
BƏƏ-nin prezidentinin Şuşaya səfəri ikitərəfli münasibətlərdə mühüm rol oynayır. Çünki Azərbaycana hörmət edən, Qarabağda aparılan tikinti-quruculuq işlərinin gedişi ilə maraqlanan, burda dəstək olmaq istəyən dost ölkələr adətən belə səfərlərdə maraqlı olur. BƏƏ isə ərəb müsəlman dünyasının lider ölkəsi kimi İslam aləmində oynadığı rol baxımından Azərbaycanın təbliği işində mühüm yerlərdən birini tuta bilər. Qarabağda aparılan tikinti-quruculuq işlərinə dəstək, müxtəlif layihələrin həyata keçirilməsində həm başqa ölkələrin cəlb olunmasında, həm də Qarabağın Azərbaycan ərazisi kimi təbliğində də böyük rol oynayar. Azərbaycan və BƏƏ arasında iqtisadi layihələr əsasən yaşıl enerji sahəsində təcrübələrin bölüşülməsi və tətbiqi istiqamətində davam edir. Bunun Azərbaycan üçün böyük əhəmiyyəti var. Azərbaycan yaşıl enerjinin Avropaya ötürülməsi məsələsində lider ölkədir. Hesab edirəm ki, iki ölkənin siyasi arenada mövqeyinin güclənməsi Azərbaycanın mənəvi gücü olan Qarabağ torpaqlarını özünə yaxın hesab edən dost və qardaş ölkələrin belə səfərlərindən keçir. Bu baxımdan da BƏƏ-nin prezidentinin Şuşaya səfərini yüksək qiymətləndirir, buna böyük dəyər veririk.
Azər Qasımov, ƏHD Partiyasının sədrinin müşaviri