Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlqar Məmmədov nə istəyir?

İlqar Məmmədov nə istəyir?


"Partiyalar haqqında" yeni Qanun layihəsinin ictimai müzakirəsində Milli Cəbhə Partiyası - MCP -nın hüquqşünası - nümayəndəsi kimi, yaxından iştirak etdiyimdən, REAL partiyasının sədri İlqar Məmmədov Azərbaycan prezidenti cənab İlham Əliyevə, AŞBA vasitəsilə Venesiya Komisiyasının sözü gedən yeni qanun haqqında rəyi alınana qədər Qanunun imzalanmasının təxirə salınması barədə müraciətinə münasibət bildirmək məcburiyyətindəyəm.

İlqar Məmmədovun həmin müraciətinə bir neçə aspektdən nəzər saldıqda açıq şəkildə görünür ki, REAL partiyasının sədri bütün yanaşmalarında ilk növbədə dövlətçilik, milli maraqlara qarşı mövqedədir. Əvvəla, qeyd etmək lazımdır ki, Milli Məclisdə yeni "Partiyalar haqqında" Qanun layihəsi üç oxunuşdan keçərək qəbul olunduqdan sonra qanuni qüvvə alması üçün onu Azərbaycan prezidenti 56 gün müddətində imzalamalıdır. Qanun lahiyəsini imzalamaq və ya rədd etmək prezidentin müstəsna səlahiyyətlərinə aiddir.

Digər tərəfdən İlqar Məmmədov və onun rəhbəri olduğu REAL partiyası həmin qanun layihəsinin ictimai müzakirəsi zamanı təklif və iradlarını bildirə bilər və bununla da yeni qanunun hazırlanmasında səmimiyətini göstərə bilərdi. İndi İlqar Məmmədovun belə çıxışı onun hesablanmış qərəzli münasibətinin göstəricisidir. Həmin müraciətdə REAL sədri öz iradını konkretləşdirmir, ümumi ifadələrdən istifadə edir, narazı qaldığı məqamları göstərməməyi qənaətinimizi əsaslandırır.

O ki, qaldı Venesiya Komissiyasına, əvvəla onun qanunlar haqqında rəyi tövsiyə xarakterlidir və heç bir dövlət üçün məcburi deyildir. Avropa standartları təbii ki, avropalıların ictimai həyatını, düşüncə və yaşayış tərzini, mental dəyərlərini, sosial, iqtisadi və siyasi vəziyyəti habelə, əhalinin dövlətin siyasi həyatında iştirak marağını əhatə edən çərçivədir. Təbii ki, qeyd edilən halların Azərbaycanla uyğunluq dərəcəsi tamamilə fərqlidir. Üstəlik Azərbaycan dövləti az qala 30 illik işğala məruz qalmış olkə və post müharibə dövründə gərgin siyasi proseslərin içindədir. Həmçinin İran, Rusiya kimi dövlətlərin Azərbaycan dövlətçiliyinə qarşı barışmaz düşmənçilik mövqeyi bütün məsələlərdə Azərbaycanın olduqca ehtiyatlı davranmağını labüd edir. İlqar Məmmədov isə Azərbaycan dövlətçiliyinə təhlükə yarada bilən halların qarşısını almaq üçün atılan addımların "avropa standartları" ilə əvəz olunmağını istəyir. Deməli İlqar Məmmədov nə istəyir? Məncə bu sualın cavabı aydındır.

İlqar Məmmədovun beynəlxalq müstəvidə "arxalandığı" ədalət, qanunun aliliyi prinsipi ən ali beynəlxalq orqan Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğaldan azad edilməsini tələb edən (1993-cü il) məlum Qətnamələrin icrasında gördüyümüz qərəzli ikili standartın göstəricisi deyilmi! Maraqlıdır, İlqar Məmmədov hansı məntiqlə belə təşkilatların Azərbaycana qarşı növbəti qərəzli münasibətin olmayacağını düşünür? Xüsusən də, Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin, aktivistlərin Xankəndi - Gorus (Laçın yolu) yolunda keçirdiyi dinc aksiyaya qarşı bəzi dünya ölkələrinin təzyiq ləri fonunda Azərbaycana qarşı yeni təzyiq imkanı vermək cəhdi İlqar Məmmədovun hakimiyyətə qarşı deyil, Azərbaycan dövlətçuliyinə, xalqına qarşı müxalif olduğunu göstərir.
Ümumiyyətlə, isə İlqar Məmmədovun "idealoji xətti", fəaliyyət istiqaməti özü-özünə təzad və ziddiyətləri cəmləşdirib. Parlamentə seçkiləri saxta adlandıran İlqar Məmmədov düşünmür ki, bəs onun müavini necə deputat seçilib, əgər seçkilər saxtadırsa müavinin parlamentdə niyə oturur və niyə mandatından imtina etmir?

Bəli, xalqın gözü tərəzidir və xalqı aldatmaq mümkün deyil. İlqar Məmmədovun yeni "Partiyalar haqqında" Qanunun əleyhinə çıxmasının bir səbəbi də budur ki, yeni qanunla partiyası tələb olunan elektaratı, tərkibi yığa bilməyəcəyini bilir və siyasi səhnədən silinmə ehtimalının yüksək olması, onu şəxsi maraqları naminə dövlətlət maraqlarını tapdalamağa sürükləyir və təəssüf ki, bu İlqar Məmmədov üçün adi haldır.

Vüqar Dadaşov
MCP SŞ-nın üzvü, hüquqşünas
Xəbəri paylaş