BMT-nin Əhali Fondu, özünün bəyan etdiyinə görə, hər bir hamiləliyin arzu edilən olduğu, hər bir doğuşun təhlükəsiz keçdiyi və hər bir gəncin potensialının reallaşa biləcəyi dünyaya nail olmaq üçün çalışan aparıcı təşkilatdır. 1969-cu ildən fəaliyyət göstərən UNFPA missiya götürüb ki, hər bir insanın sağlam həyat və bərabər imkanlar hüququnu qoruyaraq, ölkələrə yoxsulluqla mübarizə aparmaq, gəncləri QİÇS/HİV-dən, qadınları ayrı-seçkilikdən qorumağı hədəfləyən siyasət və proqramları istiqamətləndirmək üçün ölkələrə əhali məlumatlarından istifadə etməyə kömək etsin.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib. Millət vəkili bildirib ki, lakin 1988-89-cu illərdə Ermənistan dövləti tərəfindən Qərbi Azərbaycandan 300 mindən artıq soydaşımızın bütün təməl hüquqları pozularaq didərgin salınması fonunda biz UNFPA-nın "qətiyyətlə" susduğunun şahidi olduq:
"1991-1993-cü illərdə Qarabağ və Şərqi Zəngəzurun işğalı dövründə bir milyona yaxın azərbaycanlının soyqırım və təcavüzə məruz qalması, təbii hüquqları başda olmaqla, çoxsaylı hüquq və azadlıqlarının aşkar formada pozulması fonunda UNFPA eyni "qətiyyəti" qorudu.
"Hər bir insanın sağlam həyat və bərabər imkanlar hüququnu qorumağı" "hədəfləyən" təşkilat qışın soyuğunda çadırlarda, yayın qızmarında isə dəmir vaqonlarda xəstə düşən, tələf olan minlərlə uşağın, qadının, qocanın haqqını arayan bircə cümlə də işlətməməklə Ermənistanın müharibə cinayətlərinə ortaq oldu".
Deputat qeyd edib ki, missiyasında "hər bir doğuşun təhlükəsiz keçməsi" ndən dəm vuran UNFPA Xocalıda 63 azyaşlı uşağın, 106 nəfər qadının xüsusi amansızlıqla qətlini, Vətən müharibəsində isə Gəncə, Bərdə və Tərtərdə dinc sakinlərin hədəfə alınmasını görməzdən gəldi.
Hər bir insanın "bərabər imkanlar hüququ" ndan bəhs edən BMT Əhali Fondu Azərbaycanda 30 mindən artıq erməni əsilli vətəndaşın bərabərhüquqlu, sərbəst və rahat formada yaşamasını bir dəfə də olsun müsbət təcrübə kimi vurğulamadı:
"Beləliklə, illərlə birbaşa cavabdeh olduğu problemlər üzrə ortaya mövqe qoymayan UNFPA indi birdən-birə Laçın yolu ətrafında yaranmış vəziyyətlə bağlı, araşdırma aparmadan, Ermənistan və Fransa mənbələrinə istinad edərək qərəzli, həqiqəti əks etdirməyən və təşkilatın mandatına aid olmayan məsələlərlə bağlı bəyanat yayır. UNFPA humanitar məqsədlərlə pərdələnərək siyasi sifariş yerinə yetirməklə yerli əhalidən sipər kimi istifadə edən Ermənistandan və Xankəndidəki separatçı rejimdən heç bir fərqinin olmadığını nümayiş etdirdi. BMT-nin Əhali Fondunun bu davranışı BMT-nin özünün artıq çürük və müasir tələblərə cavab verməyən oyuncaq struktura çevrildiyini, təşkilatda islahatların həyata keçirilməsi ilə bağlı tələblərin isə nə qədər haqlı olduğunu göstərir. Bu mənada lobbi məqsədlərinin əsirinə çevrilmiş, xüsusi missiyalar üçün sifariş yerinə yetirən mütəşəkkil dəstə kimi davranan BMT-nin Əhali Fondunun Azərbaycandakı fəaliyyəti ciddi təftiş olunmalı, strateji məlumatlara çıxış imkanlarından hansısa çirkin məqsədlər, o cümlədən xarici ölkələrin kəşfiyyat xarakterli niyyətləri naminə istifadə edilib-edilməməsi ciddi formada araşdırılmalıdır".
Mehman