
“Öztokimaçiliksanoat” birliyinin mətbuat xidmətindən verilən məlumata görə, Türkiyənin Qəhrəmanmaraş bölgəsində tekstil sektoru nümayəndələrinin iştirakı ilə iki ölkə arasında ticarət-iqtisadi və investisiya əməkdaşlığının inkişaf etdirilməsi məqsədi ilə dəyirmi masa keçirilib.
Özbəkistanın Türkiyədəki səfirliyi və “Arıkan Group” şirkəti ilə birgə təşkil olunan tədbirdə Türkiyənin “Kipaş Holding”, “Molcem Nano”, “Elif İplik” kimi iri tekstil şirkətlərinin nümayəndələri iştirak ediblər.
Müzakirələr zamanı iki ölkənin müəssisələri arasında mövcud əməkdaşlıq əlaqələri, yeni investisiya layihələri və bazar imkanları geniş şəkildə nəzərdən keçirilib. Xüsusilə, “Molcem Nano” şirkətinin istehsal proseslərinin bir hissəsini Çırçık texnoparkına köçürdüyü, “Elif İplik” şirkətinin isə Özbəkistana ixrac və birgə layihələrdə maraqlı olduğu vurğulanıb.
Görüşdə qeyd edildiyi kimi, Özbəkistanda “Arıkan Group” ilə birgə istehsal, tədqiqat və təkmilləşdirmə fəaliyyətinin qurulması, Türkiyədə marketinq ofislərinin açılması planlaşdırılır. Bundan əlavə, Daşkənd Tekstil Universiteti ilə milli geyimlərin dizaynına həsr olunmuş bienalin təşkili barədə razılıq əldə olunub.
Tədbirin sonunda tərəflər gələcək planları müzakirə ediblər. Buna əsasən, gələcək əməkdaşlıq çərçivəsində Türkiyə şirkətləri 9-11 sentyabr 2025-ci il tarixlərində keçiriləcək TextileExpo sərgisi çərçivəsində işgüzar missiya ilə Özbəkistana səfər edəcəklər.Bu səfər istehsal, innovasiya və mədəni mübadilə sahələrində əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək.