
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidenti Vüqar Oruc AQC İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinə rəhbərlik etdiyi qurumun qarşısında duran vəzifələr barədə fikirlərini bölüşüb:
– AQC-nin tərkibində Elmi-Metodiki Şura təsis olunub. Siyahı ilə tanış olduqda nüfuzlu iqtisadçı alimlərin bu şurada təmsil olunduğunu görürük. Şuranın fəaliyyət istiqamətləri nədən ibarət olacaq?
– Elmi-Metodiki Şuranın yaranmasında əsas məqsəd qiymətləndirmə fəaliyyətinin nəzəri və praktiki bazasını gücləndirmək, beynəlxalq standartların milli standartlara adaptasiyasını təmin etməkdir. Burada yer alan nüfuzlu alimlər həm metodoloji sənədlərin hazırlanması, həm də təlim-tədris proqramlarının formalaşdırılması üzərində işləyəcəklər. Şura yeni qiymətləndirmə metodlarının tətbiqinə, sahə üzrə elmi tədqiqatların təşviqinə və peşəkar kadr hazırlığının keyfiyyətinin artırılmasına çalışacaq. Elmi-metodiki fəaliyyətin təşkili və əsas istiqamətlərini müəyyən etmək, təcrübə mübadiləsi və tədbirlər sisteminin işlənib hazırlanmasını, tədris prosesinin metodiki təminatının təkmilləşdirilməsi üçün elmi yanaşmaların işlənməsini təmin etmək, tədris-metodiki materialların müzakirəsi və nəşri üçün tövsiyələr vermək, innovativ fəaliyyətlərin təşkili məqsədilə fəaliyyət göstərmək əsas hədəfimizdir. Şura eyni zamanda AQC-nin nəzdində elmi jurnalı da ərsəyə gətirəcək. Artıq bu istiqamətdə müvafiq qurumlarla müzakirələr yekunlaşmaq üzrədir və əminik ki, qiymətləndirmə sektoru da daxil olmaqla ekosistemin müxtəlif sahələrinə dair qiymətli elmi məqalələr bu jurnalda dərc olunacaq.
AQC sədrinin müavini, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru İbrahim Quliyevin rəhbərlik etdiyi şurada AR Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir, Bakı Avrasiya Universitetinin kafedra müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Vüsalə Nağıyeva, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Nəzakət Musayeva, Azərbaycan Texniki Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Natavan Namazova, iqtisad üzrə fəlsəfə doktoru, dosent Ülkər Sadıqova, Azərbaycan Memarlıq-İnşaat Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru İlqar Məmmədov, Azərbaycan Texniki Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Əliheydər Panalıyev, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Bulud Sadıqov, Beynəlxalq idarəetmə sistemləri (standartları) üzrə mütəxəssis, Britaniya Standartlar İnstitutunun və LRQA (Lloyd s Register) İSO 9001,İSO 45001 standartları üzrə aparıcı auditoru Asif İbrahimov və Bakı Avrasiya Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Pərvin Verdiyeva fəaliyyət göstərəcklər.
– Azərbaycanda elmi jurnallar siniflərə bölünüb. A, B, C siniflərinə aid edilən bu jurnallara marağı artırmaq üçün hansı addımlar atılmalıdır? Qiymətləndirmə sektorunda yenilik sayılacaq elmi jurnalı digərlərindən fərqləndirən səciyyəvi xüsusiyyətlər hansılardır?
– Elmi jurnallara marağı artırmaq üçün ilk növbədə onların beynəlxalq elmi bazalarda indeksləşdirilməsi təmin olunmalı, məqalə təqdimetmə və ekspertiza prosesi şəffaf, obyektiv və operativ qurulmalıdır. Bizim nəşrini planlaşdırdığımız qiymətləndirmə jurnalı A sinfinə daxil olmaq üçün beynəlxalq akademik tələblərə uyğun hazırlanacaq. Əsas fərqimiz ondan ibarətdir ki, bu jurnal həm nəzəri, həm metodoloji, həm də real bazar təcrübəsini əks etdirən məqalələri toplayacaq. Bundan əlavə regional və beynəlxalq müəlliflərin iştirakı ilə multidissiplinar yanaşma tətbiq ediləcək. Çox təəssüf ki, ölkəmizdə elmi jurnal ekosisteminin zəif inkişafı alimlərin xaricdə jurnal axtarmasına, bununla da bir çox hallarda qeyri-peşəkar jurnalların tələsinə düşməsinə münbit şərait yaradır. Ekspertizasız, böyük məbləğdə maliyyə hesabına dərc olunan bu məqalələr zəhmət bahasına başa gələn elmi tədqiqat işlərini də heçə endirir. Tədqiqatçılar qarşısında qoyulan xarici elmi jurnalda nəşr tələbi tədqiqatçını alimlərimizi çıxılmaz duruma salır. Bir çox sahələr var ki, o sahələrdə demək olar ki, elmi jurnallar nəşr olunmur. Qiymətləndirmə sahəsi də bu sahələrdən biridir. Hansı ki, qiymətləndirmə sektopru inkişaf edir, iqtisadiyyatdakı payı artır və peşəkar rəylərin hazırlanması üçün bu sahədə də ciddi elmi təcrübələrə ehtiyac var.
Bilirsiniz ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti ilə yanaşı, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasına (CAATS) da rəhbərlik edirəm. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıtsan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyətinin qiymətləndirmə birlikləri kollektiv şəkildə CAATS-da təmsil olunurlar. Eyni zamanda rəsmi qaydada üzv olmasalar da, Rusiya, Belarus, Gürcüstan qiymətləndirmə birlikləri də Şuranın fəaliyyətində yaxından iştirak edirlər. Digər ölkələrin qiymətləndirmə birlikləri ilə də fəal təmaslarımız mövcuddur. Nəşr edəcəyimiz jurnalda azərbaycanlı alimlər və qiymətləndiricilərlə bərabər, xarici mütəxəssislər də elmi məqalələrlə çıxış edəcəklər. Əsas məqsədimiz beynəlxalq arenaya çıxmaq və beynəlxalq qiymətləndirmə standartlarının təkmilləşməsinə töhfə verməkdir. Yerli qurumlarla yanaşı, xarici təşkilatlarla da danışıqlar aparır, Azərbaycanda qiymətləndirmə və ekosistemin tərəqqisinə real töhfələr verəcək jurnalın ərsəyə gətirməyə çalışırıq.
– Azərbaycan Qiymətləndiricilər Palatası ilə münasibətlər hansı səviyyədədir? AQP və AQC arasında təmaslar necə tənzimlənir və qarşılıqlı əməkdaşlıq istiqamətində hansı addımları atmağı düşünürsünüz? Yeni Qanuna hər hansı əlavə və ya dəyişiklik barədə təklifləriniz olacaqmı?
– Eyni sektorda olduğumuz üçün Azərbaycan Qiymətləndiricilər Palatası ilə münasibətlərimiz qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə əsaslanmalıdır. AQC olaraq Palata ilə birgə peşə standartlarının təkmilləşdirilməsi, qiymətləndiricilərin sertifikatlaşdırılması və peşə etikasının qorunması istiqamətində layihələr həyata keçirə bilərik. Bundan əlavə təlimlər, seminarlar, birgə konfranslar və beynəlxalq tədbirlərdə ortaq çıxışlar da diqqətimizdədir.Məqsədimiz ümumi peşə məkanını daha sağlam və beynəlxalq rəqabətə davamlı hala gətirməkdir. Palata inzibati qaydada sektoru tənzimləsə də, AQC bu sahədə dərin təcrübəyə malikdir və ölkəmizin əksər peşəkar qiymətləndiricilərinin yolu buradan keçib. Şübhəsiz ki, bundan sonra da sektorun tərəqqisinə töhfələrimizi verməyə davam edəcəyik.
Qeyd edim ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” ilk qanun 1998-ci ildə qəbul edilib. 2023-cü ildə qanun layihəsi yenilənib və AQC olaraq biz də bu prosesdə yaxından iştirak etmişik. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində aparılan ilkin müzakirələr zamanı öz təkliflərimizi diqqətə çatdırmışıq. Baş nazir Əli Əsədovun sərəncamı ilə yaradılan, Ədliyyə, İqtisadiyyat və Maliyyə Nazirliklərinin, eləcə də Dövlət İmtahan Mərkəzinin rəsmilərinin təmsil olunduğu Təşkilat Komitəsinin genişləndirilmiş iclaslarına qatılmışıq. Qiymətləndiricilər Palatasını formalaşdıracaq qiymətləndiricilərin müəyyənləşdirilməsi üçün Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda təqdim olunacaq sualların hazırlanması ekspertlərimiz tərəfindən həyata keçirilib.
2023-cü ilin sonunda qəbul edilən yeni qanunda bir çox mütərəqqi yeniliklər olsa da, müəyyən boşluqlar da olmamış deyil. Qnunda göstərilir ki, qiymətləndirmə fəaliyyəti 9 istiqamət üzrə həyata keçirilir. Müəssisələrin, daşınar əmlakın, daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin, daşınar və daşınmaz mədəni irs nümunələrinin, mədəni sərvətlərin, tarix, mədəniyyət və təbiət abidələrinin, qeyri-maddi əmlak nemətlərinin və qiymətli kağızlarının, kreditor borcların və digər öhdəliklərin, təbii sərvətlər, dəymiş zərərin, əldən çıxmış mənfəətin və risklərin, xidmətlərin qiymətləndirilməsi bu qəbildəndir. Qanun qəbul edilərkən təklif etdik ki, qiymətləndirmə istiqamətləri optimallaşdırılsın. Bu gün də təklifimiz qüvvədədir və hesab edirəm ki, qanuna yenidən baxmağın zamanıdır. Təsəvvür edin ki, müəssisənin qiymətləndirilməsi üzrə şəhadətnamə alan qiymətləndirici başqa sahələrdə qiymətləndirmə apara bilməz. Hansı ki, misal üçün, müəssisəni qiymətləndirən qiymətləndirici həm də aktivləri qiymətləndirməlidir. Aktivlərin içərisində daşınar və daşınmaz əmlak da qiymətləndirir. Müəssisə qiymətləndirən qiymətləndirici digər 5 sahəni də qiymətləndirə bilər, çünki həmin sahələr müəssisənin maliyyə hesabatının tərkib hissəsi ilə birbaşa əlaqəlidir. Yaxud, daşınar və daşınmaz əmlakların qiymətləndirmələri bir-birinə yaxın sahələrdir. Bu istiqamətlərdən birində fəaliyyət göstərən qiymətləndirici digərində də eyni səviyyədə öz xidmətini göstərə bilər. Siyahını uzatmaq da olar. Bu səbəbdən qiymətləndirmə istiqamətləri birləşdirilməli, onların sayı 9-dan 3 və ya 4 həddinə endirilməlidir. Qonşu dövlətlərdə və beynəlxalq təcrübədə istiqamətlərdən çox, peşəkarlıq səviyyəsinə görə bölgülər aparılır
– 2002-ci il mayından 2025-ci il may ayına qədər olan dövrdə AQC ciddi uğurlara imza atdı və ölkəmizin aparıcı peşə birliklərindən birinə çevrildi. Yenidən AQC sədri seçildiniz və növbəti üç il üçün fəaliyyətinizdə hansı yenilikləri müşahidə edəcəyik?
– Qarşıdakı üç ildə əsas prioritetlərimizdən biri rəqəmsal qiymətləndirmə platformasının yaradılmasıdır ki, bu da həm işin sürətini, həm də şəffaflığını artıracaq. İkinci istiqamət beynəlxalq əməkdaşlıq çərçivəsində Türk Dövlətləri və digər ölkələrin peşə birlikləri ilə birgə layihələr həyata keçirməkdir. Üçüncü istiqamət isə peşəkar inkişaf proqramlarının genişləndirilməsi, gənc qiymətləndiricilərə mentorluq sisteminin qurulmasıdır. Bununla yanaşı, biz qiymətləndirmə sektorunun hüquqi bazasının təkmilləşdirilməsində də aktiv iştirak edəcəyik. Dövlət qurumları, beynəlxalq təşkilatlar, maliyyə təsisatları, vətəndaş cəmiyyəti insitutları, habelə Azərbaycan Qiymətləndiricilər Palatası ilə aktiv təmaslarımız davam edəcək. Əsas məqsədlərimizdən biri və bəlkə də başlıcası sektorda ehtimal olunan monopolist cəhdlərin qarşısının alınması, Rəqabət Məcəlləsinə uyğun fəaliyyətin təşkili, öz-özünü idarəetmə formasının yarada biləcəyi özbaşınalıqları müvafiq dövlət qurumlarının dəstəyi və iştirakı ilə maksimum zərərsizləşdirməkdir. Bununla bağlı verdiyimiz təklifdı qeyd olunur ki, Maliyyə Nazirliyinin nəzdində qiymətləndirmə, maliyyə-mühasibat və audit sektorunun tənzimləməsinə nəzarəti həyata keçirəcək strukturun yaradılsın. Bu, olduqca vacibdir.
Təvazökarlıqdan uzaq olsa da, sizin də qeyd etdiyiniz kimi, ötən üç il ərzində qiymətləndirmə sektorunun inkişafına ciddi töhfələr verdik. Bundan sonrakı dövr üçün iddialarımız daha çoxdur və heç şübhəsiz burada əldə etdiyimiz zəngin təcrübə də vacib rol oynacaq. AQC yeni dövrə çox ciddi şəkildə hazırlaşır və sektora mühüm yeniliklər gətirəcəyik.
- Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının fəaliyyətində hansı yeniliklər gözlənilir?
- 2023-cü ildən etibarən Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurası (CAATS) fəaliyyətə başlayıb. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, regionda ən aparıcı qiymətləndirmə platformasıdır. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızısıtan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyəti kollektiv şəkildə CAATS-da təmsil olunurlar. 700-dən artıq şirkət və minlərlə qiymətləndirici şurada cəmləşib. Bu günə qədər iki dəfə Azərbaycanda, Türkiyədə, Qazaxıstanda və Özbəkistanda çox yüksək səviyyədə türk dövlətləri qiymətləndiricilərinin forumları keçirilib. Şuranın rəsmi üzvü olmasalar da, Rusiya, Belarus, Gürcüstan qiymətləndirmə birlikləri də qurumun fəaliyyətində yaxından iştirak edir.
Qarşıdakı aylarda Qırğızıstanda türk dövlətləri qiymətləndiricilərinin növbəti forumu keçiriləcək. Foruma ciddi şəkildə hazırlaşırıq və çox ciddi qərarların qəbul olunması gözlənilir. Qürurla bildirə bilərik ki, CAATS olaraq türk dövlətləri qiymətləndiriciləri arasında yüksək həmrəyliyə müvəffəq olmuşuq. Regionun əksər dövlətlərini prosesə cəlb etmişik. Təşkilatlanma mərhələsini uğurla adlamışıq. Növbəti hədəfimiz üzv ölkələr və təşkilatlar arasında vahid məlumat bazasının formalaşmasına və elmi əməkdaşlığın artırılmasına nail olmaqdır. Bu istiqamətdə fəal müzakirələr davam edir. Yəqin ki, növbəti forumda bu barədə yekun qərara gələcəyik. Təcrübə və informasiya mübadiləsi, birgə elm və tədris fəaliyyətinin təşkili, qarşılıqlı tanınma proqramlarının işlənib hazırlanması qarşıda duran əsas hədəflərimizdən biridir.
Süleyman