Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezident İlham Əliyev cari ilin 2 sentyabr tarixində İtaliyaya işgüzar səfəri çərçivəsində İtaliyanın Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edib. Dövlətimizin başçısı çıxış zamanı dünyada enerji təhlükəsizliyinin təmin olunmasının əhəmiyyətindən, Azərbaycanın yürütdüyü uğurlu enerji siyasətindən, həyata keçirdiyi layihələrdən və enerji təhlükəsizliyinə verdiyi töhfələrdən ətraflı bəhs edərək forum iştirakçılarını və dünya ictimaiyyətini məlumatlandırıb.
Newscenter.az-ın xəbərinə görə, məsələ ilə əlaqədar açıqlama verən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılovun sözlərinə görə ölkəmiz bütün sahələrin inkişafını diqqətdə saxladığı kimi, enerji siyasətinin də dövlətimizin və xalqımızın maraqlarına uyğun olmaqla, uğurla həyata keçirilməsində maraqlıdır. Enerji siyasətinin dövlətin inkişafı, iqtisadi imkanları, xalqın rifahının qazanılmasında, dünyaya tanıdılmasında rolunun müstəsna olduğu heç kimə sirr deyil. Təəssüflər olsun ki, 1990-cı illərin əvvəlində yenicə müstəqillik qazanmış Azərbaycanın enerji siyasəti də ciddi təhlükələrlə üz-üzə qalmış, bu sahədə heç bir addım atılmamışdır. Ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından və bu sahənin dirçəldilməsinə başlanılmasından, yeni enerji layihələrinin həyata keçirilməsindən sonra dövlətimizin uğurlu və məqsədyönlü enerji siyasətinin əsası qoyulmuş oldu: “Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Artıq Azərbaycan təkcə ölkə daxili tələbatları üçün çalışmır, xarici ölkələrlə, xüsusilə Avropa ölkələri ilə enerji siyasəti çərçivəsində fəal əməkdaşlıq edir. Ölkəmiz dünyanın ayrılmaz parçası olan Avropanın enerji təhlükəsizliyinə öz əvəzsiz töhfəsini verməklə enerji təhlükəsizliyinin qlobal dünyamızda yüksək əhəmiyyətini sərgiləmiş olur. Təsadüfi deyil ki, ABŞ-ın Prezidenti Cozef Bayden Azərbaycan Prezidentinə ünvanladığı məktubda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu xüsusi qeyd etmişdir. Vurğulamaq lazımdır ki, Azərbaycan dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə xarici siyasət kursunda strateji hədəflərinə doğru inamla və qətiyyətlə addımlayır. Qonşu və qeyri-qonşu dövlətlərlə uğurlu münasibətlərin qurulmasında və müxtəlif sahələrin inkişafında əməli addımlar atır. İtaliya ilə hazırkı əlaqələrimiz də bu baxımından təqdirəlayiqdir. İtaliya ilə uzun illərə dayanan uğurlu ikitərəfli münasibətlərimiz bir sıra sahələri əhatə edən razılaşmalar və imzalanan sənədlərin əsasında xüsusi əhəmiyyət daşıyır”.
Rayon təşkilatının sədrinin sözlərinə görə dünyada cərəyan edən siyasi çaxnaşmaların, qarşıdurmaların fonunda ölkələrimiz arasında siyasi dialoq olduqca fəaldır və ikitərəfli gündəliyimizə yeni, vacib mövzular daxil olunub. XXI əsrdə dövlətlər arasında bütün məsələlərin siyasi dialoq, qarşılıqlı anlaşma əsasında öz həllini tapması, fəal əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi dövlətlərin və xalqların təhlükəsizliyinin qarantı olmaqla yanaşı, ancaq inkişafa və tərəqqiyə xidmət edir. Məhz hər iki dövlətin rəhbərliyinin uzaqgörən siyasəti nəticəsində ölkələrimiz təhlükəsizliyin, sabitliyin, inkişafın və rifahın ana xəttini təşkil etdiyi gələcək hədəflərinə istiqamətlənib.
İtaliya ilə əlaqələrimizin qurulmasında və bu günkü səviyyəyə yüksəlməsində enerji sahəsində görülən işlər əsas rol oynayır. Dövlət başçısı forumdakı çıxışında bildirib ki, dünya bazarına enerji tədarükünü şaxələndirməklə biz Avropanın enerji xəritəsini dəyişməyə nail olmuşuq. Uzun illərdir ki, Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir. Biz iki strateji neft boru kəmərinin inşası ilə Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü üzərimizə götürdük. Biri Türkiyənin Aralıq dənizi sahilindəki limana qədər uzanır, digəri isə Gürcüstanın Qara dəniz sahilindəki limana qədər. Digər tərəfdən, ölkəmiz Avropaya qaz ixracını iki dəfə artırmağı və tədarük coğrafiyasını genişləndirməyi planlaşdırır. On ildən artıqdır ki, qonşu ölkələr üçün etibarlı qaz tədarükçüsüyük və TAP kəmərinin işə düşməsindən sonra Azərbaycan Yunanıstan, Bolqarıstan və İtaliyaya qaz ixrac etməyə başlayıb. TAP-ın işə salındığı 2020-ci ilin sonundan bu günə qədər Avropa artıq 13,5 milyard kubmetr Azərbaycan qazı alıb. 2022-ci ildə Azərbaycan qaz tədarükünü artırmağı və təkcə İtaliya bazarına təxminən 10 milyard kubmetr qaz tədarük etməyi planlaşdırır.
İtaliya ilə əlaqələrimiz sadəcə iqtisadi sahəni əhatə etmir, önəmli əməkdaşlıq istiqamətlərindən biri də təhsil sahəsidir. Azərbaycan-İtaliya Universitetinin təsis edilməsi ilə bağlı müvafiq razılaşma əldə olunub, sənədlər imzalanıb və bu layihənin icrası istiqamətində işlərə start verilib: “Düşünürük ki, təhsilin inkişafına verilən bu önəmli töhfə vətəndaşlarımızın bilik və bacarıqlarının, təcrübələrinin artırılmasında müstəsna rol oynayacaq. Çünki insana qoyulan kapital ən əvəzsiz kapitldır və sağlam, təhsilli vətəndaşlar dövlətlərin və xalqlarının inkişafı baxımından çox vacibdir. Dövlət başçısı İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, bizim əsas məqsədlərimizdən biri də məhz neft kapitalını insan kapitalına çevirmək, vətəndaşlarımızın, xüsusilə gənclərimizin hərtərəfli inkişafı və savadlı kadrlar olaraq yetişməsi yönündə ciddi islahatlar həyata keçirməkdir. İtaliya ilə təhsil sahəsində əldə olunan anlaşma da bu amala xidmət edir”.
Bir sözlə, qarşılıqlı təcrübə və fikir mübadiləsinin, hər iki dövlətin daxili imkanlarının səfərbər olunduğu bir sıra ikitərəfli rəsmi sənədlərin icra olunması ilə mövcud əlaqələrin bundan sonra yüksələn xəttlə inkişaf edəcəyinə inanırıq.