Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Növbəti müharibəyə hazırıqmı?

Növbəti müharibəyə hazırıqmı?


Qarabağda rus sülhməramlısının bir atəşi ilə müharibə başlaya bilər!

Bu gün artıq bir həftədir ki, Laçın dəhlizi Azərbaycanın fəal ictimaiyyət adamları, QHT sektorunun nümayəndələri, jurnalistlər və bloggerlər tərəfindən bağlanıb. Yolun bağlanması səbəbi təkcə ərazidə ermənilər tərəfindən törədilən ekoloji terror deyil. Bölgədə Azərbaycanın əsas məqsədi Qarabağın kimə məxsus olduğunu bütün dünyaya göstərməkdir. Azərbaycan bu məsələdə çox mühüm addım atmaqla məşğuldur. Rusiyanın proseslərdə susqunluğu və rəsmi İrəvanın prosesə müdaxilə edə bilməməsi Xankəndində bütün abu-havanı dəyişib. Bir zamanlar Azərbaycandan baxanda Şuşa necə dumanlı görünürdüsə, indi Ermənistandan baxanda Xankəndinin gələcəyi ermənilər üçün eləcə dumanlı görsənir. Gec-tez Şimaldan Xankəndinə gələn duman çəkiləcək, Azərbaycan dövləti tərəfindən Xankəndində aparılacaq ekoloji təmizlik nəticəsində Xankəndinin başındakı hazırkı dumanlar dağılacaq... Xankəndi də Şuşa kimi aydın, Şüşə kimi şəffaf görünəcək!

Bunun üçün Azərbaycanın yəqin ki, gələcək planları olmamış deyil. Çünki dövlətin bir əməliyyatı yerinə yetirməsi üçün a, b, c və başqa planları olur.

Bəs Azərbaycanın Qarabağla bağlı bu cür planları varmı? İşdi, birdən rus sülhməramlısı sülhməramlı olduğunu unudub, Azərbaycan vətəndaşına atəş açarsa, bu atəş 3-cü Qarabağ müharibəsinə gətirib çıxarmazmı? Əgər 3-cü Qarabağ müharibəsi baş verərsə, biz o müharibəyə hazırıqmı?

İndi gəlin bu sualları cavablandıraq. Azərbaycan Respublikasının Prezidenti, ali baş komandan İlham Əliyev tərəfindən 8 Noyabr bəyannaməsi imzalandıqdan sonra, Prezident qəti şəkildə status söhbətinin bitdiyini bildirdi. Deməli, Azərbaycanın bundan sonrakı proseslər üçün müəyyən planı olub. Əgər yox idisə çox pis. Varsa və hər şey plana uyğun həyata keçirilirsə lap gözəl. O zaman bu günkü hadisələr də plana uyğun həyata keçirilir. Deyə bilərik ki, rus sülhməramlıların dinc sakinlərə atəş açmaq ehtimalı da plana daxil edilibsə, deməli, 3-cü Qarabağ müharibəsi baş verə bilər. İndi gəlin görək biz baş verə biləcək növbəti müharibəyə hazırıqmı?

* * *

İkinci Qarabağ Müharibəsinin bitməsindən iki il ötür. Bu iki ildə ölkədə müharibənin nəticələri ilə bağlı həm müsbət, həm də mənfi hadisələrin şahidi olduq.

Qarabağın yenidən qurulması, proseslərdə Azərbaycanın söz sahibi olması, şəhid ailələrinə prezident və cəmiyyət tərəfindən göstərilən qayğı müsbət istiqamətdə görülən işlərdirsə, müharibədə iştirak etməyən Müdafiə Nazirliyinin əməkdaşlarının təltif edilməsi, qohumluq, dostluq və başqa münasibətlərə dayanan təltiflər, qazilərin işsiz qalması, özünü yandırması və bəzilərinin müharibədə aldığı psixoloji travmaların müalicə olunmaması mənfi tendensiyalardır.
30 ildir ölkədə əhali arasında yaranan sosial uçurumlar, müharibədən sonra da aradan qaldırılmadı. Məmurlar hər gün daha çox varlanaraq harınlayır, orta təbəqə yox olmaq təhlükəsi ilə üz-üzə qalıb. Ölkədə insanların vəziyyətini iki qrupa ayırmaq olar: 1) həddən artıq varlanmışlar. 2) həddən artıq kasıb və acından ölənlər.

İkinci Qarabağ müharibəsi də göstərdi ki, şəhid və qazilər məhz həddən artıq kasıb və acından ölən ailələrdən çıxır. Həmin harınlamış məmurların övladlarından heç biri nə qazi, nə də şəhid ola bildi. Bu ölkədə DÖVLƏT BABA onu sevənləri bəzən unudub, o qədər yetim və yiyəsiz qoyur ki, kimisi özünü xan, kimisi də şah hesab edir. Nəticədə xalqın gözlədiyi ədalət gecikir. Gecikən ədalət isə özü ilə bərabər ədalətsizlik gətirir: Buna misal olaraq, Tərtər hadisələrini və Naxçıvanda baş verənləri deyə bilərik.

İkinci Qarabağ Müharibəsində 3 mindən çox şəhid vermiş, 10 minə yaxın qazisi olan, 2022-ci ildə atəşkəsin pozulması ilə 100-dən çox şəhid verən ölkənin qısa zamanda toparlanıb növbəti müharibəyə başlaması və itkisiz çıxması utopiyadır. Ancaq növbəti müharibəyə hazırlaşması mütləqdir. Şəhid ailələrinin kommunal xərclərinin ödənilməsini dövlət öz üzərinə götürməklə ilk addımı ata bilməzmi? Hanı bu ölkənin sosial layihələri? Niyə neft və milyonlar ölkəsində insanlar aç qalmamaq dərdi çəkməlidirlər? Niyə dövlət idarələri korrupsiyaya bulaşmış rüşvət çarxına çevrilməlidir?

Növbəti müharibəyə hazırlıq bu sualların cavabını həyata keçirməkdən başlayır! Əgər dövlət gücünü göstərmək istəyirsə xalqın arxasında durmalı, xalq da onu sevən, qayğısına qalan dövlətin güclənməsi üçün şəhid və qazi olmaq üçün əlindən gələni etməlidir.

Elmar Hüseynov
Xəbəri paylaş