Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Biz misli görünməmiş quruculuq və Böyük Qayıdış dövrünü yaşayırıq

Biz misli görünməmiş quruculuq və Böyük Qayıdış dövrünü yaşayırıq


Qarabağ nəinki nəhəng tikinti və quruculuq meydanına, həm də qlobal siyasət mərkəzimizə çevrilib. Dövlətimizin başçısı bir neçə gündür ki, Qarabağda səfərdədir. Prezidentin Qarabağa səfər gündəliyi kifayət qədər əhatəlidir. Füzulidə, Xocavənddə, Xocalıda, Xankəndidə və Şuşada gerçəkləşdirilən açılışlar, sakinlərlə baş tutan söhbətlər, xarici qonaqlarla keçirilən görüşlər dövlət başçısının səfər qrafikinin miqyasından və sıxlığından xəbər verir. Bütün bunlar azad edilmiş ərazilərdə həyata keçirilən sosial-iqtisadi bərpa işlərinin önəmli mərhələsini əks etdirməklə yanaşı, həm də görülən işlərin daxili və xarici auditoriyaya uğurlu təqdimatıdır.

Cənab Prezident öncə sentyabrın 14-də Füzuli rayonunun yeni salınacaq Qaraxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak etdi. Yeni salınacaq bu kəndə Ermənistanın işğalı zamanı dağıdılmış Qaraxanbəyli və Merdinli kəndlərinin sakinləri yerləşdiriləcək. Layihə iki mərhələdə icra olunacaq və ümumilikdə bura 4 min nəfərdən çox keçmiş məcburi köçkün soydaşlarımızın köçürülməsi nəzərdə tutulur.

Sentyabrın 14-də Cənab Prezidentin Qarabağa səfərinin növbəti ünvanı Xocavənd rayonunun Hadrut qəsəbəsi oldu. Dövlət başçısı Hadrutda inşa olunmuş məscidin açılışında iştirak etdi. Eləcə də dövlətimizin başçısına qəsəbədə həyata keçirilmiş digər işlər barədə ətraflı məlumat verildi. 44 günlük Vətən müharibəsi zamanı qəsəbənin erməni işğalından azad edilməsindən sonra, burada həqiqətən də olduqca genişmiqyaslı abadlıq-quruculuq layihələri icra olunub və hazırda da bu istiqamətdə işlər davam etdirilir. Belə ki, "Hadrut" qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi, yeni hərbi hissə, ümumi uzunluğu 12,5 kilometr olan Füzuli-Hadrut avtomobil yolu istifadəyə verilib, transformator məntəqəsi tikilib, mövcud elektrik xətləri bərpa olunub, 8 su anbarı təmir edilib, yeni su, kanalizasiya və qaz xətləri çəkilib, qəsəbədaxili yollarda təmir işləri aparılıb. Qəsəbədə zəruri sosial infrastruktur, o cümlədən hotel, ticarət və ictimai-iaşə obyektləri yaradılıb.

Dövlətimizin başçısı, həmçinin Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində və Sos kəndində görülmüş işlərlə də tanış oldu və həm bəzi sakinlərin evlərinə baş çəkdi, həm də Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə toplu görüş keçirdi, onların fikirlərini dinlədi. Daha sonra Cənab Prezidentin Qarabağa növbəti səfəri Xankəndi istiqamətində davam etdi. Dövlət başçısı Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikası binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışında iştirak etdi. Sentyabrın 15-də isə dövlət başçısı Xocalı rayonunun Badara, Daşbulaq, Seyidbəyli kəndlərinə səfər etdi, bu kəndlərin sakinləri ilə görüşdü, habelə bəzi sakinlərin evlərini ziyarət etdi.

Prezident İlham Əliyevin səfər gündəliyində Şuşa görüşləri ayrıca, xüsusi yer tutur. Belə ki, o, sentyabrın 15-də Şuşada ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Maliki qəbul etdi. Görüşdə Azərbaycan ilə ICESCO arasında uğurlu əməkdaşlığın qurulduğu vurğulanaraq, bunun gələcəkdə daha da genişlənəcəyinə əminlik bildirildi. Azərbaycan Respublikası ilə ICESCO arasında uğurlu əməkdaşlıq əlaqələrinin inkişafında xidmətlərinə görə ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl‑Malik Azərbaycan Prezidenti tərəfindən “Dostluq” ordeni ilə təltif edildi.
Sentyabrın 16-da isə Azərbaycan Prezidentinin Şuşadakı digər ali qonağı isə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan oldu. BƏƏ Prezidentini Füzuli Beynəlxalq Hava Limanında qarşılayan dövlətimizin başçısı avtomobillə Füzulidən Şuşaya gedərkən, Daşaltıda böyük qürur hissilə ali qonağa 44 günlük müharibə zamanı hərbçilərimizin burada necə misilsiz igidlik göstərmələrindən və Şuşanı azad etmələrindən danışdı. Şuşada isə Prezidentlər İlham Əliyevin və Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın həm təkbətək, həm də geniş tərkibdə görüşləri keçirildi. Sonra isə BƏƏ liderinin Şuşa ilə tanışlıq proqramı başladı.

Prezident İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Milli Xalça Muzeyinin Şuşa filialında oldular, Şuşanın mərkəzində Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxdılar, Cıdır düzündə Qarabağ atlarının şousunu izlədilər. Dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə “Ərgünəş” adlı Qarabağ atını hədiyyə etdi. Sonra isə dövlət başçıları Şuşa qalasının önündə şəkil çəkdirdilər. Göründüyü kimi Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Qarabağa səfəri kifayət qədər zəngin və yaddaqalandır. Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın ərəb ölkələri arasında əsas müttəfiqlərindən biri hesab olunur. Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın bu səfəri Azərbaycan-BƏƏ münasibətlərinin inkişafına böyük töhfə verəcək.
Şuşanın, Laçının, Xankəndinin xarici ölkə başçıları ilə görüş məkanına çevrilməsi və bu şəhərlərin mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi azad Qarabağımızın dirçəlişinin ən parlaq səhifələrindən birini təşkil edir. Eyni zamanda, Cəbrayıl, Füzuli, Ağdam, Kəlbəcər və digər rayonlar bu gün böyük tikinti, quruculuq meydanına çevrilməklə Qarabağ və Şərqi Zəngəzuru diqqət mərkəzinə gətirir. Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura səfərləri zamanı yeni yaşayış komplekslərinin açılışı, müxtəlif xarakterli infrastruktur layihələrin istifadəyə verilməsi, təməlqoyma mərasimlərinin keçirilməsi isə bu prosesə əlavə təkan verir. Bu cür böyük miqyasda quruculuq işlərinin görülməsində əsas məqsəd 30 il yurd həsrəti ilə yaşamış keçmiş məcburi köçkünlərin tezliklə öz doğma torpaqlarına əbədi qayıdışına nail olmaqdır. Məhz buna görə də prosesə "Böyük Qayıdış" adı verilib. Böyük Qayıdış Azərbaycan xalqının və dövlətinin gələcəyinə yön verən tarixi prosesdir.

“Böyük Qayıdış” konsepsiyasının uğurla reallaşdırılmasının bariz nümunələri artıq göz qabağındadır. Cənab Prezidentin sentyabrın 15-də Xocalı rayonunun Badara kəndinə səfəri zamanı Badara, Daşbulaq, Seyidbəyli, Şuşakənd kəndlərinin sakinləri ilə görüşündə vurğuladığı kimi, uzun illər işğal altında qalmış Qarabağ torpaqlarına qayıdan sakinlər indi yalnız doğma yurdlarına deyil, həm də müasir infrastrukturla təmin edilmiş yaşayış mühitinə qovuşurlar. Bu da onu göstərir ki, bütün bu proseslərin mərkəzində məhz insan amili dayanır. Belə ki, uzun illər çoxlu məhrumiyyətlərlə üzləşmiş, məcburi köçkün həyatı yaşamış sakinlər indi dövlət tərəfindən yaradılan hərtərəfli şərait sayəsində öz doğma torpaqlarında daimi və firavan yaşayış imkanına sahib olurlar. Tarixi ədalət bərpa olunur. Bu gün Qarabağ və Şərqi Zəngəzurda həm yeni yaşayış komplekslərinin, həm də sosial-iqtisadi infrastruktur layihələrinin (yeni yollar, hava limanları, xəstəxanalar, bağçalar, universitet və orta məktəblər, icma mərkəzləri, mədəni obyektlər və məscidlər) ərsəyə gətirilməsi bu bölgələrin dayanıqlı inkişafına təkan verməklə yanaşı, yerli iqtisadiyyatın güclənməsinə, yeni iş yerlərinin açılmasına geniş imkan yaradır.

Dövlət başçısı da çıxışında vurğuladı ki, Qarabağın və Şərqi Zəngəzurun bərpası təkcə yaşayış evləri və infrastruktur layihələri ilə məhdudlaşmır. Burada iqtisadi inkişaf, məşğulluq, sahibkarlığın stimullaşdırılması, kənd təsərrüfatının modernləşdirilməsi və investisiya layihələrinin həyata keçirilməsi istiqamətində də böyük işlər görülür. Və bütün bunlara paralel olaraq, bölgədə mədəni və dini irsin bərpası işləri aparılır, məscidlər inşa olunur, Muğam Mərkəzi və tarixi abidələr bərpa olunur, sərgilər və müsabiqələr keçirilir. Bütün bunlar da öz növbəsində bölgənin sosial dirçəlişini gücləndirir, indiki və gələcək nəsillərin tarixi-mədəni dəyərlərlə bağlılığını möhkəmləndirir.

Cənab Prezident Xocalının Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüş zamanı İkinci Qarabağ müharibəsindən öncəki illərə, işğal dönəminə ekskurs edərək həmin illərdə məcburi köçkünlərlə görüşlərində çadır şəhərciklərinin müvəqqəti olduğunu söylədiyini xatırlatdı: "Mən xatırlayıram, o vaxt işğal dövründə köçkünlərlə çoxsaylı görüşlərimdə deyirdim ki, sizin üçün dövlət şərait yaratmağa çalışır və biz bunu etmişdik. Təqribən 300 minə yaxın keçmiş köçkün dövlət tərəfindən evlərlə, mənzillərlə təmin edilmişdi. Ancaq hər dəfə çadır şəhərciyinin açılışında deyirdim ki, bu, müvəqqəti yaşayış yeridir. Qarabağ azad olunandan sonra sizin üçün Qarabağda daha gözəl şərait yaradacağıq, o da oldu".

Prezident İlham Əliyev Xocalının Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüş zamanı, həmçinin onu da vurğuladı ki, biz heç vaxt müharibə istəməmişik və Ermənistan tərəfi ilə də həmişə danışıqlar aparmışıq ki, onlar bizim torpaqlarımızı öz xoşlarıyla tərk etsinlər. Lakin çox təəssüf ki, Ermənistan rəhbərliyi bizim çağırışlarımızı düzgün dəyərləndirə bilməyib. Dövlətimizin başçısı böyük qürur hissilə bildirdi ki, 19-20 sentyabr antiterror əməliyyatı həm erməni tərəfinə, həm də onların havadarlarına, hamıya dərs oldu: "Biz heç vaxt müharibə istəməmişik və mən 17 il Ermənistan rəhbərləri ilə danışıqlar aparmışam. Onları inandırmağa çalışmışam ki, əgər siz öz xoşunuzla torpağımızdan çıxmasanız, müharibə qaçılmazdır. Amma onlar hesab edirdilər ki, bu olmayacaq. Hesab edirdilər ki, onların arxasında duran böyük dövlətlər, güclər, onlara silah verən, pul verən, siyasi dəstək verən onları hər dəfə, hər zaman qoruyacaq. Amma bizim iradəmizi düzgün hesablaya bilməmişdilər. Amma mən dəfələrlə onlara demişdim ki, öz xoşunuzla çıxın. Hətta İkinci Qarabağ müharibəsindən sonra, artıq bizim şanlı Zəfərimizdən sonra, Şuşanın azad olunmasından sonra onlara deyirdim ki, Azərbaycanda separatçılığa yer yoxdur. Gəlin, Azərbaycan qanunlarına tabe olun, gəlin, Azərbaycan vətəndaşlığını qəbul edin və burada yaşayın, sizə söz deyən olmayacaq. Yenə də bizə qarşı həm hərbi təxribatlar, həm siyasi təxribatlar, yekəxanalıq və faktiki olaraq, mənfi münasibət özünü göstərdi. Ona görə 19-20 sentyabr antiterror əməliyyatı onlara dərs oldu və hamıya dərs oldu. Cəmi bir neçə saat davam edən hərbi əməliyyat separatçıların kökünü kəsdi və onların ümid bağladıqları yerlər də səssiz qaldı. Çünki Azərbaycan Ordusu qarşısında heç kim dura bilməzdi, Azərbaycan xalqı qarşısında heç kim dura bilməzdi, ona görə ki, biz haqlıyıq. Bu gün haqlı olduğumuzu bir daha burada sübut edirik".

Prezident İlham Əliyev, həmçinin Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşündə də bu məsələyə toxunaraq bildirdi ki, biz hər zaman sülhə hazır idik, lakin qarşı tərəf isə buna hazır deyildi və torpaqlarımızı qaytarmaq istəmirdi. Ona görə də biz tarixi ədaləti hərbi güc yoluyla bərpa etməyə məcbur olduq və bütün dünyaya da sübut etdik ki, biz güclü xalqıq, iradəli xalqıq, döyüş meydanında da qələbə qazanmışıq: "Biz bütün dünyaya sübut etmişik ki, güclü xalqıq, iradəli xalqıq, döyüş meydanında da qələbə qazanmışıq, sülhə də hər zaman hazır idik. Amma sülh ədalətli sülh olmalı idi, beynəlxalq hüquq və tarixi ədalət üzərində sülh olmalı idi. Son beş ilin tarixi onu göstərdi ki, heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilmədi”.

Dövlətimizin başçısı Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüş zamanı çıxış edərkən üç il öncə elə bu günlərdə şanlı Ordumuzun bütün Qarabağda separatçılığa son qoyduğunu xatırlatdı və bildirdi ki, 2023-cü ilin 19-20 sentyabrında separatçılığın kitabı bağlandı, suverenliyimiz tam bərpa edildi: "Bütün Qarabağ artıq tam nəzarət altındadır və bildiyiniz kimi, bu ərazi iki il bundan əvvəl işğalçılardan azad edildi. Elə bu günlərdə - sentyabrın 19-20-də şanlı Ordumuz separatçılığa son qoydu. Onunla da separatçılığın kitabı bağlandı və Azərbaycan tam suverenliyini bərpa etdi. “Böyük Qayıdış” Proqramı da uğurla icra edilir. Biz təqribən iki aydan sonra tarixi Zəfərimizin beşillik yubileyini qeyd edəcəyik. Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir və şadam ki, siz artıq öz doğma dədə-baba torpağınıza gəlmisiniz, yerləşmisiniz. Sizin üçün burada şərait yaradılıb, evlər tikilib, təmir edilib. Bütün şərait var - su, qaz, elektrik, istilik, məktəb, tibb məntəqəsi, yollar. Ən önəmlisi bura doğma Qarabağ diyarıdır. Gözəl mənzərəli yerlərdir, hər tərəf dağ, meşə, bulaq, su da boldur. Yəni, burada, sadəcə olaraq, rahat yaşamaq, qurub-yaratmaq, uşaqları böyütmək, onlara yaxşı tərbiyə vermək üçün bütün şərait var. Yəni, artıq Azərbaycan xalqı bundan sonra sülh içində yaşayacaq”.

Prezident İlham Əliyevin səsləndirdiyi bu fikirlər və verdiyi mesajlar Azərbaycan xalqının gələcəyə inamını daha da artırır. Azərbaycan dövləti bir tərəfdən öz gücü, öz iqtisadi potensialı hesabına Qarabağın dirçəlişi üçün nəhəng miqyasda bərpa-quruculuq işləri aparır, digər tərəfdən isə münaqişənin arxada qalması, regionda dayanıqlı sülhün və təhlükəsizliyin bərqərar olunması üçün "yumşaq güc" siyasətini, konstruktiv danışıqlar mövqeyini davam etdirir. Dövlət başçısı haqlı olaraq qeyd etdi ki, bu gün bütün dünya Azərbaycan haqqında danışır. Çünki Azərbaycan həm mütləq, tam və ədalətli qələbə qazanan dövlətdir, həm də düşməni kapitulyasiyaya məcbur etməklə yanaşı, eyni zamanda sülhə yol açan ölkədir: "Əlbəttə ki, bütün dünya bu gün Azərbaycan haqqında danışır. Öz doğma torpağı uğrunda Azərbaycan qədər vuruşan, döyüşən, qan tökən, şəhid verən və qalib gələn ikinci ölkə yoxdur. Nə vaxtsa olar, olar, olmaz, olmaz. Qələbəmizi təmin edən xalqımızın iradəsidir, xalqımızın öz doğma torpağına olan bağlılığıdır, bizim müştərək iradəmizdir, bizim döyüşkən xasiyyətimizdir. Eyni zamanda, necə ki, döyüş meydanında düşməni məğlub etdik, onu kapitulyasiya aktını imzalamağa məcbur etdik, eyni qayda ilə sülhə də yol açdıq ki, bundan sonra heç vaxt müharibə olmasın".

Prezidentin söylədiyi kimi son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir. Və bu gün Qarabağda, Şərqi Zəngəzurda gedən quruculuq işlərinin misli-bərabəri dünyanın heç bir yerində yoxdur. Azad edilmiş torpaqlarımızda böyük inkişaf və dəyişikliklər baş verir. Qəddar erməni vandalizminə məruz qalan, tamamilə məhv edilən şəhər və kəndlərimiz indi tam olaraq yenidən qurulur. Qarabağın dirçəlişi gözlərimizin önündə baş verir, torpaqlarımıza həyat qayıdır. Onu da ayrıca olaraq qeyd etməliyik ki, bütün bu işlər heç bir xarici dəstək olmadan, sırf öz dövlətimizin iqtisadi qüdrəti və güclü iradəsi hesabına həyata keçirilir. Dövlət başçısının qeyd etdiyi kimi əsas odur ki, Azərbaycan xalqı rahat yaşasın, xoşbəxt yaşasın, sülh içində yaşasın: "Onlar şəhər və kəndlərimizi yerlə-yeksan etmişdilər, biz isə qurub-yaradırıq. Bütün Qarabağ, bütün Şərqi Zəngəzur tikinti meydançasıdır. Qısa müddət ərzində bu gözəl evlərin bərpası, tikintisi, bütün infrastrukturun yaradılması bizim gücümüzü, niyyətimizi göstərir. Əsas odur ki, bütün siyasi addımlarımızın mərkəzində Azərbaycan vətəndaşı dayanır. Siz - Azərbaycan vətəndaşları, erməni işğalından əziyyət çəkən Qarabağ bölgəsinin sakinləri bu gün ən gözəl şəraitə layiqsiniz".

Prezidentin Qarabağa budəfəki səfəri ən uzunmüddətli səfər kimi tarixdə qalacaq. Bu səfər həm də Qarabağda, Şərqi Zəngəzurda görülmüş işlərin miqyasını görmək və göstərmək baxımından olduqca əhəmiyyətlidir. Qarabağın və Şərqi Zəngəzurun bərpası Azərbaycan dövlətinin gücünü göstərir. Biz misli görünməmiş quruculuq və Böyük Qayıdış dövrünü yaşayırıq.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş