Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan qalib dövlət kimi regionda sülh və əməkdaşlıq gündəliyini irəli sürür

Azərbaycan qalib dövlət kimi regionda sülh və əməkdaşlıq gündəliyini irəli sürür


Bu il artıq ikinci dəfədir ki, Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü qeyd olunacaq. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü təntənəli şəkildə qeyd edilir. Bu əlamətdar günün təsis olunması uzun və məşəqqəti 30 il, minlərlə azərbaycanlı igidin canları və qanları bahasına başa gəlmişdir. Bu günün təsis edilməsi həmçinin Ermənistanın və qondarma Dağlıq Qarabağın terrorçu silahlı dəstələrinin tör-töküntülərinin tərk-silah edilərək ərazilərimizdən birdəfəlik çıxarılması ilə bağlıdır.

Məlum olduğu kimi 2023-cü ilin 19 sentyabrında Ermənistan ordusunun Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxdı və mülki şəxslər həlak oldu. Eyni gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak oldu və yaralandı. Bütün bunlara son qoymaq, təxribatların qarşısını almaq, Üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin etmək və ən nəhayət ölkəmizin Konstitusiya quruluşunu bərpa etmək məqsədilə dövlət başçısı tərəfindən lokal xarakterli antiterror tədbirlərinə başlanılması haqqında əmr verildi.

Cəmi 23 saat 43 dəqiqə davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Bununla da erməni separatçılar ağ bayraq qaldırmağa məcbur oldular və faktiki olaraq son 200 ilə yaxın müddət ərzində regionda mövcud olmuş terrorizmə, separatizmə son qoyuldu.

Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərinə, Xocavənd, Şuşa, Xocalı, Ağdərə rayonlarına səfər etdi, Əsgəran qalasında olub və orada Azərbaycan bayrağını qaldırdı. Həmin tarixdə Azərbaycan lideri İlham Əliyev Xankəndidə çıxış edərək bildirdi ki, bu gün tarixi bir gündür: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.”

Həqiqətən də cənab Prezidentin qətiyyəti və ordumuzun şücaəti ilə Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra ölkəmizin qarşısında duran ən böyük vəzifə - ərazi bütövlüyünün bərpası təmin olunmuş oldu.
Artıq edilmiş torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Şəhərlərimiz yenidən inşa olunur, kəndlərimiz bərpa edilir, yollar, tunellər, elektrik xətləri çəkilir. Bölgəyə həyat qayıdır, insanlarımızın doğma yurdlarına qayıdışı təmin olunur.

Bu proses təkcə infrastruktur layihələri ilə məhdudlaşmır, həm də sosial, mədəni və iqtisadi inkişafın təməlini qoyur. Azərbaycanın əldə etdiyi bu tarixi qələbə təkcə hərbi gücün deyil, həm də milli iradənin, dövlət-xalq birliyinin nəticəsi idi. İndi ölkəmiz qalib dövlət kimi regionda sülh və əməkdaşlıq gündəliyini irəli sürür, yeni geosiyasi reallığın formalaşmasında aparıcı rol oynayır.

Yusif Bağırzadə, politoloq
Xəbəri paylaş