
Mərkəzi Asiya ölkələri ilə əlaqlərin inkişafı Azərbaycanın xarici siyasətində strateji istiqamətlərdən birini təşkil edir. Bu da təsadüfi deyil. Həm tarixi-mədəni bağlar, çoxəsrlik dostluq və qardaşlıq münasibətləri, həm də iqtisadi, siyasi və geosiyasi maraqlar bu əlaqələrin inkişafını şərtləndirir. Elə bu səbəbdəndir ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əlaqələrin inkişafı son illərdə regionun geosiyasi mənzərəsində mühüm amillərdən birinə çevrilib.
Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında demək olar ki, bütün sahələrdə kifayət qədər uğurlu əməkdaşlıq qurulub və bu əlaqələr hər keçən gün daha da inkişaf edir. Şübhəsiz ki, bu şəkildə inkişaf edən əlaqələr özünü qarşılıqlı səfərlərin dinamikasında da nümayiş etdirir. Qarşılıqlı şəkildə həyata keçirilən yüksək səviyyəli səfərlər ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə inkişaf edən və genişlənən əlaqələrini xarakterizə edir. Təsadüfi deyil ki, son illərdə Prezident İlham Əliyev mütəmadi olaraq Mərkəzi Asiya dövlətlərinə, bu regionda yerləşən ölkələrin başçıları isə Azərbaycana səfərlər edirlər. Həmin səfərlər zamanı imzalanan sənədlər ölkələr arasında əməkdaşlığın genişləndirilməsi üçün möhkəm təməl rolunu oynayır.
Dövlət başçısı İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə avqustun 22-də Türkmənistana işgüzar səfəri də bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Prezidentin son Türkmənistan səfəri və səfər çərçivəsində Azərbaycan, Özbəkistan, Türkmənistan liderləri arasında baş tutan yüksəksəviyyəli üçtərəfli görüş, eləcə də imzalanan sənədlər və verilən bəyanatlar da onu deməyə əsas verir ki, ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük perspektivlər mövcuddur. Sözsüz ki, ölkələr arasında münasibətləri şərtləndirən əsas sahələrdən biri məhz iqtisadi əməkdaşlıqdır. Enerji sektoru, nəqliyyat-tranzit imkanları, ticarət dövriyyəsi və qarşılıqlı sərmayələr əməkdaşlığın mühüm istiqamətlərini təşkil edir.
Səfər çərçivəsində üç ölkənin strateji tərəfdaşlığın möhkəmləndirilməsi kursunu təsdiqləyən birgə bəyanatında da iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi xüsusi olaraq qeyd olunub. Türkmənistan Xarici İşlər Nazirliyinin saytında dərc olunan sənəddə qeyd edilir ki, tərəflər dövlətlər arasında iqtisadi əməkdaşlığın gələcək inkişafı üçün əlverişli şəraitin yaradılmasının zəruriliyi barədə ümumi rəy bildiriblər. Bu kontekstdə tərəflər öz ölkələrinin işgüzar dairələri arasında birbaşa əlaqələri, o cümlədən üç dövlətin ərazilərində sərgilər və biznes forumlar keçirmək yolu ilə əlaqərləri aktivləşdirmək qərarına gəliblər.
Bildirilir ki, onlar həmçinin nəqliyyat əlaqələrinin gücləndirilməsi istiqamətində əməli fəaliyyətlərin intensivləşdirilməsini, üç ölkə xalqlarının maraqlarına cavab verən birgə layihələrin işlənib hazırlanmasını və həyata keçirilməsini dəstəkləyiblər.
Şübhə yoxdur ki, bərabərhüquqlu və qarşılıqlı faydalı münasibətləri özündə ehtiva edən bu əməkdaşlıqda ölkələrimizin Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm geostrateji mövqeyə malik olması, nəqliyyat dəhlizləri də mühüm rol oynayır. Səfər çərçivəsində “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkmənistanın Dəmiryolu Nəqliyyatı Nazirliyi və Özbəkistan Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat-logistika əməkdaşlığı sahəsində Anlaşma Memorandumu”nun imzalanması da onu göstərir ki, tərəflər tranzit dəhlizlərinə xüsusi əhəmiyyət verirlər və bu istiqamətdə birgə işləməyə hazırdırlar.
Məlumdur ki, Cənab Prezidentin Türkmənistana səfəri çərçivəsində Bakı, Daşkənd və Aşqabad strateji tərəfdaşlığın möhkəmləndirilməsi kursunu təsdiqləyən birgə bəyanatda ən yüksək səviyyədə sıx təmasların davam etdirilməsinin, üç ölkənin xarici siyasət sahəsində qarşılıqlı fəaliyyətin və müasir çağırış və təhdidlərə qarşı birgə mübarizə sahəsində əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi də xüsusi olaraq vurğulanıb. Bu amil faktiki olaraq yeni tərəfdaşlıq formatının yaradılmasını ehtiva edir.
Dünyada baş verən hadisələr və meydana çıxan yeni geosiyasi reallıqlar fonunda Azərbaycan və Mərkəzi Asiya respublikalarının əməkdaşlığı həm regionun, həm də bütövlükdə Avrasiya məkanının sabitliyi və inkişafı üçün mühüm əhəmiyyət daşıyır. İqtisadiyyat, enerji, nəqliyyat, humanitar və təhlükəsizlik sahələrində dərinləşən əməkdaşlıq isə Azərbaycan və Mərkəzi Asiyanın Türk dövlətlərini bir-birinə daha da yaxınlaşdırır.
Ümumiyyətlə isə həm Türkmənistan və Özbəkistanın, eləcə də Qazaxıstanın timsalında Mərkəzi Asiya dövlətlərinin də yaxın, dost, qardaş ölkə olan Azərbaycanla əlaqələrə böyük önəm verdiyini görürük. Təsadüfi deyil ki, Vətən Müharibəsində və ondan sonrakı dövrdə bu regionun ölkələri Azərbaycanın haqq işinə dəstək veriblər. Region ölkələri işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-yenidənqurma işlərinə töhfələrini davam etdirirlər. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, yenə də Özbəkistanın Xankəndində inşa etdiyi tikiş fabriki, Türkmənistan lideri Qurbanqulu Berdiməhəmmədovun Qarabağda Türkmənistanın hədiyyəsi olaraq məscid tikintisi üçün təşəbbüslə çıxış etməsi Azərbaycan xalqına, Azərbaycana olan dəstəyinin nümunəsidir, bizim qardaşlığımızın təcəssümüdür.
Son olaraq qeyd edim ki, Azərbaycan-Türkmənistan-Özbəkistan Zirvə görüşü çoxtərəfli münasibətlər baxımından tarixi əhəmiyyət daşıyır və bu görüşün üç qardaş dövlətin əməkdaşlığı tarixində yeni bir səhifə açdığı şübhəsizdir.
Yusif Bağırzadə, politoloq