
"Xankəndidə yaşayan erməni sakini tərəfindən işlədilən cinayət sıradan bir təxribat, yaxud kriminal hadisə deyil. Bu açıq aşkar terror cəhdidir. Əldə edilən videomateriallardan da aydın olur ki, Avanesyan adlı erməni bu terror aktını həyata keçirmək üçün bir müddət hazırlıq işləri həyata keçirib. Hesab edirəm ki, bu cinayətdə əli olan digər şəxslərin də kimliyi müəyyənləşdirilib hüquqi müstəvidə lazımı tədbir görülməlidir".
Bu fikirləri Newscenter az-a "Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi" İctimai birliyinin (ATXƏM) sədri İlham İsmayılov səsləndirib. İctimai birlik sədri hesab edir ki, baş vermiş terror cəhdində xarici təsirlərin olması ehtimalı yüksəkdir:
"Azərbaycan və Ermənistan liderləri arasında Vaşinqtonda baş tutan görüş və sülh müqaviləsinin imzalanmasına doğru atılmış mühüm addım Cənubi Qafqazda marağı olan bəzi regional güclərin ürəyincə deyildi. Həmin güclər necə ki, uzun illər Qarabağ münaqişəsinin həllini istəmir, müxtəlif cəhdlərlə buna mane olmağa çalışırdılar, indi də eyni ilə Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasını müxtəlif yollarla əngəlləmək istəyirlər. Ona görə də hesab edirəm ki, Xankəndidəki terror cəhdinin arxasında həmin güclər də var".
İlham İsmayılov deyir ki, xarici təsirlər dedikdə ilk ağıla gələn Rusiya və İrandır:
"Sülh müqaviləsinin imzalanması, kommunikasiya xətlərinin açılması həm Rusiya, həm də İranı ciddi narahat edir və bunu öz maraqlarına zidd sayırlar. Çünki hər iki dövlətin Cənubi Qafqazla bağlı öz strateji maraqları var. Onlar bəzən tərəflərin davranışlarına təsir göstərmək üçün müəyyən qrupları və ya hadisələri dolayısı ilə dəstəkləyə bilərlər. Bu mənada Xankəndidə baş verən terror cəhdində də bu amil nəzərə alınmalıdır. Yəni, qonşu və ya maraqlı dövlətlər münaqişəni uzatmaq və ya öz maraqlarını qorumaq üçün gizli əməliyyatlara, terrora cəhdlərə dəstək verə bilərlər".
İlham İsmayılov bildirib ki, Xankəndidəki terror cəhdi həm də Azərbaycan və Ermənistan arasında formalaşmaqda olan etimad mühitinə zərbə vurmağa hesablanıb:
"Bu cür hallar Azərbaycanla Ermənistan arasında münasibətlərin qurulmasını çətinləşdirir, barışıq prosesinə ciddi zərbə vurur və regionda sabitliyi pozmaq riski yaradır. Sülh və dialoqun davam etməsi üçün zorakılığın tamamilə aradan qaldırılması və qarşılıqlı hörmətin bərqərar olması vacibdir".
ATXƏM sədri onu da diqqətə çatdırıb ki, məlum hadisə həm də Böyük Qayıdışa mane olmaq, bu prosesi əngəlləməyə hesablanıb:
"Zaman-zaman bu cür revanşist adamlardan istifadə ediblər və bundan sonra da istifadə etməyə çalışacaqlar. Bu cür epizodik cəhdlərin olması gözləniləndir. Ancaq belə cəhdlərlə nəyəsə nail olmaq mümkün deyil. Çünki Azərbaycan Ordusu ayıq-sayıqdır və sərhədlərimiz də qorunur. Lazım olanda "Dəmir Yumruq" da yenidən başlarına enə bilər".
Süleyman