“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (ADY) ötən il ərzində fəaliyyəti çərçivəsində bir sıra mühüm uğurlara imza atmışdır.
Newscenter.az-a Səhmdar Cəmiyyətdən bildirilib ki, dəmir yolu infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində həyata keçirilən zəruri tədbirlər və beynəlxalq nəqliyyat dəhlizlərində fəal iştirak daşımaların həcminin artırılmasına və ölkəmizin tranzit potensialının gücləndirilməsinə önəmli töhfələr vermişdir.
Belə ki, 2022-ci ildə yükdaşıma həcminin artımı ilə bağlı tranzit daşımaları 2,9 mln ton artaraq 7,5 mln ton, ümumi daşıma 3,7 mln ton artaraq 18,7 mln ton təşkil etmişdir. Yük daşımalarında əsasən neft məhsulları, kimyəvi və mineral gübrələr, tikinti materialları, daş kömür kimi yük növləri üzrə artım müşahidə olunmuşdur.
Tranzit daşımaları sahəsində regionun aparıcı tərəfdaşına çevrilməyi qarşısına hədəf qoyan ADY 2022-ci ildə bu sahədə dönüş nöqtəsi yarada bilmişdir. Belə ki, 2021-ci illə müqayisədə Şərq-Qərb dəhlizi üzrə yükdaşımalar 500 min ton artaraq 3,9 mln ton, Şimal-Qərb dəhlizi ilə 2 mln ton artaraq 2,9 mln ton olmuşdur. Şimal-Cənub dəhlizi ilə yükdaşımalarda 90% artım qeydə alınmışdır.Transxəzər beynəlxalq nəqliyyat marşrutu üzrə daşımalarda artım isə 41% təşkil etmişdir.
Sərnişin daşımaları üzrə keyfiyyətli xidmətlərin göstərilməsi, əhalinin sərfəli qiymətlərlə, rahat, sürətli və təhlükəsiz daşınmasının təmin edilməsi, stansiyalar və sərnişin vağzallarının infrastrukturunun müasir üslubda yenilənməsi sahəsində bir sıra layihələr həyata keçirilmişdir.
2022-ci ildə ölkə üzrə dəmir yolu ilə sərnişin daşınmalarında son on ilin ən yüksək göstəricisi əldə olunmuşdur. Belə ki, il ərzində 5 milyon 136 min sərnişin daşınmışdır. Bu, 2021-ci illə müqayisədə 84% çoxdur. Bu göstəricinin böyük bir hissəsi (5 milyon 8 min) Abşeron dairəvi dəmir yolu xətti üzrə daşımalara aiddir. O cümlədən, ötən il Bakı-Gəncə-Bakı istiqamətində hərəkətin bərpası təmin edilmiş, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə əlavə qatarlar xəttə buraxılmışdır.
Qeyd edək ki, pandemiyadan əvvəl - 2019-cu ildə Azərbaycan dəmir yolu ilə yerli və beynəlxalq istiqamətlərdə ümumilikdə 3 875 729 sərnişin daşınmışdır.
ADY nəqliyyat sektorunda müşahidə olunan tıxacların aradan qaldırılmasına önəmli töhfə verməklə yanaşı, sərnişin məmnunluğunun təmin edilməsində də böyük rolu olmuşdur. İnsanlar ekoloji təmiz, sürətli və müasir standartlara cavab verən elektrik qatarlarından istifadəyə üstünlük verərək mənzil başına vaxtında və təhlükəsiz çatdırılmışdır.
ADY sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilmiş tədbirlər çərçivəsində əməkdaşlar, sərnişinlər, podratçılar və biznes müştəriləri üçün təhlükəsiz mühitin yaradılması istiqamətində bir sıra ciddi addımlar atmış, dəmir yolu xətlərinə yaxın ərazilərdə yerləşən yaşayış massivlərində və orta məktəblərdə əhalinin maarifləndirilməsi məqsədilə təbliğat və təşviqat kampaniyaları həyata keçirmişdir.
İl ərzində hərəkət tərkibinin yenilənməsi və ya əsaslı təmir olunması istiqamətində də böyük həcmli işlər görülmüş, belə ki, 10 ədəd FLIRT tipli sərnişin qatarlarının alınması üzrə imzalanmış müqaviləyə əsasən qatarların 2023-2024-cü illərdə Bakıya çatdırılması planlaşdırılnışdır. Yeni qatarlar Abşeron dairəvi dəmir yolu və regionlar üzrə sərnişin daşımalarının daha intensiv və keyfiyyətli təşkil olunmasına önəmli töhfə verəcəkdir.
Eyni zamanda tranzit yükdaşımaları sahəsində artan tələbatı qarşılamaq məqsədilə 605 ədəd konteyner platformasının alınması üzrə satınalma prosesinə start verilmişdir. Bununla yanaşı, tranzit yük daşımalarını təmin etmək üçün yetərli sayda magistral və manevr lokomotivlərinin alınması və əsaslı təmiri istiqamətində bir sıra vacib qərarlar qəbul olunmuşdur.
Yol infrastrukturunun müasirlədirilməsi istiqamətində 363 km uzunluğunda Sumqayıt-Yalama dəmiryol xəttinin yenidən qurulması qrafikə uyğun davam etdirilmiş və tikinti işlərinin 48%-i icra olunmuşdur. Layihənin tamamlanması gələcəkdə bu istiqamətdə daha çox yükün sürətlə və təhlükəsiz daşınmasına geniş imkanlar yaradacaqdır.
İşğaldan azad olunmuş ərazilərdə quruculuq işləri çərçivəsində ən zəruri infrastrukturun yaradılması ilə bağlı ölkə başçısı cənab İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən dəmir yollarının və infrastrukturunun tikintisi işləri də qrafik üzrə davam etdirilmişdir.
2024-cü ildə yekunlaşdırılması planlaşdırılan açılmış uzunluğu 140,6 km olan Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilməsi işləri 78% yerinə yetirilmiş, tikinti işlərinin isə 38%-i (53,2 km) icra edilmişdir. Beynəlxalq əhəmiyyətli marşrut olmaqla Horadiz-Ağbənd dəmir yolu yaxın gələcəkdə Asiya ilə Avropa arasında yüklərin sürətlə daşınmasında böyük rol oynayacaq.
Horadiz-Ağbənd dəmir yolu xəttinin Həkəri çayı üzərindən keçən hissəsində 13 aşırımlı və uzunluğu 418 metr olan dəmiryol körpüsünün tikintisi üzrə işlərin 85%-i tamamlanmışdır. Azərbaycanın ən uzun dəmir yolu körpüsü region ölkələri arasında yükdaşımaların artırılmasına təkan verəcəkdir.
Bərdə-Ağdam dəmir yolunun bərpası istiqamətində də mühüm irəliləyişlər əldə olunmuş və tikinti üzrə işlərin 64%-i yerinə yetirilmişdir.
Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə 2022-ci ildə 432 284 ton yük daşınıb və beləliklə 2017-2022-ci illər üzrə ümumi yükdaşıma həcmi 1 347 585 ton təşkil etmişdir. Bu marşrut üzrə yük daşımaların əhəmiyyətli dərəcədə artırılması üçün bir sıra vacib layihələr həyata keçirilməkdədir.
ADY-nin 2023-cü ildə əsas hədəfləri əməliyyat və idarəetmə proseslərinin rəqəmsallaşdırılmasına start verməklə fəaliyətinin səmərəliliyini əhəmiyyətli dərəcədə artırmaq, bazar yönümlü və yüksək keyfiyyətli xidmətlər göstərən müasir və inteqrə olunmuş quruma transformasiya olunmaqdır.
Sevinc