Rusiya Prezidenti Vladimir Putin dünən xalqa müraciət edib. O, ölkədə qismi səfərbərlik elan olunduğunu bildirib. Müdafiə naziri Sergey Şoyqu isə deyib ki, ehtiyatda olan 300 min hərbçi orduya çağırılacaq.
Bundan başqa, Putin nüvə silahından istifadə edə biləcəklərini istisna etməyib.
Başqa bir məqam isə Rusiyanin işğalı altında olan Luqansk, Donetsk, Zaporejye vilayətində referendum keçirilməsidir.
Hər üç məsələ kifayət qədər ciddidir. Ayrı - ayrı dünya liderləri, nüfuzlu beynəlxalq təşkilatların başçıları Putinin sözügedən bəyanatlarına artıq münasibət bildiriblər. Ümumi fikir belədir ki, Putin məğlubiyyətini etiraf etməyə başlayıb.
Birincisi, İkinci Dünya Müharibəsindən bəri Rusiyada səfərbərlik elan edilməyib. Və əgər üzərindən təxminən 80 il keçdikdən sonra yenidən oxşar addım atılırsa, deməli, doğrudan da, Rusiya ordusunda şəxsi heyət çatışmazlığı var. Bəzi hərbi ekspertlərin fikrincə, 300 min hərbçinin orduya çağırılması bu rəqəmin ən azı yarısı qədər, yəni 150 min hərbçinin məhv edilməsi deməkdir.
İkincisi, separat bölgələrdə, həmçinin Zaporejyedə referendum keçirilməsi son vaxtlar müzakirə edilir. Qarşıdakı günlərdə səsvermənin baş tutması gözlənilir. Kreml rəhbəri səsvermə üçün tələsir. Bu, təsadüfi deyil. Görünür, Rusiya siyasi hakimiyyəti vəziyyətin çətin olduğunu anlayır. Referendumun keçirilmənin bir neçə məqsədi var: Ukrayna hakimiyyətinə və xalqına psixoloji zərbə vurmaq, həmin ərazilərdə yaşayanları səfərbərliyə cəlb etmək, separat bölgələrdəki döyüşləri Ukraynanın Rusiyaya hücumu kimi qələmə vermək və beynəlxalq ictimaiyyətdə Kiyevin rəsmi Moskvanın ərazi bütövlüyünü pozmasına dair rəy yaratmaq. Bundan başqa, ola bilsin, Putin düşünür ki, referendumdan sonra danışıqlar masasına oturarsa, "əli daha güclü olacaq" və Ukraynadan torpaq qoparmağı bacaracaq.
Üçüncüsü, artıq altı aydan çoxdur davam edən savaşın lap əvvəlindən bəri nüvə təhlükəsi müzakirə olunurdu. Əlbəttə, o vaxtlar kimsə bunu real hesab etmirdi. Çünki nüvə ikibaşlı silahdır: mütləq adekvat cavab olacaq. Hətta bu olmasa belə, Rusiyanın tətbiq etdiyi nüvə silahı bu və ya digər formada bu ölkənin özünə də təsir edəcək.
Ümumiyyətlə, bütün dünya üçün dəhşətli durum yaranacaq. Əlbəttə, Putin buna asanlıqla getməz. Amma həm Rusiyanın hegemon xarici siyasət kursu, həm də Kreml rəhbərinin fərdi xarakteri belə bir ehtimalı tamamilə istisna etməyə imkan vermir. Əgər Putin uduzduğundan əmin olsa, əlbəttə, nüvə silahından istifadə edəcək. Rusiya liderinin blef etməsi, "nəbz yoxlaması" mümkündür. Hərçənd bu gün verilən bəyanatlar göstərdi ki, Qərb bundan qorxmur, əksinə, sözügedən ssenariyə hazırdır.
Beləliklə, Putinin son "kartlarını oynadığını" desək, yəqin, yanılmarıq. Sözsüz, onun bəyanatları daxili auditoriyanın ürəyincə deyil. Artıq hakimiyyət əleyhinə mitinqlər başlayıb. Bundan sonra ya Putinin bəxti gətirəcək, ya kollektiv Qərbin. Ancaq Kreml uduzası olsa, mütləq əvvəlcə "tuz kozuru"nu masaya qoyacaq.
Kənan Novruzov-siyasi ekspert