Təəccüblü və təəssüflü məsələ ABŞ və Fransa səfirlərinin Azərbaycan hökumətinin Şuşada keçirilən tədbirə dəvətini qəbul etməmələri və iştirak etməmələridir. Çox qəribədir. Və səbəb nədir ki, bu iki Minsk Qrupu həmsədrləri olan dövlətlərin Azərbaycandakı təmsilçiləri, misal, Ağdam, Fizuli kimi işğaldan azad olan yerlərə səfər edirlər, Şuşaya yox? Niyə axı, fərqi nədir?
Fərq yalnız odur ki, Şuşa Ağdam və Fuzulidən fərqli, keçmiş Dağlıq Qarabağın ərazisində idi... Demək bu ölkələr, Şuşaya bu cür münasibətlə. 'Dağlıq Qarabağın' erməni separatçı, işğalçı və terrorçulardan azad edilməsi faktını tanımırlar, yaxud qəbul etmək istəmirlər? Demək, Dağlıq Qarabağın Azərbaycan ərazisi olmasını şübhə altına qoyurlar, bu cür fərq və bu münasibətlə? Və Şuşa Azərbaycan ordusunun 44 gün savaş və zəfər simvolu olmaqla, bu zəfəri tanımırlar?
Onda sual yaranır. ABŞ və Fransa beynəlxalq hüquq və BMT qətnamələrinə uyğun, nədən Azərbaycanın Şuşa və bütün Qarabağla daxil ərazi bütövlüyünü tanıyıblar? Tanıyıblarsa, bu Qarabağ ərazisinin mühüm strateji şəhəri olan Şuşaya niyə fərq qoyub səfər etmək istəmirlər? Bu iki ölkə 30 ilə yaxın Azərbaycanın işğaldan azad olunması və ərazi bütövlüyü bərpasının dinc yolla həlli üçün yaranan Minsk Qrupunda niyə iştirak edirdi, məqsəd və hədəfləri nə idi?
Və nəhayət, necə ola bilər ki, bir ölkənin ərazi bütövlüyü, suverenliyini tanıyıb, qəbul edərək bu ölkəyə səfir göndərilsin, həmin səfirlər isə, həmin ölkə ərazisindəki şəhəri, onun inzibati ərazi vahidi kimi qəbul etməyərək, digər ərazi ilə fərq qoyub, bu şəhərə səfər etməyə? Bu bir, siyasi-diplomatik absurdluq təzahürü deyilmi?
Necə olar, əgər Ermənistandakı ABŞ və Fransa səfirləri bu ölkənin Sünik-Zəngəzur ərazisində yerləşən Qafan şəhərinə səfərdən imtina etsə, digər şəhərlərinə səfər etməkdə fərq qoysalar? Sual qarşısında qalmazlarmı, ya sən bu ölkəni bütün ərazi və suverenliyi ilə tanıyırsan, ya yox?
Azərbaycanın bütünlüklə ərazi və suverenliyini dünya, BMT, beynəlxalq hüquq tanıylb, tanıyır. Azərbaycanın ərazi bütövlüyü və suverenliyini Azərbaycan xalqı, dövləti və ordusu qanı, canı ilə qoruyaraq, işğalçıları qovaraq, təsdiq edib! Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyan ölkələrin buraya göndərdiyi səfirlər də gərək bu ölkənin bütün ərazisinə hörmət etsin, hüquqi, siyasi, diplomatik möcüzə yaratmadan.
İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbıri