet azadlıq və hüquqlarda azlıqların hüquqlarının qorunmasında, müxtəlif dini dünyagörüşlərinə tolerant, dözümlü münasibətlərdə öz ifadəsini tapır.
Azərbaycan Respublikasının Konstitusiyasında hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu əsas məqsəd kimi göstərilir. Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək; vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq; xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq; ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək.
Vətəndaşların və dövlətin suverenliyində özünü büruzə verən hüquqi dövlət vətəndaşların bərabərliyini, ailənin, mülkiyyətin, şəxsi həyatın təhlükəsizliyini reallaşdırır, dövlətin daxili və xarici suverenliyini gerçəkləşdirir. Bütün ölkə üçün ümummilli qərar qəbul edilir, ictimai nəzarət tətbiq edilir, müstəqil xarici siyasət yürüdülür. Hüquqi dövlətdə hakimiyyət xalqa məxsusdur və onun mənafeyinə xidmət edir. O, elə bir suveren dövlətdir ki, özündə xalqın, millətin, ölkədəki digər xalqların və milli azlıqların da suverenliyini özündə əks etdirir. Hakimiyyətin aliliyini, ümumiliyini, tamlığını, müstəsnalığını həyata keçirən belə dövlət tipi bütün vətəndaşlar üçün ədaləti, haqqı, azad ictimai münasibətləri təmin edir. Hüquqi dövlətdə özbaşınalığa və qanunsuzluğa yer olmur. Dövlətin və xalqın suverenliyinə qəsd edildikdə, hüquqi qanun çərçivəsində güc tətbiq edilir. İnkişaf etmiş demokratik dövlət şəraitində hakimiyyəti həyata keçirən xalqın mandatı, qanunverici və nəzarət funksiyasını yerinə yetirən nümayəndəli orqanlar, yerli bələdiyyələr, özünüidarə orqanları, güclü və müstəqil məhkəmələr mövcud olur, azadlıq və rifah təmin olunur, heç bir dövlət orqanı, heç bir vəzifəli şəxs, ictimai təşkilat, heç bir insan qanunu poza bilmir. Hüquqi və demokratik dövlətdə konstitusiya qanunları hüquqi baza kimi ictimai həyatın bütün sahələrini tənzimləyir.
Əsas insan hüquq və azadlıqları dedikdə, insana xas olan fundamental hüquq və azadlıqlar nəzərdə tutulur. Bir insanın yaşaması və ömür sürdüyü müddətdə istifadə edəcəyi imtiyazlar var. “Mülkiyyət hüququ, o cümlədən mənzil toxunmazlığı hüququ, şəxsi həyat hüququ, söz, ifadə azadlığı hüququ və s” hüquqlarından, onların müdafiə mexanizmlərindən xəbərdar olmayanların sayına da rast gəlinməsindən təəssüflənmək lazımdır. Bir insanın öz hüquqlarını öyrənmək istəməməyi onun hüquqlarının pozuntusu ilə nəticələnməməlidir. Yəni bir insan hüquqlarını, onu müdafiə mexanizmini bilməyə bilər. Buna görə dövlət orqanları xüsusi qurumlar, hüquq və mühafizə orqanları vasitəsilə insanların pozulan hüquqlarını bərpa edirlər.
Hər bir vətəndaş öz hüquqlarını bilməli və onlara əməl olunmasını tələb etməlidir. Eyni zamanda, öz vəzifələrini də dərindən öyrənməli və onları yerinə yetirməlidir. Əslində hüquq və vəzifələr vəhdət təşkil edirlər. Sən hüququnu tələb edirsən, vəzifəni isə yerinə yetirməlisən. Azərbaycan Respublikası Konstitutsiyası 2-ci bölməsinin 3-cü fəsli vətəndaşın hüquq və azadlıqlarından, 4-cü fəsli isə onun vəzifələrindən bəhs edir.
Hüquqmu əsasdır, yoxsa vəzifəmi? Bu gün insanların daha çox düşündürən, cavab axtardıqları suallardan biri də elə budur. Liberal təfəkkürdə olan insanlar fikirləşirlər ki, “mənim hüquqlarım təmin edilməlidir ki, mən də öz vəzifəmi layiqiylə yerinə yetirə bilim”. Mühafizəkar insanlar isə məsələyə fərqli prizmadan yanaşırlar: “Hər kəs üzərinə düşən vətəndaşlıq vəzifələrini həyata keçirərsə onların hüquqları da məntiqi ardıcıllıqla bərpa olunacaq”.
Yuxarıda qeyd etdiyim kimi, vəzifə insanların davranışlarıdır. Cəmiyyət isə bu davranış qaydaları ilə idarə olunur. Bu davranış qaydalarının bir qismi qanunlarda öz əksini tapır, bunları pozanlar isə müəyyən çərçivədə cərimə olunurlar. Vətənə sədaqət, rəmzlərə hörmət, vətəni müdafiə, ətraf mühiti qorumaq və məsuliyyət bu qəbildən olan vəzifələrimizdir. Bəs digər qismi? Yaxşı bir vətəndaş olmaq üçün cəmiyyətin digər üzvləri ilə yola gedərək bir arada yaşamağı bacarmaq lazımdır. İnsanları sevmək, onlara hörmət göstərmək, möhtaclara yardım əli uzatmaq və xeyirxahlıqda yarışmaq cəmiyyət qarşısındaki əsas vəzifələrimizdir. İnsanın davranışlarına təsir edən müəyyən vicdani faktorlar mövcuddur. Bunlara dini, əxlaqı, adət və ənənələri, norma və dəyərləri missal verə bilərik. Təbii ki, bu proseslərdə düzgün sosiallaşdırma vasitələrinin rolu danılmazdır. Sosiallaşma isə insanın dünyaya gəldiyi andan etibarən başlayaraq dünyasını dəyişdiyi ana qədər davam edən bir prosesdır.
Yuekunlaşdıraraq deyə bilərəm ki, hüquq və vəzifələr vəhdət təşkil edir. Hər bir vətəndaş öz hüquqlarını yaxşı bilməli və onlara əməl olunmasını tələb etməklə yanaşı, öz vəzifələrini də yaxşı bilməli, onları yerinə yetirməlidir.
Əli İbrahimov-hüquqşünas