Məmur savadsız, qeyri-peşəkar olanda, rəhbərlik etdiyi sahənin işini çox aşağı səviyyədə biləndə kollektivdə özünün dominantlığını göstərmək üçün nə qədər ağıllı insanlar var onların “başını kəsir”. Dövlət müəssisəsinin iflic vəziyyətinə düşməsinin ilk simptomları həmin vəzifəyə işə aidiyyatı olmayan və buna görə də ixtisaslı, bilikli işçilərə qısqanclıqla yanaşan insanların vəzifə başına gətirilməsidir.
Belə insanlar öz sahəsində heç bir nailiyyəti olmayan, amma həmişə başqa sahələrə də nəzarət etməyə çalışan, “kreslo sevdası” ilə alışıb-yanan insanlardır. Bu “kreslo virusu” tezliklə ətrafdakılara da yoluxur və müəssisə üçün ciddi təhlükə törədə biləcək bir xəstəliyə çevrilir. Qeyd etməliyəm ki, bu naqis xislətin cazibə dairəsinə düşmək daha asandır, nəinki onu müalicə etmək. Bu virusa yoluxmuş adam özündən daha bacarıqlı insanları özündən uzaqlaşdırmaqla yanaşı, gələcəkdə ondan güclü ola biləcək şəxslərin öz yanına gəlmələrinə də mane olar. Bu virusu daşıyan birisi müəssisənin rəhbəri olduqda müavin vəzifəsinə özundən nisbətən bacaraqsız adam gətirəcəkdir. Eləcə də müavin əlinin altında öz qabiliyyətlərinə görə daha zəif bir məmurun çalışmasını istəyəcəkdir. Nəticədə ierarxiyanın bütün pillələrində tutduqu postun haqqını verə bilməyən insanlar qərarlaşacaqlar.
Amma bunun əksi olaraq ağıllı (savadlı) rəhbərlər müxtəlif xarakterlərə, bilik və bacarıqlara malik olan insanların öz istedadlarını üzə çıxarmalarına şərait yaradacaqlar, onların kiçik qruplar halında birləşmələrini təmin edəcəklər, onların təkliflərini dinləyər, kamanda rühünu yüksəltməklə məqsədlərə doğru düşünülmüş addımlar atılacaqdır. Məhz bu halda o, adi rəhbərdən liderlik mövqeyinə yüksəlmək imkanı əldə edəcəkdir. Bu zaman inkişafa nail olmaq olar.
Əli İbrahimov-hüquqşünas