Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Suda boğulma zamanı ilkin yardım necə olmalıdır?

Suda boğulma zamanı ilkin yardım necə olmalıdır?


Dənizdə çimərkən ehtiyatsız davranışlar təhlükəli nəticələrə səbəb ola bilər. Vaxtında və düzgün yardım göstərməklə suda boğulanları xilas etmək olar.

Maraqlıdır, suda boğulma zamanı ilkin yardım necə olmalıdır?

Çox vaxt suda boğulmağa yorğunluq, suya baş vuran zaman zədə alma, spirtli içkilərdən istifadə, uzun müddət günəş şüaları altında qaldıqdan sonra suya girmə və s. hallar səbəb ola bilər. Suda boğulma zamanı tənəffüs yolları su ilə dolur, hava ağciyərlərə daxil ola bilmir, nəticədə orqanizmdə oksigen çatışmazlığı yaranır.

Newscenter.az-ın xəbərinə görə, TƏBİB-in bununla bağlı yaydığı maarifləndirici xarakterli materialda qeyd edilir ki, batan şəxsə arxa tərəfdən yaxınlaşmaq, onu saçlarından, paltarının yaxalığından və ya qoltuqaltı nahiyəsindən tutaraq üzünü yuxarı çevirməklə onunla birlikdə sahilə tərəf üzmək lazımdır. Batan şəxsin üzü mütləq suyun səthindən yuxarıda olmalıdır.

Belə halla qarşılaşdığınız anda təcili tibbi yardım xidmətinə məlumat verilməli, daha sonra isə zəruri ilkin yardım göstərilməlidir. Əgər zərərçəkənin huşu özündədirsə, tənəffüs və nəbzi qənaətbəxşdirsə, onu arxası üstə quru, sərt döşək üzərində başı aşağı uzatmaq, quru dəsmal və ya əllə ovuşduraraq geyindirmək lazımdır. Zərərçəkənə isti içkilər verib üstünü örtmək tövsiyə olunur. Əgər zərərçəkən sudan çıxarılandan sonra huşsuz vəziyyətdədirsə, amma nəbz və tənəffüsü qənaətbəxşdirsə, bu zaman onu başıaşağıya meyilli olmaq şərtilə uzatmaq, başını arxaya qatlayıb alt çənəsini irəli çəkmək lazımdır. Zərərçəkənin huşu özündə deyilsə, tənəffüs və ürək fəaliyyəti dayanıbsa, tənəffüs yollarını təmizlədikdən sonra ona süni nəfəs verilməli, ürəyin qapalı masajı aparılmalıdır. Əlavə olaraq tənəffüs yollarından mayeni xaric etmək lazımdır. Həmin əməliyyat süni nəfəs verilməsinin gecikdirilməməsi üçün 10-15 saniyədən çox çəkməməlidir.

Sevinc
Xəbəri paylaş