Azərbaycan müdafiə naziri Zakir Həsənov bu gün Türkiyəyə səfər edəcək. O, Zəfər Bayramının 100-cü ildönümü münasibətilə keçiriləcək silsilə tədbirlərdə iştirak edəcək. Əlbəttə, səfər çərçivəsində Zakir Həsənov həmkarı Hulusi Akarla da görüşəcək.
Nazirlər ikitərəfli və regional məsələlər barədə fikir mübadiləsi aparacaqlar. Sözsüz, tərəflər Cənubi Qafqaz, o cümlədən Qarabağdakı durum haqqında da fikir mübadiləsi aparacaqlar. Ermənilərin Laçın şəhərindən, həmçinin Zabux və Sus kəndlərindən çıxması gündəmdə ola bilər. Bundan başqa, nazirlər Qarabağdakı sülhməramlıların fəaliyyətini dəyərləndirə bilərlər. İstisna deyil ki, Həsənov və Akar Ermənistanla münasibətlərin normallaşması prosesi barədə də bir- birilərini məlumatlandıracaqlar.
Bundan başqa, Rusiya ilə Ukrayna arasında davam edən müharibə də, çox güman, gündəmdə olacaq. Yəqin ki, nazirlər bundan sonra da koordinasiyalı addım atmaq barədə razılığa gələcəklər. Akar Ukraynadan taxıl icrası prosesi haqda həmkarına məlumat verə bilər.
Həmçinin Türkiyə ilə Yunanıstan arasında münasibətlər, Suriya və İraqdakı durum da yəqin ki, gündəlikdə olacaq.
Nazirlərin birgə növbəti hərbi təlimlərə dair müzakirə aparması da istisna deyil. Bütün hallarda sözügedən görüş həm ikitərəfli, həm də regional əhəmiyyətlidir.
Kənan Novruzov-siyasi ekspert