Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Təhsil prioritet məsələ olmalıdır-DEPUTAT

Təhsil prioritet məsələ olmalıdır-DEPUTAT


Bu gün dünyada elm, bilik və texnologiyalar dövrüdür. Hansı dövlət texnologiyaları yaradır, diktə edirsə həm inkişafını, həm də təhlükəsizliyini təmin etmiş olur. Texnologiyaları isə əsasən mühəndislər yaradır. Dünya sürətlə inkişaf edir. Növbəti onilliklərin texnologiyalar yaradacaq sahələr - Robot mühəndisliyi, İnformasiya Texnologiyaları mühəndisliyi, insansız üçüş aparatları və avtomobil mühəndisliyi , Mexanik, Energetik, elektronika, Səhiyyə və tibbi avadanlıqları üzrə mühəndislik, Ətraf mühit bərpası üzrə, Kənd təsərrüfatı üzrə mühəndislik və s. Bu sahələrin inkişafı isə texniki sahələrə, təbiət elmlərinə və məntiqə bağlıdır.

Bu gün bizim Ali təhsil diplomu alanların yalnız 20 % ~ə qədəri Texniki sahəyə aiddir. Bu kiçik rəqəmdir. Ölkə başçısı cənab İlham Əliyev 2019 -cu ildə Davosda olarkan Bakıda 4-cü Sənaye inqilabının Reqional Mərkəzinin yaradılması ilə bağlı müqavilə imzalamışdır. Bu isə yüksək, süni intellektli texnologiyalarla yaradılan sənaye deməkdir. Təhsilimiz bunu nəzərə almalı və buna hazır olmalıdır.

Bu gün dünyada qida təhlükəsizliyi ən əsas və milli təhlükəsizlik məsələsi hesab olunur. Ölkəmizdə hər il Ali təhsil Diplomu alan məzunların cəmi 1% - kənd təsərrüfati üzrədir(aqronom və s.). Nəzərə alsaq ki, ölkəmizin 60 % dən çox əhalisi kənd yerlərində yaşayır, ölkə üzrə məşğul əhalinin 36 %-i kənd təsərrüfatında çalışır, onda demək bu çox kiçik bir rəqəmdir. Bu gün dünyada qidaya, su resurslarına və s. tələbatın sürətlə artması fonunda yüksək ixtisaslı kənd təsərrüfatı mütəxəssislərinin hazırlanması Təhsilimiz üçün prioritet məsələ olmalıdır.

Texniki Peşə təhsilinə daha çox diqqət yetirilməlidir. İqtisadi Rayonlara üyğun olaraq Müasir səviyyəli Peşə təhsili Mərkəzlərin yaradılması ön planda olmalıdır. Ali təhsillə müqayisədə Peşə təhsili qəbulu daha üstünlük təşkil etməlidir( say etibarilə). Rəsmi statistik məlumata görə 2020-ci ildə Ali Məktəb Diplomu alanların sayı 40824 nəfər olduğu halda, Texniki Peşə Məktəblərini bitirənlərin sayı 14304 nəfər olub. 3 dəfə az!!! Halbuki, normal iqtisadiyyat üçün bu norma 20-30 % Ali təhsil , 70-80 % peşə təhsiılli mütəxəssislərə tələb olunur.( SSRİ-də 20% -Ali , 80% peşə və orta ixtisas) . Düzdür Yaponiya kimi yüksək iqtisadiyyata malık olkədə Ali təhsillilərin sayı artıq əhalinin 45% -ni təşkil edir. Bu Yaponiyadır-yüksək texnologiyalara və böyük iqtisadiyyata malik bir ölkə.

Azərbaycanda hər il Ümumi Təhsil müəssisələrini orta hesabla 120 000 şagird (2020-ci ildə 118257 nəfər) bitirir. Bunun 47-50 000 -ni Ali məkrəblərə, 15-17 000 nəfər peşə məktəblərinə sənəd verir, deyək ki, qəbul olunur. Bəs yerdə qalan 60 000 nəfər (50%-i) əmək bazarına heç bir peşəsi olmadan necə daxil ola bilər? Müasir dövrdə Texniki Təhlükəsizlik baxımından peşəsiz insanın hansısa əməyə cəlb edilməsi özü qanun pozuntusu sayılır.

Bu gün rəsmi statistikaya görə Azərbaycan əhalisinin 13.7% -i Ali təhsillidir (Yaponiya 45%). Lakin bu gün Ümumi təhsil müəssisələrini bitirənlərin 40-45%- Ali məktəblərə sənəd verir. Bəs bu həvəs hardandır? Əslində biz çox kitab oxuyan xalq deyilik( 1 yapon 1 ilə orta hesabla 25 kitab oxuyur). Bu gün “Test üsulu” qəbul koppupsiya hallarını tam aradan qaldırsa da qəbul olunanların bilik səviyyəsini tam ifadə etmir. Yüksək bal yığmaq bilik göstəricisi deyil. Ehtimal nəzəriyyəsinə görə hətta biliyi olmayan abituriyentin də ən yüksək bal yığmaq ehtimalı kiçik də olsa var. Bu mümkündür. Bundan əlavə kimsə hər hansı bir ixtisası seçirsə, balı çatmayanda onun istəyinə uyğun olmayan bir ixtisası seçmək məcburiyyətində qalır. Universitetlər qəbul məsələsində müstəqil olmalıdırlar, daha hər hansı qurumdan (DİM) asılı yox. Bu gün bütün dünyada Ali təhsil həm də bir biznesdir.

Ümumi təhsil sistemi də müasir dövrə uyğun olmalıdır. Dövrünün ən mükəmməl təhsil sistemi olan Sovet sistemi bu gün keçərli deyil. Bu gün dünyada A,B,Z -yox, tamam yeni Alfa nəsli yetişir. Bu gün:

* Evə tapşırıq vermək, sonra dərsdə onu yoxlamaqla məşğul olmaq dövrü keçib. Şağird yalnız məktəbdə dərslə məşğul olmalıdır. Bu gün sivil dünyada, inkişaf etmiş cəmiyyətlərdə bu cür məktəblər fəaliyyət göstərir.

* Şikayət edirik ki, bir sinifdə 30 uşaq çoxdur. Bəli 1 dərsdə 30 uşağa bilik vermək, onlardan nəsə soruşmaq çətindir. Bu fərdi yanaşma üsulu bu gün çətin və effektsizdir. Dünya artıq kollektiv çalışma üsuluna keçib. Misal üçün Sinqapur məktəblərində 40-60 şağırd olur. Şagirdlər 4- 6 nəfər otururlar. Hər qrupa fərqli tapşırıq verilir. Demək köcürmüsənsə normal haldır, kömək ediblərsə yaxşıdır, özün həll etmisənsə əladır. Yanaşma belədir. Yəni köçürəndə də heç olmasa nəyisə götürür.

Amma bu gün Sovet deyib olanları da inkar etmək olmaz. Təhsil sistemimizdə müsbət məqamlar da vardır. Hətta ən yaxşılardan sayılan Sinqapur təhsil sistemində məşhur sovet psixoloqu Lev Vıqotskinin nəzəriyyəsindən istifadə olunur.

Təhsil prioritet məsələ olmalıdır. Təhsil inkişaf, təhlükəsizlik kimi həm də cəmiyyətin özünün inkişafı, insanların saflaşması deməkdir. Qurani-Kərim buyurur: Fatir(Yaradan)surəsi . 28 ayə - Allahdan yalnız Alimlər( yəni savadlı insanlar) qorxar (Burada qorxar -sevmək mənasındadır). Dahi Nizami deyir: “ Kim ki, elm öyrənməyi ar bilərsə, o şəxs mərifət sahibi ola bilməz.”

Hesab edirəm ki, ölkəmizdə gedən islahatlar təhsil sahəsində də öz bəhrəsini verəcəkdir.

İltizam Yusifov-Milli Məclisin deputatı
Xəbəri paylaş