Məlum olduğu kimi, Rusiya Prezidenti Vladimir Putin bu günlərdə Donetsk, Luqansk, Zaporojye kimi vilayətlərin Rusiya birləşdirildiyini elan etdi. Təxmin edildiyi kimi, bu hadisə ölkədə bayram kimi qeyd olundu. Əslində durumun fərqli olmasına baxmayaq, Kreml rəhbəri sanki qələbəsini elan etdi. Bundan sonra bir sıra dünya liderləri, beynəlxalq təşkilatların rəhbərləri, diplomatlar qanunsuz ilhaqı pislədilər. Türkiyə Xarici İşlər Nazirliyi də məsələyə münasibət bildirdi. Bəyanatda "referendumun nəticələri" tənqid edildi.
Rusiyada "referendum" prosesi davam edərkən Türkiyə rəsmiləri, o cümlədən Prezident Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu ilhaqı tanımayacaqlarını bildirmişdilər. Ərdoğan Putin parlamentdə çıxış etməzdən bir gün əvvəl həmkarına zəng vurmuşdu. Çox böyük ehtimalla tərəflər qanunsuz ilhaqı barədə də danışmışdılar.
Ərdoğan bir müddət əvvəl Putinlə bağlı demişdi ki, mən onu tanıyıram, düşündüyünü edən liderdir. Fikrimcə, Türkiyə Prezidenti bu fikirləri ilə təkcə Putinin nüvə silahından istifadə edəcəyinə yox, həm də qanunsuz ilhaqa münasibət bildirmişdi. Ola bilsin, Ərdoğan demək istəyirdi ki, Putini yolundan döndərmək çətindir.
Məsələ ondan ibarətdir ki, Ankara Moskva ilə Kiyev arasında balanslı siyasət yeridən yeganə dövlətdir. Türkiyə rəsmiləri dəfələrlə ən yüksək tribunalarda Kremlin addımlarını haqq qazandırıb, Qərbi tənqid ediblər. Əslində Türkiyə ilə Qərb dövlətləri, o cümlədən ABŞ arasında münasibətlərin gərginləşməsinin səbəbi də məhz budur - rəsmi Ankaranın neytral mövqeyi, Rusiyaya qarşı sanksiyalara qoşulmaması. Türkiyənin neytral mövqeyinin bir səbəbi Ərdoğanla Putin arasındakı dostluq münasibətidirsə, digəri, şübhəsiz ki, hər iki dövlətin ortaq siyasi- iqtisadi maraqlarıdır.
Türkiyə Rusiya ilə Ukrayna arasında müharibəyə son qoyulmasında israrlıdır. Ərdoğan, Çavuşoğlu hər fürsətdə sülh istədiklərini dilə gətirirlər. Qanunsuz ilhaq isə sülh perspektivini xeyli azaltdı. Bu, həm də Ankaranı Qərb qarşısında gözü kölgəli edə bilər. Elə ona görə də "referendumun" nəticələrinin tanınmayacağı ilə bağlı əvvəlcədən xəbərdarlıq edilmişdi. Sözsüz ki, Ankara bu nəticələri tanısa idi, Qərblə münasibətlərdə yeni, daha kəskin mərhələ başlayacaqdı.
Bəlkə də, Ərdoğan "Putin dediyini edir" fikirləri ilə məhz özünü sığortalamaq istəyirdi. Dünyaya çatdırırdı ki, hətta mən də Moskvanın bu qərarına müdaxilə edə bilmərəm.
İndi əsas suallardan biri Ankara - Moskva münasibətlərinin gələcək perspektividir. Düşünürəm ki, "referendum" Ankara üçün arzuolunan deyildi. Elə buna görə də qanunsuz ilhaq məsələsi ikitərəfli əlaqələrə təsir edəcək. Yəqin ki, Ərdoğan, Çavuşoğlu gələcək çıxışlarında bu məsələyə toxunacaqlar. Ankara qanunsuz ilhaqı görməzdən gəlsə, bu, onun balanslı siyasətinə kölgə sala bilər.
Beləliklə, təəssüf ki, Kreml rəhbərinin şəxsi ambisiyaları, qələbə hərisliyi Ukrayna böhranını daha da dərinləşdirdi. İlhaq olunmuş ərazilərə rusların köçürülməsinin qarşısı alınmasa, gələcəkdə Ukraynanın parçalanması real təhlükəyə çevrilə bilər. Yenə də ümid Türkiyəyədir.
Kənan Novruzov-siyasi ekspert