
“Bu kimi zirvə görüşləri sübut edir ki, Azərbaycan, Türkmənistan və Özbəkistan regionda inteqrasiya və iqtisadi əməkdaşlıq üçün ciddi iradə göstərirlər. Gələcəkdə bu formatın praktiki nəticələr gətirən stabilləşmiş platformaya çevrilməsi mümkündür və buna heç bir şübhə yoxdur”.
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı İlham Məmmədov Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüşü şərh edərkən səsləndirib. Millət vəkili bildirib ki, bu günkü sammit, Mərkəzi Asiyanın iki ölkəsi, eləcə də Azərbaycan arasında möhkəm iqtisadi, nəqliyyat, enerji və mədəni bağları gücləndirmənin, həmçinin regional inteqrasiya və sabitliyin artırılmasının real addımı kimi əhəmiyyət kəsb edir:
“Yüksəksəviyyəli görüş zamanı imzalanan sənədlər regionda nəqliyyat-logistika infrastrukturlarının və tranzit imkanlarının artırılması, enerji və humanitar layihələrin genişləndirilməsi üzrə konkret addımları ehtiva edəcək.
Bu sammit, Orta Dəhliz kimi beynəlxalq tranzit marşrutlarının effektivliyinin artırılmasına və regionda daha sıx inteqrasiyaya stimul verə bilər. Ümumilikdə, bu görüş, Türk dünyasında strateji əməkdaşlığın yeni səviyyəyə yüksəlməsi üçün güclü təməl rolunu oynayacaq”.
İlham Məmmıdov qeyd edib ki, Özbəkistan, Türkmənistan və Azərbaycan liderləri arasında ilk dəfə bu formatda görüş keçirilir. Millət vəkilinin sözlərinə görə, bu görüş həm siyasi, həm də regional strateji əməkdaşlığa töhfə verəcək yeni bir mərhələ kimi qiymətləndirilə bilər.
Azərbaycan–Türkmənistan–Özbəkistan formatında üçtərəfli görüşüün ilk dəfə 5 avqust tarixində keçirildiyini xatırladan İlham Məmmədov, həmin görüşdə Azərbaycanın Baş naziri Əli Əsədovun iştirak etdiyini diqqətə çatdırıb. Millət vəkili deyib ki, həmin görüş zamanı da humanitar və mədəni əlaqələr, iqtisadi əməkdaşlığın gücləndirilməsi, xüsusilə nəqliyyat, logistika və enerji sahələrinin müzakirə edildiyini vurğulayıb.
Qeyd edək ki, bu gün Türkmənistanda üç ölkənin liderləri — Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Halk Maslahatının sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bir araya gəliblər. Üçtərəfli formatda keçirilən sammitdə iqtisadi və ticarət əməkdaşlığı, nəqliyyat və kommunikasiya, enerji sektorunda əməkdaşlıq, humanitar məsələlər müzakirə edilib.
Süleyman